Onu 7-8 il azadlıqdan məhrumetmə cəzası gözləyir
Qubada məktəbli qız qaçırılıb. Valideynlərinin şikayəti əsasında müvafiq tədbirlər görülüb. Keçirilən əməliyyat zamanı məktəbli yarımtikilidə aşkarlanıb.
Ali məktəbə hazırlaşan 11-ci sinif şagirdi hazırlıqdan qayıdarkən Qubanın Hacıhüseynli kənd sakini, 27 yaşlı Zaur Misirxanov tərəfindən hücuma məruz qalıb. Həmin şəxs məktəbli qızın ağzını bağlayaraq qaçırıb və yaxınlıqdakı yarımtikilidə qolu bağlı halda düz 6 saat saxlayıb.
Ailənin yerli polisə məlumatından dərhal sonra Quba Polis Şöbəsinin əməliyyatçıları məktəblini həmin yerdən xilas edərək təhvil veriblər. Zaur Misirxanov isə saxlanılaraq şöbəyə gətirilib.
Saxlanılan şəxs Zaur Misirxanov: "Qız məni istəmir deyə onu qaçırmışam”.
Quba Polis Şöbəsinin istintaq bölməsində Zaur Misirxanov barəsində adam oğurluğu maddəsilə cinayət işi açılıb. Məktəbli qızı qaçırdığına görə onu 7-8 il azadlıqdan məhrumetmə cəzası gözləyir.