“Allah özü icazə verib ki, kişi xəyanət etsin”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 3 635
Səs ver:
(səs: 0)
Mətbuatda Nurəddin Mehdixanlının qızı kimi tanınan aktrisa, model Kəmalə Quliyeva müsahibə verib.
Qadinlar.Biz müsahibəni xüsusi olaraq təqdim edir:

-Boşanmağınıza peşmansınız?

-Etiraf edim ki, indiki ağlım olsaydı, boşanmazdım. Səbr eləmək lazımdır. Səbr etdikcə, hər şey düzəlir, yoluna düşür. Soruşa bilərsiniz ki, həyat yoldaşınla münasibətiniz varsa, niyə barışmırsınız? Bilirsiniz, artıq azadlığa öyrənən qadın yenidən ailə qurmaq istəmir. Müsahibələrimdən birində demişdim ki, ikinci dəfə ailə qurmaq istəmirəm. Ola bilsin ki, 10 il sonra qarşıma elə bir insan çıxacaq ki, həqiqətən də məni xoşbəxt edəcək. Həmin insana ərə gedəcəyəm, azadlığımdan ona görə vaz keçəcəyəm. Balıqlar bürcüyəm, çox həssas insanam. Sevdimsə, gözümə heç nə görünmür. Amma yenidən həyat yoldaşımla birgə yaşamaram.

-Bəs o, nə deyir?

-Həyat yoldaşım indi də məni sevir. Təklif edir ki, yenidən evlənək. İnanın 8 ildir ki, subaydır. Halbuki məndən gözəl, cavan qızlar var. Keçmiş yoldaşım mənə deyir ki, təsəvvür edə bilmirəm ki, sənin yerində başqa bir qadın olacaq. Düzdür, keçmiş yoldaşım qadınpərəstdir, əksər kişilər kimi... Gecə həyatını, yüngül həyat tərzini çox sevir, məsuliyyətsizdir. İndi onun 35-36 yaşı var. İndi ailənin qədr-qiymətini anlayır. Çox peşmandır. Amma nə olsun ki, peşmandır?! Sonrakı peşmançılıq fayda vermir.

-Sizinlə söhbətdən belə qənaətə gəldim ki, xaraktercə güclü qadınsınız. Həyat yoldaşınızın xəyanətinə göz yuma bilməmisiniz. Adətən bizdə əksər qadınlar ərlərinin xəyanətinə, ailədə zorakı davranışına göz yumur, tolerantlıq edirlər...

- Çox acılar çəkmişəm. Onun xəyanətinə gözümü, qulağımı yumurdum. 5 il bu əziyyətlə yaşamışam. Bunun müqabilində ən azından mükafatım başqa olmalı idi. Mən bəlkə də xəyanətə dözərdim. Bilirsiniz niyə? Çünki istəmirdim ki, qızım da mənim kimi atasız böyüsün. Ona görə 5 il dözdüm. Hər dəfə ayrılmaq haqqında fikirləşəndə uşağıma baxırdım, düşünürdüm ki, mən atasız böyümüşəm, heç olmazsa, onun taleyi mənimki kimi olmasın. Mən atasız gəlin köçmüşəm, o da eyni aqibəti yaşamasın.

Bəlkə də indi söyləyəcəyim sözlər kişilərin xeyrinə olacaq. İslamda kişinin 4 qadını olmalıdır. Mən deyəndə ki, xəyanəti qəbul eləmərəm, bu fikri mənə xatırladırlar. Qadın xəyanətə də, döyülməyə də dözməlidir. Hətta qadın ərinin sözünə qulaq asmırsa, kişi birinci dəfə ona başa salmalıdır ki, bunu etmək olmaz! Əgər bu təsirini göstərməsə, qadından yatağını ayırmalıdır. Yəni qadını tək yatmaqla cəzalandırmalıdır. Xəyanətdən sonra hansı qadın əri ilə yatar ki? Təbii ki, özü gedəcək. Və nəhayət, qadınınızı tənbehləyin, yəni vurun. Ay sənə qurban, biz əziyyət üçün yaranmışıq da. Uşaq dünyaya gətirib, əziyyəti çəkirik. Biz xəyanətə uğrayırıq, döyülürük, söyülürük... Qadın köləlik üçün yaranıb.

-Sizcə qadın buna etiraz edə bilməz? Mütləqdir ki, dözsün?

-Biz müsəlman ölkəsi olduğumuza görə, bədbəxt qadınlarıq. Xəyanəti qəbul etməyən qadın başsız, tək-tənha qalır.

-Bunun səbəbləri çoxdur. Qadınlar öz hüquqlarını bilmirlər. Nikaha qeyri-rəsmi daxil olurlar, nikahdan irəli gələn hüquqlarını bilmirlər. Azərbaycanlı qadınlar fikirləşirlər ki, əgər mən ərimdən boşansam, çörəksiz qalacağam...

-Mənim fikrimcə, qadının boşanma qərarını verməsində onun savadı, bacarığı, qabiliyyəti də rol oynayır. Bilir ki, işləyib çörəkpulu qazanacaq. Hətta mən deyərdim ki, çörəkpulu qazanmaqdan daha çoxun öhdəsindən gələ bilər. Özünə "Galenvagen” də alar. Amma məsələnin kədərli tərəfi odur ki, yaşlananda tək qalırsan. Adına min cür söz çıxarırlar. Bəlkə də o maşını əziyyətlə, halal zəhmətinlə almısan. Bəlkə də hər ay çörək pulundan kəsib, kredit ödəyirsən.

Məncə, kişini boş buraxmaq olmaz. Təbii ki, xəyanətə də dözmək olmaz. Bununla belə, dərinə də getmək lazım deyil. Ailə gözəl şeydir. Anamla, nənəmin bir sözü var, onlar hər zaman deyirlər ki, qadının gözü kor, qulağı kar olmalıdır. Amma müasir qadınlar bunu qəbul edə bilmirlər. Hansısa qadınla xəyanət ediləndə özlüyümüzdə düşünürük ki, o qadından əskikliyim nədir? Qadın deyingən olarsa, kişinin onu boşamağa haqqı var. Qadın deyingən olmazsa, kişinin qulluğunda dayanarsa, onun yeməyini, paltarlarını qaydaya salarsa, əri evə gələndə, "Hitler sifəti” almazsa, düşünürəm, kişi ifrat dərəcədə xəyanət etməz. Allah özü icazə verib ki, kişi xəyanət etsin. Daha nə istəyirsiniz?!

-Din haqqında nə dərəcədə məlumatlısınız?

-Məlumatım çoxdur. Dini bilgisi olan insan sübut edir ki, İslamda çoxarvadlılıq var. Kişinin yaradılışı belədir ki, xəyanət etsin. Mən düşünürəm ki, hər 100 kişidən 90-ı xəyanət edir. Ona görə də gərək qadın ağıllı, kar, kor olsun. Zaman keçdikcə hər şey düzələcək. Kişi sonunda yenidən ailəsinin yanına qayıdır. Mənim qayınanamla qayınatamın arasında 25 yaş fərq var. Qayınatamın 80, qayınanamın isə 58 yaşı var. Qayınatam cavanlığında yüngül həyat tərzi yaşayıb, həyatında nataşalar olub. Qayınanam isə çox ağıllı qadındır. O mənə danışırdı ki, qayınatam dincəlməyə Moskvaya gedirmiş. Azərbaycanda dincəlməyi xoşlamırmış. Moskva "xoroşo”... Qayınanam deyir ki, hətta o qadınların adlarını da bilirmiş. Zema, Nataşa... Deyirdi ki, əri 15 gün dincəlib, gəlirdi. Qayınanam heç zaman soruşmayıb ki, haradasan, kiminləsən? Zema, Nataşa kimdir? Sonra kişi onun dizinin dibində oturub. Qayınanamın göstərdiyi səbrin nəticəsində hazırda onun ailəsi, həyat yoldaşı, uşaqlarının atası var. Düzdür, bütün bunları qəbul etmək çox çətindir.

-İkinci dəfə ailə qurmayacağınızı deyirsiniz. Nə zamansa bəlkə fikrinizdən daşındınız?

-Mənim qızımla bir evdə yad bir kişi ilə yaşamağım mümkün deyil. Tezliklə onun 10 yaşı olacaq. Çox dərrakəlidir, həyatı çox gözəl başa düşür. Ona bir dəfə ona demişəm ki, oğlanlarla danışmaq, oynamaq olmaz, ancaq qızlarla oyna. Sonra gördüm ki, hətta dayısıoğlu ilə belə oynamır. (Gülür – red.) Sonra dedim ki, qızım, o, sənin qardaşındır. Qardaşlarla oynamaq olar. Yad adam salam verib, onu öpmək istəyəndə qızım içazə vermir. Ona görə də evdə yad kişini qəbul edə bilmərəm. İnşallah, onu ərə verəndən sonra bu haqda fikirləşəcəyəm. (Gülür - red). Onu da deyim ki, qızımı tez ərə vermək fikrim var. Bəlkə ondan sonra mən də ailə quraram.

-Amma bayaq erkən nikaha girməyin əleyhinə danışırdınız.

-Bilirsiniz, qız üçün həyat xüsusilə çətindir. Analar düşünürlər ki, qızım tez ailə qurarsa, onu sığortalamış olurlar. Daha bilmirik ki, sabah ailə qurandan sonra əri necə adam olacaq. Evlilik lotoreya kimidir. İndi oğlan qızla tanış olur, yaşını soruşur. Qızın yaşı çoxdursa, ona ciddi yanaşmır ki, həyatında kimlərsə olur. Bir rəfiqəm var, mənimlə eyni, yəni 30 yaşındadır. Amma ailə həyatı qurmayıb. Onun həyatında indiyə qədər heç bir oğlanı olmayıb. Deyir ki, kiminləsə adımın çıxarmasını istəmirəm. Məni istəyən qapıma gələcək. İnanırlar? Əlbəttə ki, inanmırlar. Amma həqiqətən də yoxdur.

-Bayaq qeyd etdiniz ki, siz sanki ananızın həyatını yaşamızınız. İstəmirsiniz ki, qızınız da sizin kimi olsun, atasız böyüsün. Ümumiyyətlə, inanclı insansınız?

-Əvvəllər özümü təsəlli etmək üçün qismət, alın yazısı deyirdim. Yoldaşımla evlənməmişdən əvvəl məni nişanlamaq istəyirdilər. Həmin oğlanı sevmirdim, ağılla verilən qərar idi. Universitetin birinci kursunda oxuyurdum, o yaşa qədər sevginin nə olduğunu bilməmişəm. Universitetə daxil olan il mənə elçi gəldilər. Oğlanın valideynləri müəllim və həkim idilər. Qısası çox gözəl ailəsi var idi. Bu, Allahın mənə bir hədiyyəsi idi. Hər zaman deyirdim ki, sevgi ilə deyil, ağılla ərə gedəcəyəm. Anam məsləhəti ilə razılıq verdim. İndiki ağlım olsaydı, o oğlana ərə gedərdim. Mən kimə ərə getdim? Yeni evə köçəndə həyat yoldaşımla üz-üzə gəldik. Və mən ilk baxışda ona vuruldum...O gündən sonra gecə-gündüz onu fikirləşirdim, onun üçün darıxırdım. Baxnayaraq ki, "Həri”im verilmişdi. Ancaq onu deyim ki, anamdan dəhşətli dərəcədə qorxurdum, bilsəydi, başımı kəsərdi. O, mənim ev nömrəmi tapdı, zəng elədi. Telefona yaxın getməyə, qorxurdum, əlim-ayağım əsirdi. Keçmiş həyat yoldaşım həyətdə, ağacın arxasında dayanırdı, mən də balkona çıxıb ona baxırdım. Təbii ki, anam biləndə vəziyyət yaxşı olmadı. Sadəcə mən anama "ya məni ona ərə verirsən, ya da özümü öldürəcəcəyəm” dedim. Uşaq düşüncəsi ilə deyilən sözlər... İndiki ağlım olsaydı heç elə hərəkət edərdim?! Əsla! Özüm etdim, bu, qismət deyil.

-Deməli, qismətə inanmırsınız?

-İnanmıram. Mənə elə gəlir ki, qismət insanın öz əlindədir. Nişanlı olduğum adama ərə getsəydim, normal ailəm olacaqdı. Mənim iki seçimim vardı: Bir tərəfdə savadlı, ziyalı bir ailənin oğlu, digər tərəfdə isə savadsız, kasıb, amma sevdiyim oğlan. Ailənin ərköyün qızı olsam da, hər şeyə göz yumub, mənə onun sevgisi lazımdır deyib, ərə getdim...

-Deyəsən, qızınızı azacıq sıxırsınız?

-Qızımı anamın məni tərbiyə etdiyi kimi böyütmürəm. Düzdür, indi yazacaqlar ki, anan səni tərbiyə etməyib. Etsəydi, belə açıq-saçıq geyimlərdə şəkillər çəkdirməzdin (Gülür- red.). Anam məni dəhşətli dərəcədə sıxıb. Təsəvvür edin, universitetdə oxuyurudum, böyük qız idim, amma bununla belə, anamdan qorxurdum. Amandır, filan işi etməyim, birdən anam görər. 11-ci sinfi bitirənə qədər o, məni məktəbə aparıb-gətirib. Sinif yoldaşları ilə bayram keçirməyin nə olduğunu bilməmişəm. Ancaq son zəng günü restoranda keçirilən şənlikdə müəlliməmin təkidi ilə yarım saatdan bir az iştirak etmişəm. Universitetdə dərsdən çıxmağa yarım saat qalmış maşın qapının qarşısında dayanırdı. Halbuki mən qızlarla birgə avtobusda getmək istəyirdim. Məni cəmiyyətdən ayırırdılar. Artıq 3-cü kursda oxuyanda, gəlin idim. Aylarla çöl-bayır üzü görmürdüm. 9-cu mərtəbədə yaşayırdıq. Yoldaşım pərdələri belə bağlayırdı... Bu insan məni aşağı düşməyə qoymurdu... İki-üç dəfə onunla harasa getmişdik ki, onda küçədə neçə adamı döymüşdü. Ondan sonra dedim ki, mən səninlə heç yerə çıxmayacağam. Qayınamla çıxacağam, ondan qorxurdum. Məni 3-4 ayda bir bayıra çıxarardılar. Hamilə idim, həkim müayinə etdi. Yoldaşıma dedi ki, bətnimdəki uşaq havasızlıqdan, ürək çatışmazlığı ilə doğula bilər. Hər gün onu havada gəzdirin Bundan sonra 10-15 gündən bir düşərdi ki, həyətə... Çox qısqanc idi. Mən isə uşağımı anam kimi tərbiyə etmirəm. Artıq 8 ildir ki, azad qadınam, sərbəstəm. Düşünürəm ki, qızı nə çox boş buraxmaq, nə də çox sıxmaq lazımdır. Qız həyatı dərk etməlidir. İndiki oğlanların əksəriyyəti qızları bədbəxt edirlər. Düzdür, bizdə bir misal var ki, qızını döyməyən, dizinə döyər. Amma mən qızımı döymürəm. İnsanı döyməklə tərbiyə etmək olmaz. Bəlkə də dünyada mənim qədər çox döyülən qız uşağı olmayıb. Anam məni döydüyü qədər heç bir uşaq döyülməyib...
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 3 635
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri