Bir qadının hekayəsi: "Ərim məni lüt soyundurub küçəyə qovdu."

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 043
Səs ver:
(səs: 3)
`Səni sınamaq istəyirdim, görüm küçəyə atsam, fahişəlik edəcəksənmi`.
Ərim məni əvvəlcə möhkəm döydü, sonra lüt soyundurub küçəyə çıxmağa məcbur elədi. Çölə çıxıb divarın dibində dayandım.
Bu vəziyyətdə məni kimsə görsəydi, özümü öldürəcəkdim. Ərim dedi ki, səni sınayırdım, görüm mən məcbur eləsəm, fahişəlik edəcəksənmi. Daha dözə bilmirdim, bir-iki paltar götürüb evdən çıxdım...
Bunu hazırda "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında məskunlaşan 37 yaşlı Pərvanə Məmmədova (qadının təhlükəsizliyi üçün adı dəyişdirilib-red.) deyir.
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyində hazırda evdən qaçan 5 qadın məskunlaşıb. Pərvanə Məmmədova isə üçüncü dəfədir ki, təşkilatın sığınacağında gizlənir.
P.Məmmədova ötən həftə həkimə getmək üçün sığınacaqdan çıxıb. Lakin geri qayıtmayıb. Buna görə də təşkilat onun itkin düşməsi ilə bağlı polisə müraciət edib.
Təşkilatın rəhbəri Mehriban Zeynalovanın sözlərinə görə, bir uşaq anası olan Pərvanə Məmmədova həyat yoldaşı tərəfindən də axtarılıb. Lakin təşkilat polisə müraciət edəndən sonra bəlli olub ki, qadın elə öz həyat yoldaşı tərəfindən qaçırılıb: "Həyat yoldaşı Pərvanənin yaxınlarına onu axtardığını, harada olduğunu bilmədiyini söyləyirmişdi. Sonradan öyrəndik ki, həyat yoldaşı onu zorla aparıb, döyüb və gizlədib. O, Pərvanəni qısqanclıq üstündə döydüyünü etiraf etdi. Hazırda polis araşdırma aparır”.
Amma Pərvanə Məmmədova yenidən qaçmağı bacarıb.

Onunla söhbəti təqdim edirik:

- Bəs sonuncu dəfə necə qaça bildin?
- Sığınacaqda qalarkən ailəmlə əlaqə saxlamırdım. Yəni yerimi heç kim bilmirdi. Amma ərim burada qaldığımı haradansa öyrənibmiş. Sığınacaqdan çıxarkən izləyib. Xəstəxananın qarşısında məni tutdu, döyə-döyə maşına mindirdi. Evdə isə iki gün dayanmadan döydü, üzümdə, bədənimdə salamat yer yox idi. Sonra aptekdən ağrıkəsicilər alıb vururdu, huşumu itirəndə dərman verirdi. Səhər işə gedəndə qapını bağlayırdı, qohumlarıma isə evdən qaçdığımı, məni tapa bilmədiyini söyləyirdi.

Beləcə, bir neçə gün keçdi. Oğluma görə özümü öldürə bilmirdim. Fikirləşdim ki, ya məni ərim öldürməlidir, ya da evdən qaçmalıyam. Bütün gecəni yatmadım. Səhər saat 6-da bıçağı götürüb qoynumda gizlətdim. Fikirləşdim ki, məni yaxalayarsa, özümü öldürəcəm. Qorxa-qorxa cibindən 2 manat götürdüm, qapını açıb qaçdım. Hətta ayaqqabılarımı da götürmədim ki, qaçdığımı bilməsin.

- Bəs uşağı özünüzlə götürmədiniz? Hara getdiniz?
- Uşağı özümlə götürsəydim, qaça bilməzdim. Uşaq yatmışdı. Neçə kilometri qaça-qaça getmişəm. Maşınlar gələndə gizlənirdim. Polis bölməsinə getdim, iş vaxtının başlamasını gözlədim. Sonra polisə vəziyyəti danışdım. Evə birlikdə gedib uşağı götürdük. Onun barəsində isə araşdırmalara başlandı.

- Mübahisələriniz nəyin üstündədir?
- Mən onun ikinci həyat yoldaşıyam. Birinci ailəsi dağılıb, iki uşağı var. Bir-birimizi görüb bəyənmişik. Mebel ustasıdır, azdan-çoxdan qazancı var. Evə bazarlıq edir, dolanışıq cəhətdən problemimiz yoxdur. Amma evdən çölə çıxmağa icazə vermir. Telefonla danışmaq, qohumlarla əlaqə saxlamaq qadağandır. Qohumlarımdan heç kim bizə gələ bilməz. Pəncərədən həyətə baxa bilmirəm. Biz həyət evində kirayədə qalırıq, ev yiyələri yaşlı adamlardır. Amma pəncərədən baxdığımı görərsə, həmin gün döyər.

Sonra isə televizora baxmağı qadağan etdi. Evdə nəfəs ala bilmirik, qapı-pəncərə bağlı qalır. Deyir ki, televizora kimə görə baxırsan, pəncərədən kimə görə boylanırsan... Uşağı heç yerə apara bilmirəm, hətta həyətdə oynamağa da qoymur. Hər gün söyür, hər gün döyür. "Evə pul gətirirəmsə, qarşımda qulluqçu olmalısan” deyir.

- Deyirsiniz sizi küçədə lüt saxlayıb. Qısqanc adam bunu edərmi?
- Hamilə idim. Məni lüt soyunub qapıdan çıxmağa məcbur etdi. Divara qısılıb dayandım. Darvazanı açıb küçəyə çıxmağa məcbur elədi. Yalvarırdım, amma qulaq asmırdı. Sonra dedi ki, səni sınamaq istəyirdim, görüm küçəyə atsam, fahişəlik edəcəksənmi. Səhəri gün evdən getdim. Amma dalımca gəldi, and içdi, uşaq olandan sonra dəyişəcəyini söylədi. Təkrar evə qayıtdım. Uşaq olandan sonra isə daha da pisləşib. Adamın qardaşına, anasına nə qədər söyərlər? Hər dəfə döyəndə üzümə vurur ki, utandığından çölə çıxa bilməyib...

- Qaçmazdan əvvəl niyə polisə şikayət etmirdin?
- Yox, əvvəl də şikayət etmişəm. Polis onu cərimələmişdi. Bir də məni döyməyəcəyi ilə bağlı izahat yazmışdı. Sonra evə gəlib məni səhərə kimi döydü. Dedi ki, verdiyim cərimənin əvəzini səndən çıxacağam. Elə çıxdı da. Hər gün döyülməkdən ayaqlarımda problem yaranıb, bədənim keyiyib. Deyir yataq xəstəsi olmadan səndən əl çəkməyəcəm. Problemi ailəsi də bilir, deyirlər ki, əsəbidir, psixi problemləri var. İndi yenidən sığınacağa qayıtmışam.

- Sığınacaqdan çıxandan sonra nə edəcəksən? Sənə təkrar zərər verə bilər...
- Uşaq böyüyüb, amma hələ sənədi yoxdur. Mənim sənədlərim də ondadır. Sənədləri düzəldirlər, təşkilat mənə yardım edir. Sənədlərim hazır olandan sonra işləyəcəyəm. Günlərlə ac qalmağa razıyam, təki döyülməyim, söyüş eşitməyim. Kurs bitirmişəm, gözəllik salonlarının birində işləyə bilərəm. Yeganə istəyim ondan ayrılıb özümə, övladıma sakit həyat qurmaqdır. Yəqin ki, haqqında bir neçə dəfə şikayət olduğundan bu dəfə cavab verəcək. Hələlik müalicə alıram ki, üzümdəki, gözümün altındakı yumruq izləri getsin.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 3 043
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri