Ər axtaranlar, cadu etdirənlər və arıqlayanlar - foto

Müəllif: Antikvar
Şərhlər: 0
Baxılıb: 3 371
Səs ver:
(səs: 0)
Bu həftədən etibarən şou-biznes və mədəniyyət aləmində baş verən ən maraqlı hadisələrin xülasəsini təqdim edəcəyəm. Kimə xoş olacaq, kimə yox, onu deyə bilmərəm
Başlayaq Aygün Kazımovadan…

Azərbaycan estradasının divası – sözün açığı, hələ də "diva” nə deməkdir, bilmirəm – nişanlandı. Subaylar üçün olsun, sağ əli ömründə bircə dəfə ərə getməmiş həmkarlarının başına. İnşallah, tezliklə, xınayaxdı, ardınca da toy xəbərini gözləyirik. Hərçənd, toy heç baş tutmaya da bilər. Çünki Nura Suri sosial şəbəkələrin birində yazıb ki, Aygünün əl-ələ tutub şəkil çəkdirdiyi oğlan onun rəfiqəsinin əridir. Adı da Fikrət deyil, İmzardır. İmzarda fərasətə bax ha. Deyilənlərə görə, gəlinlik paltarı da hazır imiş. Hətta "anam-bacım qız gəlin”i deyəcək adam güclü məşqlər edirmiş. Amma nə etmək olar? Bu, həyatdır. Gözləmədiyin halda İmzar – Fikrət olur, Fikrət – Şövkət… Aygün xanım, siz əsla ruhdan düşməyin, belə şeylərə fikir verməyin. İnşallah, qarşınıza halal süd əmmiş biri çıxar, ailə qurarsınız. Dünyanın axırıdır məgər? O boyda Alla Puqaçova 60 yaşında 25 yaşlı Maksim Qalkinə ərə getdi. "Tak çto”, fikir eləməyin, qız oturar, baxt gətirər… Bu arada Nura Surini şiddətlə qınayıram. Nura xanım, siz üç dəfə ailəli olmusunuz yanılmıramsa və yaşca Aygün xanımdan balacasınız. Aygün xanım cəmi bir dəfə rəsmən ərdə olub. Belə paxıllığı sizdən gözləməzdim. Burada deyiblər e, qonşu qonşu olsa…
 
Paxıllıqdan söz düşmüşkən, prodüser Təranə Səmədova da Rəqsanənin on il əvvəlki sirlərini açıb qoyub ortaya. 
Sitat:

"O vaxt Rəqsanə İsmayılova ilə birlikdə çalışırdım. Tolik Rəqsanəyə dedi ki, Röya kimi soyun, məşhurlaş. Rəqsanə də soyundu, fotolar çəkdirdi, bir dərginin üz qabığına çıxdı. Onun açıq-saçıqlığı qəbul edildi. Çünki o ərəfələr tamaşaçı bunu istəyirdi. İndi çoxları Tolikin on il əvvəlki layihəsini edib, onun yolu ilə getməyə çalışsa da, alınmır. Çünki hazırda tamaşaçılar üçün maraqlı olan soyunmaq yox, sənət nümayiş etdirməkdir".
 
Deməli, Rəqsanənin bu yola düşməyinin, yəni məşhurlaşmağının səbəbkarı Röyaymış. Tolik də bu vəziyyətdə topa güllə qoyan qismində iştirak edib. Eehh Tolik, Tolik…
 
İndicə saytlarda oxuyuram ki, gənc müğənni Ayan Babakişiyeva haradasa "ayaq şousu” göstərib. Ayaq şousu e…Burada deyiblər e, sənin oyunuuz olsun, Mırtız məllim...Səbirli olun, irəliləyən sətirlərdə Babakişiyeva haqda daha bir xəbərim var…
 
Xalq artisti İlhamə Quliyevanı bərk əsəbiləşdiriblər. Kim? Əlbəttə ki, şou-biznes əhli. Gedib Dubayda, "Kitay”da vəzifə sahiblərinə, yaxşı oğlanlara cadu-piti elətdirirmişlər. Primadonna da bundan xəbər tutub, minib ağ atına, başlayıb meydan sulamağa:

”Bizim şou-biznesdə bir mafiya yaradılıb. Bu insanlar gedirlər Dubaya, oradan da bir adaya. Orada bizim vəzifəli, pullu şəxslərə, hörmətli oğullarımıza cadu etdirirlər. Məqsəd onların pullarını ələ keçirməkdir. Mən buradan onlara xəbərdarlıq edirəm, yığışdırın özünüzü! Yoxsa sizi hər yerdə biabır edərəm. Mənim əlimdə faktlarım var. Yenə də deyirəm, özünüzü yığışdırın! Dəfələrlə mənim ölümüm üçün cadu ediblər. Amma gördüyünüz kimi, mən hələ də sağam. Məni Allah yaradıb, o da istədiyi zaman canımı alacaq!".
 
Sənət aləmində "ağır otur, batman gəl” prinsipinə sadiq qalan tək-tük müğənnilərdən biri İzzət Bağırov da atəşkəsi "kraska söhbəti”ylə pozub. Bağırov deyib ki, 38 yaşım olsa da, yaşıma görə gənc görünürəm, başqaları kimi həftədə iki dəfə saçıma rəng qoymuram. Doğrudan e, həftədə iki dəfə saça rəng qoydurmağa pul çatdırmaq olar? Sonra da yazıqları qınayırıq ki, pulsuzluqdan gileylənirlər. Hamısı "kraska”ya gedir də. Saç ustaları da qəsdən rəngi başdansovdu vururlar ki, müştəri tez-tez gəlsin.
 
Söz verdiyim kimi, Ayan Babakişiyevadan daha bir xəbərimiz var.
  
Gənc ifaçı ərə getmək istəyir. Dilindən eşitməmişəm. Amma saytlar belə yazırlar. Müğənni özü isə deyib ki,  gözləri parıldayır. Kiminsə dərdindən öldüyü üçün yox, qızı Selena üçün.
 
Bəh-bəh, gəldik çıxdıq yazının ən dadlı-duzlu yerinə. Ötən həftə Təranə Qumralın ad günü olub. Sənətçi ad gününü xüsusi qeyd etməsə də, nəyi var bomba açıqlamalar verib. Sənətçi deyib ki, istədiyi hər şeyə - evə, maşına, bağa sahib olub, onun üçün əlçatmaz heç nə yoxdur. Bu yaşda nənə olmaq, arzuladığın hər şeyi əldə etmək qədər gözəl heç nə ola bilməz:

"İllərdir ailəmi qoruyuram. Başıma o qədər iş gəldi, amma mən möhkəm oldum, ailəmin dağılmasına imkan vermədim. İndi gənclər bu gün evlənir, 1 aydan sonra boşanırlar. Mənim qızlarım belə hallardan uzaqdırlar. Ən böyük hədiyyə də budur. Bu günlərdə nəvəm oldu. Ona çoxlu hədiyyələr aldım. Amma onların nə olduğunu deməyəcəm. Ümumiyyətlə, düşünürəm ki, hədiyyə barədə danışmaq görməmişlikdir”.
 
Gəlin, əvvəldən başlayaq. Axı özünüzdən danışırdınız, "priçom tut” qızlarınız? Orası düzdür, indiki gənclər bir aydan sonra boşanırlar. Tam haqlıdır burada Təranə xanım. Öz aramızdır, boşanırlar da, nələrisə efirə çıxarıb toy qiyməti qaldırmırlar ki. Amma doğrudan da, Musa müəllimə halal olsun. O vaxt efirdə dediklərinə qulaq asanda tüklərim biz-biz oldu. Dedi ki, Təranəni nəinki gəlib kiminləsə tutsam, hətta elə bir şey hiss eləsəm, həyat yoldaşımın başını bıçağın arxasıyla kəsərəm. Texnika budur e. Yoxsa götürüb "lom-lapatka”yla arvadlarını öldürürlər. Oğul ona deyərəm ki, bıçağın arxasıyla baş kəssin. Bunun üçün, birincisi, səbirli olmaq lazımdır. Çünki bu, yetərincə vaxt aparan işdir. İkincisi, həddən artıq fiziki gücə sahib olmalısan. Elə bilirsiniz, bıçağın arxasıyla baş kəsmək asan işdir? Şəxsən mən o texnologiya ilə broyler toyuq başı da kəsə bilmərəm. O ki qaldı Təranə Qumral kimi totuş-motuş xanım ola. Üçüncüsü də, nə qədər hikkəli olmalısan ki, keçmiş tərəf müqabilinə əziyyət verə-verə öldürəsən. Sonra da Cabbar Musayev deyir ki, ay belə, ay elə...
 
Boooy, bu nədi belə? Aygün Kazımovanın yarıçılpaq fotosu yayılıb? Təzə gəlinə qarşı kimdir bu təxribatı törədən? Aaa, özü yayıbmış. Amma diva babat arıqlayıb. Sağ əli "Toppuş bacı”nın başına.
 
Şübhəsiz ki, həftənin ən qanqaraldıcı olayı  astroloq, baxıcı, teleaparıcı, fəlsəfə doktoru (digər titullarını unutdumsa, üzrlü sayın) İlham Mirzəyevə 4 il 6 ay həbs cəzasının verilməsidi. Allah qapısını açsın.
 

 

 


(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 371
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri