2014 şou əhli üçün necə keçdi?

Müəllif: Menim balam
Şərhlər: 10
Baxılıb: 2 114
Səs ver:
(səs: 3)
At ilindən razı qalan şou-biznes nümayəndələri Keçi ilinə də böyük ümidlər və planlarla qədəm qoyurlar

2014-cü ili kimisi xoş, kimisi də arzuolunmaz xatirələrlə yola salır. Hər kəs yeni ilə böyük ümidlər bəsləyir, ötən ildə həyata keçməyən arzularının 2015-ci ildə gerçəkləşməsini diləyir.

Biz də geridə qoyduğumuz 2014-cü ilin sonunda şou əhlinə sual verdik, onlar üçün ilin necə keçdiyini xəbər aldıq. Köhnə ili yola salan sənət əhlindən yeni ildəki planlarını da soruşduq. Öyrəndik ki, 2015-ci ildə xalq və əməkdar artistlərimiz solo-konsert proqramlarına hazırlaşırlar.

"Yaşın nə fərqi var ki?”-nin davamı gəlir

Azərbaycanın və Dağıstanın xalq artisti, "Şöhrət” ordenli İlhamə Quliyeva 2014-cü ilin onun üçün çox uğurlu illərdən biri olduğunu qeyd etdi. Onun üçün hər şeydən önəmli can sağlığıdır ki, bu gün də o özünü çox gümrah və sağlam hiss edir: "Hər kəsə məlum olduğu kimi, 2014-cü ildə böyük layihələr üzərində işlədim. Bu il bir an belə olsun boş dayanmadım. 2014-cü ildə böyük bir layihəyə imza atdım. Belə ki, əsgərlərimiz və generallarımız üçün Şəmkirdə iki saat yarımlıq canlı konsert verdim. Əslində, bu böyük bir hadisədir. Bu konserti dəfələrlə dövlət televiziyası nümayiş etdirdi. Mən adətən xırda işlər deyil, böyük layihələr üzərində işləyirəm. Heç zaman xırda işlərlə baş qarışdırmıram. Əsgərlərə verdiyim konsert layihəsindən bir klip də hazırlamışam”.

Səhnəmizin primadonnası gənc ifaçı ilə yeni çəkdirdiyi klipindən də ağız dolusu danışdı: "Digər bir klip də hazırlatdırmışam ki, o da qeyri-adi bir üslubda çəkilib. Klipi Rusiyanın Moskva şəhərində Ostankino komandası çəkib. Çox yüksək səviyyəli klip alınıb. Klipdəki tərəf-müqabilim Nuri Sərinləndiricidir. Biz onunla birlikdə "Sevgi nağılı” adlanan klip çəkdirdik. Bu əsər mənim illərdir gündəmdən düşməyən "Yaşın nə fərqi var ki?” mahnımın davamıdır. Çəkdiyimiz klipdə də yaş fərqi var. Mən çox az hallarda klip çəkdirirəm. Amma buna baxmayaraq, çox səviyyəli, tamaşaçıların unuda bilməyəcəyi klip çəkdirirəm. Heç zaman klip, albom həvəskarı olmamışam. Çünki mən sənətə bunlarla gəlməmişəm. Mən sənətə öz ifamla gəlmişəm. Yeni il gününə gəlincə isə, həmin günü bütün ailəmlə birlikdə Antalyada yeddi ulduzlu oteldə qeyd edəcəyik. Bu mənə dostlarımdan hədiyyədir. İstirahətdən döndükdən sonra iş başına keçəcəm”.

2015-ci il planlarından danışan İlhamə Quliyeva apreldə Heydər Əliyev Sarayında hesabat xarakterli solo-konsert verməyi düşünür. O, 2015-ci ildə həyatının hər bir günündən, saatından, hətta saniyəsindən belə xoşbəxtlik gözləyir: "Allahdan özümə yalnız can sağlığı diləyirəm. Canım sağ olsa, çox işlər görərəm. Yeni ildə cəbhə bölgələrinə gedib konsert vermək istəyirəm. Bu ildə bir-birindən maraqlı yeni əsərlər təqdim edəcəm. Gələn il torpaqlarımız geri qayıdacaq, buna əminəm. Mən bütün dünyada yaşayan azərbaycanlılarımızı təbrik edirəm, hər birinə bol-bol uğurlar arzulayıram. 2015-ci ildə ilk Avropa Oyunları Azərbaycanda keçiriləcək. Səbirsizliklə o günləri gözləyirik”.

2014-cü il ömrümə qızıl hərflərlə yazıldı

Əməkdar artist Aybəniz Haşımova 2014-cü ilin onun üçün unudulmaz olduğunu qeyd etdi. Geridə qoyduğumuz bu il onun ən uğurlu illərindən biri olaraq tarixə düşüb: "Yola saldığımız bu il mənim ömrümə qızıl hərflərlə yazıldı. Yaradıcılığımda bir çox yeni əsərlər ifa etdim, onlar mənə xeyli uğur gətirdi. Övladım Aynişan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini qırmızı diplomla bitirib, Türkiyədə tanınan Baxçaşəhər Universitetində magistraturaya qəbul oldu. Ümid edirəm ki, 2015-ci il də bizə uğur gətirəcək. Arzu edirəm ki, bu il ana olmaq istəyən xanımlarımız öz arzularına çatsınlar. Bütün analara övladlarının xoş gününü görməyi arzulayıram. Dünyada ən gözəl, xoş arzuları Azərbaycan xalqına arzulayıram”.

A.Haşımova gələcək planlarından da danışdı: "Üzümüzə gələn ildə solo-konsertimi hazırlayıram. Çox istəyirəm ki, bu arzum həyata keçsin. Bu konsertdə tələbələrim də yanımda olacaqlar. Tələbələrim yaradıcılığımın ayrılmaz hissəsidir. Onlar mənim sənətimin ayrılmaz budaqlarıdır”.

İlə uğursuz deməzlər

Əməkdar artist Baloğlan Əşrəfov bizimlə söhbətində sonuncu dəfə maraqsız il keçirdiyini xatırlamadığını bildirdi: "Mən heç zaman illəri uğursuz saymamışam. Xəstəxanaya düşdüyüm, vəziyyətimin pisləşdiyi illərdə belə tez sağalıb öz sağlamlığıma qovuşmuşam. Mənə görə, uğursuz il yoxdur. Biz sənətçiləri yalnız tamaşaçıların sevgisi ayaqda tutur. Hər il olduğu kimi, 2014-cü ildə də hər şey öz qaydasında getdi. Ancaq 2014-cü il uzun müddət mənim yaddaşımdan silinməyəcək. Yola saldığımız bu ildə bir sıra mahnılar yazdırdım. Üzümüzə gələn ildə daha gözəl mahnılar yazdırmağı düşünürəm. Allahın köməkliyi ilə 2015-ci ildə konsert proqramı ilə çıxış etməyi düşünürəm. Yeni ildə hər kəsə həyatda ən şirin nemət olan cansağlığı arzulayıram. Həmrəylik günündə hər kəsi həmrəy olmağa səsləyirəm”.

"Arzu ilə yaşayıram”

Xalq artisti Gülyanaq Məmmədova bizimlə söhbətində 2014-cü ilin yaddaşında gözəl xatirələrlə qaldığını dilə gətirdi: "2014-cü il mənə hərtərəfli uğur gətirdi. Ümumiyyətlə, mən naşükür insan deyiləm. İfaçı hər il böyük uğur qazana bilməz. Biz hansısı bir arzu ilə yaşayırıq. Ancaq Allah nə verirsə, bununla da qane oluruq. Buna da şükür olsun deməyi bacarmaq lazımdır. Əgər bir ili sağ-salamat başa vururuqsa, demək ki, o, bizim üçün uğurlu ildir. Bir az da ruzi-bərəkət olsa, hər şey qaydasında olacaq. 2015-ci ildən çox şey gözləyirəm”.

2015-ci il fevralın 4-də "Leyli və Məcnun” operasının premyerasına hazırlaşan xalq artisti çox həyəcanlı olduğunu bildirdi: "2015-ci ildə tələbələrimizlə konsert verməyi düşünürük. Üzümüzə gələn yeni ildə xalqımıza ən ümdə arzu olan cansağlığı, ruzi-bərəkət və əmin-amanlıq arzulayıram. Kimin nə arzusu varsa, 2015-ci ildə həyata keçsin. Bir-birimizlə mehriban olaq, qəlbimizi qırmayaq. Çox istəyərdim ki, artıq müharibə rejimindən çıxaq. Bütün dünyada əmin-amanlıq olsun. Müharibələr dayandırılsın. Axı həlak olanlar insan övladıdır. Allah bizi təbii fəlakətlərdən də qorusun”.

Müğənni Roza Zərgərli də yola saldığımız at ilindən çox razı qaldığını bildirdi. Bu ildə ifaçı bir sıra uğurlu layihələrə imza ataraq yaradıcılığında irəliləyişlər edib: "2014-cü il mənim üçün çox bərəkətli, uğurlu il oldu. Bu ildə bir sıra yeni layihələrə imza atdım. Yeni ildə özümə güclü layihələr, sənət uğurları arzulayıram. Hər kəsin bayramını təbrik edir, onlara mehriban olmağı arzulayıram”.

R.Zərgərli il ərzində incəsənət nümayəndələrinə göstərdiyi diqqətə görə "Kaspi” qəzetinin kollektivinə də minnətdarlığını bildirdi: " Nə yaxşı ki varsınız”.

"Konsertə hazırlaşıram”

İfaçı Əlikram Bayramov bizimlə söhbətində 2014-cü ili hər zaman xoş xatirələrlə xatırlayacağını qeyd etdi: "Dekabrın 24-də Emin Sabitoğlunun yazdığı "Durna qatarı” mahnısı ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Heydər Əliyev Sarayında "Qızıl açar” mükafatına layiq görüldüm. O günü heç zaman unutmayacam. Geridə qoyduğumuz bu ildə iki klip çəkdirdim. Bu il mənim üçün çox uğurlu oldu. Ümumiyyətlə, hər gələn il özü ilə bərabər uğur gətirir. Bir çox regionlarda konsertlərdə iştirak etdim. 2014-cü il mənim üçün ən maraqlı illərdən biri oldu”.

Ə.Bayramov 2015-ci ildən gözləntilərinin olduğunu da dilə gətirdi: "Üzümüzə gələn yeni ildə Heydər Əliyev Sarayında "Durna qatarı” adlanan konsertimə hazırlaşıram. Artıq məşqlərə başlamışıq. Hazırda yeni mahnılar üzərində işləyirəm. Belə ki, Emin Sabitoğlunun "Sevənlərə nəğmə deyək” mahnısını hazırlayıram. İl ərzində bizim yaradıcılığımızı izlədiyiniz üçün "Kaspi” qəzetinə də öz təşəkkürümü bildirirəm”.

"Mənim üçün uğursuz il oldu”

Müğənni İbrahim Borçalı isə başqalarından fərqli olaraq, 2014-cü ilin onun yaddaşında elə də uğurlu il kimi qalmadığını bildirdi: "Yaradıcılığımda bir sıra uğurlar olsa da, özəl həyatım üçün heç də uğurlu keçmədi. Biznesimlə əlaqədar olaraq bu il çox uğursuz oldu. Bu il Cahangir Cahangirovun "Yenilməz batalyon” mahnısını aranjman etdim. "Gün keçdi” filmindən Emin Sabitoğlunun mahnısını aranjman etdim. 2014-cü ildə tarixi mahnılara daha çox üstünlük verdim. Ümid edirəm ki, qarşıdan gələn Keçi ilində ruzi-bərəkətimiz daha da artacaq. At ili mənim üçün düşərli olmadı, ümid edirəm ki, Keçi ili düşərli olar. Hər kəsə bu ildə cansağlığı, ruzi-bərəkət arzu edirəm. Allah heç kimi əlini cibinə salanda naümid geri qaytarmasın”.
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 2 114
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri