Hicab imic deyil... Onu imicə çevirən məşhurlar – ARAŞDIRMA

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 5 013
Səs ver:
(səs: 1)
Baş örtükləri dünyanın bütün millətlərinin istifadə etdiyi vacib aksessuardır. Əvvəlcə, soyuqdan, daha sonra günəşdən qorunmaq üçün icad edilən həmin aksessuarlar indi zərurətdən çox dəbə çevrilib.
Bir sözlə, baş örtükləri kimin üçün nə ifadə edir?
 
Çox soyun, çox qazan
Şou nümayəndələrinin əksər xanım üzvləri, adətən, açıq-saçıqlığı ilə diqqət çəkir. Çünki elə hesab edirlər ki, bu yolla daha çox müzakirə olunur və gündəmdə qala bilirlər. Gündəmdə qalmaq onların televiziya verilişlərinə dəvətini çoxaldır. Həmin verilişlər isə toy bazarına birbaşa çıxış deməkdir.  Qısası, şou-biznesdə bu bir reallığa çevrilib: nə qədər çox soyunsan, bir o qədər çox pul qazana bilirsən.
 
Dəyişən ənənələr...
Lakin son vaxtlar həmin prinsipdə dəyişikliklər etməyə qərar verənlərlə də rastlaşırıq. Məsələn, baş örtüklərindən xüsusi məharətlə istifadə edib yeni imic formalaşdırmağa çalışanlar da var. Onların arasında birdəfəlik hicaba keçənlər, dini örpəyini sonradan çıxaranlar olsa da, çoxu çadrasını, sadəcə, fotosessiya üçün başına salır.
 
Keçmişindən qaçıb çadra altında gizlənənlər
Müğənni Xuraman Şuşalı isə əksinə... Səsindən çox açıq-saçıqlığı ilə səhnədə yer alan müğənni ailə qurduqdan sonra hicaba keçib. Hələ də hicab bağlayan müğənni əvvəlki fotolarının internetdən silinməsi üçün hər kəsdən yardım istəyir.
 
Rejissor Şahin Zəkizadənin həyat yoldaşı model və vizajist Səbinə Allahverdiyeva isə əvvələr açıq-saçıq fotosessiyalarla yaddaşlarda qalsa da,  sonradan tövbə edərək hicaba keçib. Cütlüyün 1 övladı var.
 
Hicab həvəsi uzun sürməyənlər
Müğənnilik sevdası ilə şou aləminə gəlsə də, uğur qazanmayan iş xanımı Ruhi Əliyeva da bir müddət başını bağlayıb. Həcc ziyarətindən gəldikdən sonra hətta müəllifi olduğu "Dəbsiz” verilişinə belə uzun müddət baş örtüyü ilə çıxan müğənninin örtük həvəsi uzun sürməyib. Sonradan "həvəsdi bəsdi” deyib çadrasını atıb.
 
Çadrasını sonradan atan əməkdar artist Tünzalə Ağayeva isə şou biznesə çalma ilə daxil olub. Sevənlərinin yaddaşına məhz belə damğa vuran sənətkarın imici o qədər uğurlu olub ki, hələ də unudulmayıb. Uzun illər ifaçı başını bağlasa da, daha sonra o, bu ənənəsini pozub. Belə ki, o, imicini dəyişərək mədəniyyətimizə indi də başıaçıq imza atır.
 
Hicabı imici deyil...
Xalq artisti Alim Qasımovun qızı Fərqanə Qasımova isə başından bəri, sözün əsl mənasında, hicablı xanımdır. O, dini baxışları ilə həmkarlarından seçilir. Nəinki səsi, sənəti ilə, elə sadə, bər-bəzəksiz baş örtüyü ilə də şou nümayəndələrindən fərqlənir.
 
Başını bağlayıb sərvətinə sərvət, gözəlliyinə cazibə qatanlar
 
Modelyer Leyla Əhmədova isə Fərqanənin tam əksidir. Sonradan hicab taxan məşhur simalar sırasında yerini alan modelyer daha çox bər-bəzəkli, aksesuarlarla bəzədilmiş baş örtüyündən istifadə edir.
 
Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova (Azəri qızı Günel – red) üçün də hicab bəzək əşyasından başqa bir şey deyil.
 
Baş örtüyünün ömrü bir fotosessiya qədər olan gənc müğənnilər də var. Məsələn, Günay İbrahimli və Aytac Vidadiqızı, model Minarə Allahverdiyeva başını məhz fotosessiya üçün örtən məşhurlar sırasındadır.
 
Yerli şou biznesimizin qurucularından olan xalq artisti Aygün Kazımovanın da hicablı fotosu var. İllər əvvəl çəkilən həmin foto yeganə də olsa, xalq artistinin çoxsaylı açıq-saçıq şəkilləri arasında uğurla yer alıb.

 

 

 

 

 

 

 

(səs: 1)
Şərhlər: 7
Baxılıb: 5 013
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri