Vüsalə: "Kimlərisə itirdiyimə, nələrisə itirdiyimə görə Allahıma minnətdaram" - müsahibə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 2 851
Səs ver:
(səs: 3)
Teleaparıcı Vüsalə Əlizadənin müsahibəsini təqdim edirik.

- Vüsalə xanım, bir neçə günə ad gününüzdür. Özəl gününüzü adətən necə qeyd edirsiz?
- Ad günümü həyatımın özəl bir günü kimi qeyd edirəm. Təbii ki, uşaqlıqda bu daha maraqlı idi. Ad günüm yay ayına təsadüf etdiyi üçün bütün ailə və dostlarımla Buzovnada bağ evində qeyd edirdik. İlk dəfə 20 yaşımda hiss etdim ki, ad günümdür və qəfildən ağladım. Çünki böyümək istəmirdim, uşaq qalmaq istəyirdim. Bu hadisə heç vaxt mənim yadımdan çıxmaz. Bir neçə il ad günümü qeyd etmədim, bu il isə qeyd edəcəyəm.

- Builki ad gününüzə necə hazırlaşmısız? Özəl gününüzə kimlər dəvətlidir?
- Mənim ad günlərim həmişə çal-çağırlı və gözəl keçib. İndi də həmkarlarımı ad günümə dəvət edəndə razılıq edirlər. Bu gün ildə bir dəfə olduğu üçün istəmişəm ki, maraqlı olsun. Əgər gələn qonaqlar məni sayıb gəlirlərsə, onlara xüsusi hörmət olmalıdır. Özüm də dost-tanışlarımın ad günlərindən qalmıram. Bəzən də şahidi oluram ki, qonaqlar narazı gedirlər. Ya yeməklər yaxşı olmayıb, ya da qarşılanma. Məndə heç vaxt bu cür hallar olmayıb. Gələn qonaqların qulluğunda durmaq mənim üçün çox önəmlidir.

- Ad gününüzün bir sürprizini demək istəyirəm. Yəqin ki, etiraz etməzsiz.
- Buyurun, deyin. Söz verirəm, əgər düzgündürsə, təsdiqləyəcəyəm (gülür).

- Eşitdiyimə görə, gələn qonaqlar hamısı ağ libasda olacaqlar.
- Bəli, düz eşitmisiz. Yəqin, mənə yaxın olan insanlardan kimsə sizə deyib. Hamı kimi olmaq istəmirəm, buna görə də həmişə fərqlənmək, seçilmək istəmişəm. Rəfiqələrim öz ad günlərində də, uşaqlarının ad günlərində də təşkilati işləri mənə həvalə edirlər. Deyilənə görə, gözəl ideyalarım var. Yay olduğuna görə məkan kimi dəniz kənarını seçmişəm. Sözün düzü, qonaqların ağ libasda olması mənim keçənilki ideyam idi. Bəlkə də, onlar üçün nə qədər önəmli olduğumu hiss etmək istəmişəm. Yaxşı da hazırlaşırlar (gülür). Keçən il bu ideyanı həyata keçirmək nəsib olmadı, çünki babam rəhmətə getdi. Amma elə bilməyin ki, sürpriz təkcə bununla bitir.

- Məxsusi hədiyyə gözlədiyiniz insan varmı?
- Xeyr, həyatımda məxsusi belə bir insan yoxdur ki, ondan hədiyyə gözləyim. Səmimiyyətim, doğmalığım olmayan bir insandan hədiyyə qəbul da etmərəm. Özümü heç vaxt o həddə, o səviyyəyə gətirmərəm. İnsanın canı ağrıyanda onun doğmaları da, dostları da gözünə görünmür. Allahdan özümə cansağlığı, güc, qüvvə istəyirəm. Bilirəm ki, yaxınlarım məni bu xoş günümdə sevindirəcəklər.

- Nə vaxtsa ailə qurmaq istəyirsiz?
- Çox insanlar var idi, deyirdilər ki, mən filan şeyi etmərəm, amma hamısı etdilər. Onun üçün də heç vaxt "heç vaxt" demək lazım deyil. Bu dəqiqə hələ ki, ailə qurmaq fikrim yoxdur.

- Amma müsahibələrinizin birində ailə qurmaq istəyinizi bildirmişdiniz, hətta namizədin olduğunu da demişdiz.
- Baxmayaraq ki, müsahibə vermişdim, amma mən istəməmişəm. Bunu, əlbəttə ki, zaman göstərəcək. Hələ mənim özüm, övladım, karyeram üçün edəcəklərim çoxdur. Allah özümə güc verib, işlərimin öhdəsindən özüm gələ bilirəm. Ailə qurmağı Allah qismətimə yazıbsa, görəcəyik. Olmasa da həyatımdan da, taleyimdən də razıyam. Məni sevən insanlar yanımda olsun, yetər. Ədavət, kin, dava dünyada qalır. Ölüb gedirsən, ya rəhmət oxuyurlar, ya da lənət. Kimlərinsə hesabına gəlib bu yerə çıxmamışam, kimlərinsə hesabına yaşamamışam. Buna görə də ünvanıma həmişə xoş sözlər eşidirəm. Elə insanlar var ki, evi var, maşını var. Amma onları Allah mənim kimi sınaqlardan çıxarıb yenidən dünyaya qaytarmayıb. Onlara Allah ən problemli bir vəziyyətdə şirin nemət olan övlad payını verməyib.

- İnsanların sizə qarşı olan hansı münasibəti sizi qıcıqlandırır?
- Təbii ki, həyatda yaxşı insanlar da var, pis insanlar da. Dünya yaxşı ilə pisin üzərində qurulub. Bir-birini gözü götürməmək, haqsızlıq, paxıllıq dünya yaranışdan olub və olacaq. Amma yaltaqlıq qədər qıcıqlandığım ikinci pis xüsusiyyət yoxdur. Son bu iki ildə səni gördü, sənəcik, məni gördü, mənəcik insanlar çox rastıma çıxıb. Mənim üçün ya bir insan var, yüksək səviyyədədir, ya sıradan biridir, hamı kimidir, ya da yoxdur. Kimdənsə mənə, məndən ona, ondan mənə söz aparan insanlar da çoxdur. Bilmirəm onlar bunu etməklə nə xeyir görürlər? Bu xasiyyət insanları gözümdən tez salır.

- Dediyiniz paxıllıq televiziyadakı həmkarlarınıza da aiddir?
- Bəli, televiziyada həddindən artıq çox paxıllıqla rastlaşmışam. Bilmirəm nədən irəli gəlirsə, məni gözü götürməyən insanlar çoxdur. Mən bunu çəkinmədən deyirəm. Allah hamını pis niyyətli, şər atan insanlardan qorusun. Təbii ki, insanlar hamısı korlanmayıb. Haqqı, dürüstlüyü, düzlüyü görənlər də var. Mənə paxıllıq edən həmkarlarım da çoxdur. Elələri var ki, bunu açıq-aydın büruzə verir, hiss edirəm. Elələri də var ki, üzümə gülürlər, amma içlərində rahat deyillər. Ağız açılır, dişlər görünür, amma gözlərindən ilan çıxır. Mənə qarşı olacaq pis bir şeyi o dəqiqə hiss edirəm. İndi tanıyıb, sevdiyiniz aparıcıların 99 faizi efirdə olmayanda Vüsalə var idi. Hətta bu gün məndən öyrənib, dəst-xəttim ilə gedən, stajorum olan aparıcılar da var. Amma nədənsə onlar mənim televiziyaya qayıtmağımı istəmirdilər. Yenidən öz solo-fəaliyyətimə öz adımla qayıtmağım çoxlarını narahat edirdi. İş burasındadır ki, kişi teleaparıcılar da mənə paxıllıq edirdilər. Qadınları yenə də başa düşmək olar ki, qadındır. Oğlan teleaparıcılardan narahat olanları var idi ki, Vüsalə qayıdıb.

- Keçmişə baxanda daha çox nəyə təəssüflənirsiz? İndiki Vüsalə olsaydım, bunu etməzdim deyə...
- Çox vaxt deyirəm ki, kaş ki, 16 yaşıma qayıda biləydim. Amma sonra öz-özümə gülürəm ki, bu nə arzudur? Mən ümumiyyətlə olanlarla yaşamağı sevən insanam, xəyallarla yaşamağı sevmirəm. Təbii ki, insan keçmişini unutmamalıdır. Kimlərisə itirdiyimə, nələrisə itirdiyimə görə Allahıma minnətdaram. Deməli, Allah pis insanları qarşıma çıxarıb ki, yaxşıların qədrini bilim, onlara həyatıma girməyə yol verməyim. Yaxud da əgər başıma pis iş gəlibsə, Allah məni ayıltmaq üçün edib. Həqiqətən də pisi görməsən, yaxşının qədrini bilməzsən. Mən o səhvləri etməsəydim, indi yaxşılar olmazdı. Mən ayaqlarım üstə durmağı bacaran insanam, buna görə də həmişə mübarizə aparmışam. Allah mənə çıxılmaz sınaqlar verdi, amma bu sınaqlardan çıxış yolunu da göstərdi.

- Sosial şəbəkələrdən də istifadə edirsiz. İnsanlar daha çox nə ilə maraqlanırlar?
- Bəlkə də, çox az tanınmış insanlardanam ki, tamaşaçılarımın, izləyicilərimin hər bir sualına imkanım çatan qədər cavab verirəm. Saymazlığı sevmirəm. Sosial şəbəkədə şəxsi həyatımla bağlı olan suallara qadağa qoymuşam. Hər dəfə də insanlar eyni şeyi təkrarlayırlar. İnsanlar kiminsə yaxşı, yaxud pis halından zövq almağı xoşlayırlar. İnsanın pis gününə sevinənlər o qədər çoxdur ki. Düzünü deyim ki, ən azı, tərbiyəsizliyinə və inadına görə gündə 10 insanı izləyici səhifəmdən silirəm. Məni mənə dəyər verən insanlar baxıb izləsinlər, bu mənim üçün yetərlidir.

- Yeni mövsümdən aparıcısı olduğunuz "Qadına görə" verilişi davam edəcək, yoxsa tam yeni bir layihə ilə tamaşaçıların görüşünə gələcəksiz?
- İnşallah, davam edəcəyik. Yenilikləri indidən danışmaq istəmirəm. Çünki düşər-düşməzi var. Mənə əvvəldən demək düşmür.

- Qızınızın kaprizlərinə dözürsüz?
- Əlbəttə. Qurban olaram ona. Mən onunla nəfəs alıram. İşdən yorğun gəlirəm, görürəm ki, nəsə yeni söz deməyi öyrənib. Ürəyim gedir gülməkdən. Evə çatan kimi mənimlə oynamaq istəyir, mən isə o qədər yorğun oluram ki, oynamağa həvəsli olmuram. O mənim həyatımda heç kimlə əvəz olunmayacaq bir varlıqdır. Allah sizə qismət etsə, biləcəksiz ki, atalar ana kimi olmurlar, ana başqadır. Allah qədrini, dəyərini bilən insanlara övlad nəsib etsin.

- Gözəllik salonuna çox pul xərcləyirsiz?
- Deməzdim ki, salonlara çox pul xərcləyirəm. Mənə görə, nəinki xanımlar, kişilər də özlərinə baxmalıdırlar. Səliqəli, baxımlı kişiləri bəyənirəm. İşlərim o qədər çox olur ki, heç özümə baxmağa vaxtım da olmur. Xüsusi tədbirlərə gedərkən saç düzümümü, makiyajımı gözəllik salonunda edirlər. Verilişlərdə olan makiyajımı özüm edirəm. Çox bəzək-düzəyi sevmirəm. Sadəlik insanın gözəlliyidir.

- Plastik əməliyyatlara münasibətiniz necədir?
- Heç vaxt üzümə plastik əməliyyat üçün əl gəzdirilməyib. Facebook-da olan mənasız səhifələrdən birində şəklimi paylaşıb, yazıblar ki, "Hər yeri plastikdir, bezdik bu silikonlardan". Nə qədər düşüncəsiz insan olasan ki, baxıb hiss etməyəsən ki, bu insanda silikon yoxdur. Ehtiyac olsaydı, bəlkə də, əməliyyat keçirərdim. Amma heç bir qüsuru olmadan plastik əməliyyat keçirən insanları qınayıram. Çox plastik əməliyyat keçirib, bərbad halda olan qadınlar var ki, hamısı bir-birinə oxşayır. Bəylər də belə xanımlardan bezir. Allah göstərməsin, elə bir hadisə olar ki, mənim də əməliyyata ehtiyacım olar. O halda etmək labüddür. Kimlərəsə xoş gəlmək üçün heç vaxt plastik əməliyyat keçirmərəm.
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 2 851
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri