Falçı və ekstrasens yanına gedənlərə bəd xəbər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 213
Səs ver:
(səs: 2)
Öz gələcəyini görmək, həyatda baş verən hadisələrin sirli məqamlarına vaqif olmaq hər kəsin arzusudur. Bu arzu insanları bəzən falçılara, ekstrasenslərə üz tutmağa vadar edir və əksəriyyəti bu yolla dələduzluq edənlərin qurbanına çevrilir.

Yayılan şayiələrə görə, falçılardan kömək uman insanlar arasında məşhur simalar, dövlət xadimləri də az deyil.

Maraqlısı odur ki, bu cür hallara qarşı nə ictimaiyyət, nə dövlət, nə də vətəndaş cəmiyyəti reaksiya verir. Vəziyyət o həddə çatıb ki, internet üzərindən onlayn xidmət göstərən falçılar da var. İnsanları aldadıb, pulunu mənimsəmək üçün texnologiyanın son imkanlarından yararlananlar, "Skype”, "Facebook” və digər sosial şəbəkələrdə fala baxanlar da var.

Ehtimal var ki, bu hal kütləviləşə və daha geniş falçı kütləsini əhatə edə bilər.

Ancaq hələlik nə Milli Məclisdə, nə də mətbuatda bu haqda söhbətlər belə, getmir.

Yazıçı-publisist Həmid Herisçinin sözlərinə görə, teleaparıcı İlham Mirzəyevin simasında ölkə rəhbərliyi ekstrasens və falçılığa son qoymaq qərarına gəlib: "İlham Mirzəyevin məhkəmə prosesinin nəticəsi həm də hökumətin falçılar, ekstrasenslərlə bağlı verəcəyi qərarı müəyyənləşdirəcək. Əslində, bütün toy və yas islahatlarının kökü falçıların fəaliyyətinə son qoymaqdan başlayır. Məndə olan məlumatlara görə, təkcə İlham Mirzəyev yox, başqa ekstrasenslər də təqib olunur. Proses gedir. İlham Mirzəyev vaxtilə mənim həmkarım olub, onun haqqında pis danışmaq istəməzdim. Ancaq görünür, artıq cəmiyyətə bunlar lazım deyil və yığışdırılmalıdır”.

"Gerçək ekstrasenslər də var, ancaq…”

Həmid Herisçinin fikrincə, həqiqi ekstrasenslər də var: "Ancaq həqiqi öngörücülər üzə çıxmazlar, alver eləməzlər, onlara verilmiş ilahi vergini itirməkdən qorxurlar. Ortada olanlar isə daha çox dələduzlardır. Əsl ekstrasenslər gizli qalmağı sevərlər. Çalışarlar ki, onlar haqqında heç kim, heç nə bilməsin. Hökumət də əsl ekstrasensləri efirə buraxmır, onların sənədləri alınır, onlar üçün xüsusi bioqrafiya düşünülür, cəmiyyətdən gizlədilir və yalnız qapalı bir şəraitdə hökumətin, dövlət başçılarının, bəzi qurumların xüsusi tapşırıqlarını yerinə yetirirlər. Efirlərdə olan falçılar isə yalnız göz aldatmağa xidmət edir”.

"İlham Mirzəyevin yanına çox adam gedəcək”

Hökumətin falçılara qarşı mübarizə aparmalı olduğunu bildirən millət vəkili Zahid Orucun sözlərinə görə, daha çox televiziyaların efirindəki biabırçılıqlar yığışdırılmalıdır: "Mədəni inqilab ehtiyacı cəmiyyətin özündən gəlməlidir və hökumətin də borcudur ki, o çağırışlara cavab versin. Tarixboyu insanlar gələcəyi görmək ümidi ilə falçıların qurbanına çevriliblər. Təkcə Azərbaycanda deyil, xristian, yəhudi cəmiyyətlərində də ekstrasenslər var. Hökumət bu məsələdə ən azı şəxslər səviyyəsində mübarizə aparmalıdır. Falçılara qarşı mübarizə çox çətin tənzimlənən bir məsələdir. Ancaq ən azı bunun televiziyalar vasitəsilə təbliğ edilməsini qadağan edə bilərlər. Cəhalət üzərində öz biznesini quran adamlar hər cür cəzaya layiqdirlər. Bölgələrdə "falçıların bazarı” daha çox inkişaf edib. Onlara inanacaq qədər sadəlövh insanlar çoxdur. Mənim bu məsələdə mövqeyim kəskindir”.

İlham Mirzəyevin həbsinə münasibət bildirən millət vəkili bildirdi ki, əgər o insanlar öz gələcəklərini görməkdə acizdirlərsə, başqalarının problemini necə həll edə bilərlər: "Daha çox həyatda uğursuz olan insanlar, fiziki, psixoloji çatışmazlığı olanlar, ruhi xəstələr özlərini ekstrasens kimi qələmə verib, insanların avamlığından istifadə edirlər. İlham Mirzəyevin yanına gedəcək çoxlu insanlar var və onların əksəriyyəti də ekranlardadır. Hüquq-mühafizə orqanları onlara qarşı əməliyyat keçirməlidir”.

"İslamda falçılıq şeytan əməlidir”

İlahiyyatçı Elşən Mustafaoğlunun sözlərinə görə, İslam dini falçılığa qarşı qəti mövqe nümayiş etdirir və onu şeytan əməli kimi səciyyələndirir: "Məlumdur ki, falçılıq qədim dövrlərdən mövcud olub və elə Həzrəti Məhəmməd peyğəmbərin (s) dövründə də fal oxları atıb, fala baxır, fal əsasında insanların taleyi ilə bağlı cəfəng iddialar irəli sürürmüşlər. Həzrəti Peyğəmbər (s) bu kimi hallara qarşı mübarizə aparır və insanları falçılardan uzaq olmağa çağırır. Maidə surəsinin 90-cı ayəsində bu haqda buyurulur: "Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!"

Beləliklə, İslam dini nə elmi, nə də dini əsası olan falçılığı qətiyyətlə rədd edir. Bu, insanların taleyi ilə oynamaq, insanları psixoloji cəhətdən özündən asılı etmək, bu asılılıq bahasına şəxsi mənfəət eldə etmək məqsədi daşıyan dələduzluqdur.

İnsanlar həyata rasional yanaşmalı, elmi və dini əsası olmayan falçılıq kimi çirkin işdən uzaq olmalıdırlar. İnsanlar əminliklə bilməlidirlər ki, Allah hər kəsə iradə azadlığı, seçim imkanları verib və taleyimizin necə olması bizim bu gün hansı addımı atacağımızdan asılıdır, falçıların verdiyi proqnozlardan yox... Həyata doğru-düzgün baxışla yanaşıb, həm rasional, həm də mənəvi cəhətdən düzgün addımlar atsaq, gələcəyimiz mütləq xoşbəxt olar.

Heç bir falçı insanın gələcəyini təyin edə, ona bu işdə yardımçı ola bilməz. İnsanın gələcəyi onun özündən, ətrafdakı obyektiv amillərdən və ümumilikdə, Allahdan asılıdır. İnsanın həyatında falçıya yer yoxdur! Falçıların öz həyatlarına bir baxın - onlar nəyəsə qadir olsaydılar, öz həyatları üçün bir gün ağlayardılar. Ümumiyyətlə, qeyd edim ki, falçılıq bir xurafatdır, mövhumatdır. Həqiqi İslam isə hər cür xurafat və mövhumatı rədd edir və ona qarşı mübarizə aparır”.
Bütün bu deyilənlər göstərir ki, hökumətin islahatlar dalğası falçı və ekstrasenslərə də gəlib çatacaq. Yəqin ki, özünü öngörücü kimi təqdim edənlər öz gələcəklərini də öncədən görüb, dələduzluq əməllərinə son qoyarlar. Əks halda "plovun altında toyuğu görməyən” falçıları da onların hazırda həbsdə olan həmkarları İlham Mirzəyevin taleyi gözləyə bilər.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 4 213
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri