67 yaşlı stil ikonasından gənc qızlara həyat dərsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 077
Səs ver:
(səs: 0)
67 yaşlı dəb ilahəsi Linda Rodini kiminləsə səhv salmaq qeyri-mümkündür. O, daim hər kəsdən seçilir. Onun əsas fərqləndirici cəhəti individual geyim tərzi, həm də boyanmamış ağ telləridir. Lindanın üslubunu şıq ekstremal adlandırmaq olar. Bu gözəl üsluba sahib olmaq çətindir, o, qəlbinizdə olmalıdır...
 
Linda Rodin gənclik illərində model, daha sonra stilist kimi fəaliyyət göstərib. Balıqqulağı və vintaj geyim dəlisi olan Linda 2007-ci ildə öz kosmetika brendini yaradıb.
Linda Rodinin müsahibəsini təqdim edirik. 67 yaşlı Linda Rodin müsahibəsində qəlbinin və zahirinin gənc, gözəl qalmağının sirlərindən danışıb.
 
- Saçlarınızı neçə yaşından etibarən boyamamağa qərar verdiniz?
- 35 yaşında saçıma xına qoymuşdum, onda tellərim çəhrayı rəngdə olmuşdu. Bir müddət sonra saçımı öz axarına buraxdım. Tədricən, saçım ağarmağa başladı, onda təbiətin qanunları ilə barışmalı oldum. Ümumiyyətlə, ağ tellərin qocalıq əlaməti olduğunu heç vaxt düşünməmişəm.
 
- Yaş amili geyim seçimində nə dərəcədə rol oynayır?
- İnsanlar yaşa dolduqca istər geyimdə, istərsə də makiyajda özünə məhdudiyyət qoyur. Mən isə heç vaxt dayanmırdım, öz eksperimentlərimə davam edirdim. Bu yaxınlarda 68 yaşım olacaq, sözsüz ki, bundan sonra da dayanmaq fikrim yoxdur. Ürəyim istədiyi  kimi geyinirəm.
 
- Saçınız ağarmağa başladıqdan sonra geyim tərzinizdə nə dəyişdi?
- Xeyr, "saçım ağardı, bundan sonra geyimlərimi də ona uyğunlaşdırmalıyam” fikri heç zaman ağlıma gəlmədi.
 
- Gözəllik rituallarınız nədən ibarətdir?
- Gözəllik rituallarım çox sadədir. Həmişə sadəlik tərəfdarı olmuşam. Məsələn, səhər yuxudan durub gəzintiyə çıxmaq xoşuma gəlir. Uzun illərdir ki, eyni şampundan istifadə edirəm. Saçımı həftədə bir dəfə yuyuram və bu, onları daha parlaq edir. Üzüm hər zaman təmiz və nəmli olmalıdır. Əminəm ki, bu gün bir çox böyük elmi kəşflər qadını həqiqətən cavan saxlamağa kömək edə bilər. Bir də onlardan düzgün istifadə etməlisən, mən isə daha gec yaşda başlamışam.
 
- Amma cəlbedici qırmızı və ya çəhrayı dodaq boyanız heç vaxt əskik olmur.
- Gənclik illərində sakit çalarlarda dodaq boyası istifadə etmişəm. Saçım ağarandan sonra onları istifadə edə bilməzdim, əks halda, çox solğun görünürəm. Fikirləşdim ki, solğun görüntünü azaltmaq üçün parlaq dodaq boyasına ehtiyacım var. Mən də qırmızı ilə çəhrayı dodaq boyasını seçdim.
 
- Hər bir qadının əməl etməli olduğu əsas gözəllik ritualı hansıdır? Xanımlara nə məsləhət verərdiniz?
-  Çox-çox illər əvvəl mənə nəmləndirici kremlərin vacibliyindən danışmışdılar. Ümumiyyətlə, orqanizmin ümumi su balansını qorumaq bütün qadınların əməl etməli olduğu əsas gözəllik ritualıdır.
 
- Yalnız suyun və nəmləndirici kremin sayəsində belə gözəl qalmaq mümkündür?
-  Yuxu da mənim gözəllik sirlərimdən  biridir! Mən sutkada 10 saat yatıram. Əgər səhər yuxudan tez oyanmalıyamsa, tez yatıram. Bir də gözəllik sənayesində yeni trendləri xüsusi izləyir və öz brendimin kosmetik məhsullarından istifadə edirəm.
 
- Cavanlıq fotolarına baxanda tapdığınız qüsurlara görə təəssüf hissi keçirirsiniz?
- Nə danışırsınız? Mən heç nəyə görə peşman olmuram. Zənnimcə, onda daha yaxşı görünürdüm. O vaxt hamımız  Şerə oxşamaq istəyirdik. Mən heç bir makiyaj etmirdim, əsas geyim-kecimə fikir verirdim. Əvvəllər saçım çox uzun idi, həmişə də açıq qoyurdum, kosmetikam isə yox dərəcəsində olurdu.
 
- İndi özünüzü neçə yaşında hiss edirsiniz?
- 18.
 
- Hissləriniz nəyə əsaslanır?
- Bilirsiniz, yaş yalnız pasportdakı rəqəmlərdir! Bəli, illər keçdikdcə, mən daha müdrik olmuşam,  üzümdə qırışlar yaranıb, amma qəlbimin yaşlandığını hiss etmirəm.
 
- Bu yaşınıza qədər əldə etdiyiniz ən böyük nailiyyət hansıdır?
- Düşünürəm ki, daha azad və müstəqil olmuşam. Əslində, heç vaxt kiminsə diktəsi ilə yaşamamışam. Başqalarının məndən gözlədiyi kimi deyil, həyatımı öz istədiyim kimi qurmuşam. Əlbəttə ki, bunun üçün müəyyən cəsarət  lazımdır, amma mən onu öz daxilimdə tapa bildim. Yaş mənə öyrətdi ki, həm özüm, həm də insanlarla ədalətli və səmimi olmaq lazımdır. Onu da başa düşdüm ki, artıq cavan olmayacağam və  bunu qəbul etdim. Bu da normaldır.
 
- Nə vaxtsa gözəllik inyeksiyalarına əl atmısınız?
- 3-4 il əvvəl sınaqdan keçirmişəm. Fikirləşdim ki, niyə də olmasın? Lakin qırışları aradan qaldırmaq cəhdi iflasa uğradı, çünki nəticəni bəyənmədim. Başqa adama çevrildiyimi hiss edirdim. Həkimlər çox yaxşı işləmişdi, ona görə də, heç kəs bunu görmədi. Yəqin, çox mühafizəkar olduğumdan irəli gəlir. İndi qırışlarımla fəxr edirəm.
 
- Gənc qızların plastik əməliyyat etdirməsinə necə baxırsınız?
- Gənc yaşlarından özünü dəyişdirməyə çalışan qızlar çox qorxunc görünür.
 
- Şəxsi biznesinizi qurmağı çoxdan düşünürdünüz?
- Bu barədə heç vaxt fikirləşməmişdim. Hər şey çox sürətlə  baş verdi. Sadəcə, sevdiyim, maraq dairəmə uyğun bir işlə məşğul olmaq istəyirdim. İnsanların brendimin məhsullarını bəyənməsi və alması mənə çox xoş təsir bağışladı.
 
- Cavanlıqda model və stilist kimi fəaliyyət göstərmisiniz. İndi isə kosmetika şirkətiniz var. Gözəllik naminə dəbdən ayrılmaq çətin olmalıdı ki?
- Xeyr, çünki bu iki sahə onsuz da bir-biri ilə bağlıdır. Bundan əlavə, işimi həvəslə görürəm.
 
- Həqiqətən, heç vaxt idman zallarına getməmisiniz?
- Bir dəfə 15 il bundan əvvəl idman zalında çox ağır məşq etmişdim. Bu üsulun indi də istifadə edilib-edilmədiyini bilmirəm. Çox sərt üsuldur. Deyəsən, onda 50 yaşım vardı. Amma bu məşqdən sonra belimdə ağrılar yarandı. Bununla bütün məşqləri dayandırdım. Yüngül idman hərəkətlərini edəndə onsuz da belim ağrıyırdı. Bir vaxtlar yoqa ilə də məşğul olmuşam, amma onu da sevə bilmədim. Daha sonra pilatesə başladım. O da yarımçıq qaldı. Bütün uğursuz cəhdlərdən sonra özümə belə dedim: "Cəhənnəm olsun bütün hərəkətlər! Ən yaxşısı, evdə qalıb kitab oxuyaram, pəncərədən baxaram, ya da başqa bir işlə məşğul olaram".
 
- Sizi hansı dəb ilahələri ilhamlandırır?
- Frida Kalo,  Odri Xepbern, Corciya Okeffi, ən əsası anam. Onların hamısı özünəməxsus idi
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 077
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri