"Elzanı parodiya edəndə ayaqqabısının biri göy, biri qırmızı idi.
Gəldi və bizə dedi ki, mən elə geyinməmişəm. Bizim də əlimizdə videolar
var idi ki, o, Elza xanımın həmin geyimdə olmağını sübut edirdi”.
"Bu şəhərdə”nin prodüsseri Müşfiq Abbasov əməkdar artist Elza
Seyidcahanın parodiya olunduğu üçün məhkəməyə müraciət edəcəyi və 100
min təzminat istəyəcəyi ilə bağlı açıqlamasını şərh edərkən deyib. Onun
sözlərinə görə, Elza Seyidcahana həqiqəti isbat edə biliblər:
"O zaman da biz Elza xanıma həqiqəti sübut etdik, videoları göstərdik və
söhbət bağlandı. O ki qaldı hazırkı iddiasına və məhkəmədə bizdən 100
min manat təzminat istəyəcəyi ilə bağlı açıqlamasına, məsləhət görərdim
ki, o, təzminatı manatla yox, avro ilə istəsin. Çünki hazırda avronun
kursu daha yüksəkdir və avro daha çox moddadır”.
M.Abbasov həmçinin xatırladıb ki, Elza xanımın şair olaraq məşhurlaşması
və kitablarının satılması "Bu şəhərdə”nin sayəsində olub:
"Elza xanım şair kimi bizim sayəmizdə məşhurlaşıb və şeir kitabları
satılıb. İndi hesablasaq, məlum olacaq ki, Elza xanımın bizə daha çox
borcu var”.
Müşfiq Abbasov Elza Seyidcahanın məhkəmə iddiasını "Bu şəhərdə”nin
martın 5-dən başlayaraq 11-nə qədər davam edəcək konsert proqramından
sonraya saxlamasına da münasibət bildirib:
"Elza xanım bu çəkişməni ona görə konsertdən sonraya saxlayır ki,
məhkəmədə deyəcək şikayəti çox olsun. Çünki bilir ki, bu konsetimizdə də
onu parodiya edəcəyik. Bütün hallarda isə onunla məhkəmədə görüşə
hazırıq”.
Xatırladaq ki, Elza Seyidcahan "Bu şəhərdə”ni məhkəməyə verəcəyini
açıqlayıb. Əməkdar artistin sözlərinə görə, təkidli etirazlarına
baxmayaraq, "Bu şəhərdə” onu yenə də parodiya edib:
"Bir neçə dəfə xəbərdarlıq göndərdim ki, məni parodiya etməyin. Sözümə
qulaq asmadılar. İndi şeirlərimi ələ salıblar. Onlarla məhkəmədə
görüşəcəm. Hazırda başları konsertə qarışıb. Qanlarını qaraltmaq
istəmirəm. Tamaşanı versinlər, pullarını qazansınlar, ərizəmi yazıb,
məhkəməyə təqdim edəcəm. Onlara hörmətim var, amma buna son qoymalıyam.
Azərbaycanın ən varlı aktyorları Rəfael İsgəndərov və Coşqun Rəhimovdur.
Buna görə də onlardan yüz min istəyəcəm. Neçə ildir konsert verir, bu
qədər qazanırlar. Onların tamaşasında Heydər Əliyev Sarayında boş yer
qalmır”.
E.Seyidcahan onlardan alacağı pulu hara xərcləyəcəyini də açıqlayıb:
"Yeni bir layihəm var, pulu ona sərf edəcəm. Həmin layihədə Coşqunla
Rəfaelin özü də olacaq. Bir tamaşa quracam, deyəcəm gəlin mənimlə eyni
səhnəni paylaşın. Orada onlar özlərini yamsılayacaqlar. Məhkəmə ərizəmdə
bunu da istəyəcəm”.