Yıldız Tilbe: "Atam kimi bir adam axtarıram." - FOTOSESSİYA

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 017
Səs ver:
(səs: 2)
Yıldız Tilbə Türkiyənin ən populyar müğənnisi olmasa da, ən çox sevilən müğənnilərindəndir. Bir çoxlarının dəli zənn etdiyi bu  enerjili, səmimi qadın möhtəşəm mahnıları ilə könüllərdə taxt qurmağı bacarıb. Yıldız Tilbə əvvəlcə Sezen Aksunun vokalisti olaraq karyeraya başlayıb. "Minik Sərçə”nin evində qalan Yıldız onun sevgilisi Uzay Hepari ilə gizli-gizli sevişib. Bununla da Sezen Aksunu özünə düşmən edən Yıldız Tilbə müğənni olaraq karyerasına çox çətinliklərlə davam edə bilib. Narkotikdən istifadə etdiyi üçün bir neçə dəfə başı bəlaya girib. Bir qızı var. 49 yaşlı bu xanımın ruhu hələ də qocalmaq bilmir.
 
İlləri vecinə almayan Yıldız Tilbə yeni albom çıxarıb. Elə bu münasibətlə də məşhur jurnalist Ayşə Armana müsahibə verib.
 
O, həqiqətən də, çox qeyri-adi qadındır. Seriallarda gördüyümüz qadınlar bir-birlərinə çox oxşayırlar, Yıldız Tilbə isə heç kimə oxşamır. Bu da onu bənzərsiz edir. Bir az vəhşi, bir az yalnızdır. Amma olduqca açıqsözlü, şəffaf bir qadındır. Bu, onunla ilk müsahibəmdir. Amma bilirəm ki, son müsahibəm olmayacaq. Onunla qəhvə içə-içə həyatdan, eşqdən, yalnızlıqdan və kişilərdən danışmaq gözəl idi. Onunla yenə danışmaq, bu səmimi qadının gözlərinə yenidən baxmaq istərdim...
 
- Özünü sevirsən?
- Demək olar ki, hə. Amma bəzi xasiyyətlərim xoşuma gəlmir. Öz-özümə deyirəm ki, "Az ye!", amma çox yeyirəm. "Az iç!” deyirəm, amma çox içirəm. Yenə də özümlə barışmışam.
 
- Səncə, bütün potensialını ortaya qoya bilmisən?
- Ələbəttə ki, yox.
 
- Nə etmək istəyərdin?
- Özümü idarə etməyi bacarmaq istəyərdim. Amma olmur. Biz türkiyəlilər beləyik.
 
- Səncə, niyə bu qədər çox sevilirsən?
- Təbii ki, mahnılarıma görə. O mahnılar insanlarla aramdakı körpüdür. Kiməsə aşiq oluruq, sonra bir mahnı bəyənirik, sevinəndə o mahnı ilə rəqs edirik, kədərlənəndə o mahnını dinləyib  ağlayırıq. Mənim mahnılarım həmin mahnılardandır. Məni özlərindən biri kimi görürlər. Ötən gün yolda bir dinləyicim ilə qarşılaşdım. Deyir ki, "Sən heç bilirsən ki, mən sənin mahnılarınla nələr yaşamışam?”. Haradan bilim axı, amma o sevəndə, canı ağrıyanda məni dinləyib. Tutaq ki, bir qadın evli bir adama aşiq olub. Bunu dilə gətirə bilməz, amma mahnı vasitəsilə deyir. Mən insanların ortaq diliyəm.
 
- Mən sənin çox səmimi olduğunu düşünürəm. Sanki insanların qarşısına "çılpaq” çıxırsan. Onların qarşısında maskasız, yalansız dayanırsan.
- Bir az elədi. Çünki mənim üçün belə rahatdır. Başqa cür ola bilmirəm. Özümü idarə etməyə çalışıram, ancaq elə bir nöqtəyə gəlib çatıram ki, orada idarəni itirirəm. Ürəyimdən keçənləri edirəm. Məni Allah qoruyur.
 
- İllərcə danışıldı. Doğrudan da "Dəlikanlım” mahnısını Uzay Hepari üçün yazmışdın?
- Yox. Əsla elə bir şey olmayıb.
 
- Amma hamı elə bilir...
- Uzaya Allah rəhmət eləsin. Ötən gün Zeynəb Tunuslunu gördüm, onunla da bu mövzuda danışdıq. Dedim ki, "Bir dəfə ikimiz də çox sərxoş idik, bir qələt elədik. Üstümüzə yapışıb qaldı”.
 
- Bəs Sezen Aksu ilə davalarınız, Aysel Gürəllə dalaşmağınız Uzaya görə deyildi?
- Elə bir şey olmayıb. Heç vaxt dalaşmamışıq.
 
 - Mənim sənin rəqsindən, daha doğrusu, rəqs edə bilməməyindən də çox xoşum gəlir.
- Rəqs bədənin hərəkət etməsi deyil? Mən də onu edirəm də.
 
- Sanki bəzən hərəkətlərin musiqi ilə uyğunlaşmır.
-Yox, uyğunlaşır. Səhnədə bədənim musiqi alətinə çevrilir. Mən ritmi bədənimlə hiss edib, onu rəqsə çevirirəm. Ritmi tuta bilməyən sizsiniz.
 
- Mahnılarının sözləri hamıya təsir edir. Bu qədər dərindən, ürəkdən yazmağı necə bacarırsan?
- Hər şey yaradılışla bağlıdır. Mən çox həssasam. Bu, əslində, yaxşı bir xüsusiyyət deyil. Deməli, belə olmalı imiş, müğənni olmaq üçün yaradılmışam.
 
- Müğənniliyə necə başladın?
- Mahnı oxumağa uşaqlıqdan başlamışam. Məhəlləmizdə elektrik xətti yox idi. Televizora baxmaq üçün 4-5 məhəllə uzağa gedirdim. Gecə evə qayıdarkən çox qorxurdum. Var gücümlə qışqıra-qışqıra mahnı oxuyurdum. Səsimi eşidən evin işığını yandırırdı. Sonra məhəllə toylarında oxumağa başladım. Bacılarımın dinlədikləri mahnıları əzbərləyirdim. Yəni mən bu işlə uşaqlıqdan bəri məşğul oluram. Sonra evləndim, maddi vəziyyətimiz yaxşı deyildi, sadəcə, mahnı oxumağı bacarırdım. Ona görə də, müğənni olmağa qərar verdim.
 
- Bir vaxtlar təmizlik işləri üçün evlərə getdiyin düzdür?
- O xəbərlər yalandır. Sadəcə, dayəlik eləmişəm.
 
- Uşağa baxmağı bacarırsan?
- Yox. Mənim bir uşağım oldu. Anam dedi ki, "ikinci uşağı doğma. Sən baxa bilməzsən”. Həqiqətən də qızıma ailəm baxıb. Mən 17 yaşımda ana olmuşam. Anam mənə "doğmuş qız” deyirdi. Qadın olmamışdım, uşaq idim hələ də...
 
- Altı uşaqlı yoxsul bir ailədə böyümək yaradıcılıq baxımdan şansdı, yoxsa şanssızlıq?
- Şansdır, təbii ki. Yoxluq, insanı mümkünsüzü mümkün etməyə məcbur qoyur. Bir daha dünyaya gəlsəm, yenə eyni ana-atanın qızı olmaq istəyərdim. 22 yaşımda anamı, 34 yaşımda isə atamı itirdim. Anam 6 uşaq böyütmüş qadındı. Yorulmuşdu. Həyat yormuşdu onu. 57 yaşında öldü. Yıldız Tilbə olduğumu görmədi. Halbuki müğənni olmağımı çox istəyirdi. Ana tərəfimlə ata tərəfim arasında çox fərq var. Ata tərəfim qatı dindarlardır, çarşaf geyinirlər. Ana tərəfim isə ələvidir, dünyagörüşləri fərqlidir.
 
- Qardaş-bacıların haradadırlar indi?
- Biri xaricdədir, ikisi İstanbulda, biri İzmitdə, digəri də İzmirdə. Hamısı ilə tez-tez görüşürəm.
 
- 49 yaşındasan. 50 yaşa 1 il qalıb. Həyatdan nə gözləyirsən?
- İnsanoğlu qəribədir. 25 yaşımda olanda özümü 100 yaşlı qoca kimi hiss edirdim. İndi isə özümü çox gənc hiss edirəm. Xaricdən qocalıram, daxilən gəncləşirəm.
 
- İndi necə bir qadınsan?
- İnsan yetkinləşir. Qorxuları azalır. 10 il öncə mənə intiharı düşündürən şeyləri indi vecimə almıram.
 
- Səni bir çox ulduzla müqayisə edirlər - Edit Piaf, Emi Uaynhaus, Aysel Gürel. Bu mövzuda nə deyəcəksən?
- Heç biri ilə əlaqəm yoxdur. Mən Yıldız Tilbəyəm. Hamıdan bir dənədir.
 
- 15 ildir ki, həyatında heç kim yoxdur. Bəs o mahnıları necə yazırsan?
- Üzməyi biləndən sonra hər dəfə yenidən öyrənməyinə ehtiyac qalmır. Bu da eynilə belədir. Bir dəfə o hissləri yaşamışam, eşqi bilirəm, tanıyıram. Ancaq həyatımda eşq olanda mahnılar daha dərin alınır.
 
- Eşqsiz yaşamaq səni narahat etmir?
- Aradabir aşiq oluram. Amma platonik olur. Çox qısqancam. Deyək ki, kimsə xoşuma gəldi. Adamın onu bəyəndiyimdən xəbəri belə yoxdur. Mən isə xəyanət etməsi ehtimalı qarşısında onu öldürmə planları qururam. Normal deyiləm.
 
- Xəyanət deyəndə nəyi nəzərdə tutursan?
- Fikrimcə, başqasına baxmaq da xəyanətdir. Hətta adam aynada özünə bir az çox baxsa, dəli olaram.
 
- Səncə, bütün kişilər xəyanət edirlər?
- Allahdan qorxmayan hər kişi xəyanət edər. Çünki Allahdan qorxmayan kişi, qadından da qorxmur.
 
- Bu xasiyyətinə görə, məncə, kişilərin gözünü qorxudursan.
- Təəssüf ki, elə olur. Mənə özüm kimi biri lazımdır, ancaq o da yoxdur. Məndə naz yoxdur. Sibel Can üçün ürəyim gedir, qadının hər yerindən naz-qəmzə tökülür. Mən heç vaxt elə ola bilməmişəm. Atam kimi bir adam axtarıram. Amma elə saf insan tapmaq imkansızdır.
 
- Bəlkə, gənc sevgili tapasan?
- Yox, vaxt sərf edə bilmərəm. Ona süd verəcəyəm? Bu saatdan sonra gənc sevgili məni əsəbiləşdirər.
 
- Amma yaşlı kişi də ürəyini sıxar.
- Yaşlı da istəmirəm. Ağlı başında bir insan olsun. Yenə də Allah bilən məsləhətdir.
 
- Sən heç terapevtə müraciət etmisən?
- Üç dəfə "Balıklı Rum”da, iki dəfə də "Lape”də yatmışam. Amma ağıllı çıxdım, Allaha min şükür! Terapevtlə danışanda qucağımda bir qutu salfet olur. Ağlayıram. Amma terapevt mənə heç nə deyə bilməz. Məni necə sakitləşdirəcək axı?  İnsan həyatda yalnızdır. Kim olur, olsun, dərdi nə olur olsun, özü həll etməyə məcburdur.
 
- Xərçəng xəstəliyi ilə də mübarizə aparmısan? Xəstə olduğunu necə öyrəndin?
- Aşiq oldum, it kimi sevdim. Adam evli çıxdı. Çox pis oldum. Elə bilirdim ki, ölürəm. Onu fikirləşəndə içimdə nə isə böyüyürdü. Həkimə getdim, xəstə olduğumu öyrəndim. Onu unutmağa çalışdım, çox çətin olsa da, bacardım. Ondan sonra da sağaldım. Yenə elə sevə bilərəm, amma heç kimi o qədər çox sevmək istəmirəm.
 
- Adam nə elədi bəs?
- Heç nə, nə edəcək? Evinə qayıtdı. Bütün evli kişilər kimi... Evli kişilər qadınlara qarşı subaylardan daha cəsarətli olurlar və daha çox yalan danışırlar. Adam həm sevgilisini məhv edir, həm də arvadını. Sonra da heç nə olmamış kimi evinə qayıdır.

 

 

 

(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 017
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri