Şou-biznes Müğənni Leyla: itimi övladım qədər sevirəm - FOTOLAR

Müəllif: Antikvar
Şərhlər: 9
Baxılıb: 1 802
Səs ver:
(səs: 1)
Uşaqlıqdan heyvanları sevir və evində saxlayır. Düşünür ki, insanlar sevgini, sədaqəti, inamı, etibarı məhz heyvanlardan öyrənməlidir. Özünün də dediyi kimi, bu dilsiz varlığa o qədər bağlıdır ki, həyatını onsuz təsəvvür edə bilmir.
Müğənni Leyla Babayevanın Deenis adlı 3 yaşında iti var. İnsanlar Deenislə o qədər maraqlanır ki, Leyla iti haqqında məlumatları çatdırmaq üçün İnstaqramda ona hesab açıb. Biz də Deenisin İnstaqram hesabına daxil olub onunla dost olduq və Deenisin sahibəsiylə daha ətraflı danışmaq qərarına gəldik.

"Heyvanı incitmək olmaz"

Leyla Babayeva vaxtını heyvanlarla keçirməkdən zövq alır. Onun sözlərinə görə, 10 yaşına qədər it və pişik saxlayıb. Heyvanların təmənnasız sevgisi ona xüsusi zövq verir. Öz iti Deenisə o qədər bağlıdır ki, onu övladı qədər sevir. Müsahibimizin sözlərinə görə, onun heyvan sevgisi, hobbisi artıq həyat tərzinə çevrilib: "Uşaqlıqdan heyvanlara böyük marağım olub. 10 yaşıma qədər it-pişik saxlayırdım. Sonra şərait olmadığı üçün ara vermək məcburiyyətində qaldım. Artıq 3 ildir həyatımızda Deenis var. Deenisi körpə vaxtından saxladığım üçün onu öz uşağım qədər sevirəm".

Həmsöhbətimiz deyir ki, Deenisin ən çox sevdiyi cəhəti işdən evə gələndə onu sevinclə qarşılamasıdır: "Deenisin mənə göstərdiyi məhəbbət, təmənnasız istək mənə ləzzət edir. Heç nə güdmür, sırf səni istəyir və sən bunu hiss edirsən. İnsanlardan fərqli olaraq, yalanı yoxdur. Təmizliyinə, qulluğuna anam nəzarət edir. İşdə olduğum üçün çox nəzarət edə bilmirəm. Amma ana öz övladına necə qulluq edirsə, biz də Deenisi elə saxlayırıq. Çünki heyvan saxlamaq bunu tələb edir. Heyvanların da özünəməxsus şıltaqlıqları olur. Onlarla baş etmək üçün səbrli olmaq lazımdır. Heyvanı incitmək olmaz".

"Necə ki ailəm, o da elə..."

Müsahibimiz deyir ki, Deenis artıq hobbi olmaqdan çıxaraq onun həyatının bir parçasına çevrilib: "Mənim it sevgim artıq hobbilikdən çıxıb. O mənim həyatımın bir parçasıdır. Necə ki ailəm, o da elə. Deenis olmasa elə bilərəm həyatımda çox şey yoxdur".

Həmsöhbətimiz Deenisin onu təəccübləndirən xüsusiyyətlərindən də danışdı: "Deenisin məni ən çox təəccübləndirən xüsusiyyəti onun çox şeyi başa düşməsi və anlamasıdır. Başqa heyvanlarla müqayisədə çoxbilmişdir. Həddindən artıq hissiyyatlıdır. Mən tez-tez işə gedib-gəldiyim üçün mənim evdən getməyimə öyrəşib. Amma anam bütün günü evdə olduğu üçün onun getməyinə aqressiv yanaşır. O dərəcədə həssasdır ki, anam paltarlarını dəyişmək üçün şkafa tərəf gedəndə belə hiss edir və aqressiyasını bildirir. Sanki deyir ki, getmə. Telefon zəngini belə hiss edir. Məsələn, başqaları anama zəng vuranda başqa reaksiya verir, mən zəng edəndə fərqli reaksiyası olur".

"Onu itirməkdən qorxuram"

Həmsöhbətimiz deyir k, itini o qədər sevir ki, onu itirməkdən qorxur. Onun sözlərinə görə, heyvan elə varlıqdır ki, onunla birlikdə yaşadıqda bağlanmamaq mümkün deyil: "Mən onu itirməkdən çox qorxuram. Əvvəl bu dərəcədə düşünmürdüm, amma Deenis həyatıma girəndən sonra düşünürəm ki, o olmasa, necə olar? Niyə onların ömrü azdır? Çox pis oluram. Düzdür, heç kim bilmir nə qədər yaşayacaq, amma faktiki olaraq onun ömrü azdır. Özünü o qədər sevdirir ki... Məsələn, mən Deenisi evə gətirəndə anam razı deyildi. İki-üç gün sonra anam o qədər öyrəşdi ki, özü Deenisdən ayrıla bilmirdi".

Müsahibimiz sonda insanları heyvanlara qarşı aqressiv olmamağa, onlara qayğı göstərməyə çağırdı: "Bəzi insanlara heyvanlarla bağlı deyiləsi o qədər sözüm var ki... İnsanların duyğuları, hissləri, fikirləri, yanaşmaları fərqli olur. Mən küçə itlərini görəndə çox pis oluram, az qalıram ağlayam. İmkanım olsa, böyük bir yer tikdirib küçədəki bütün heyvanları ora yığaram. İnsanlara demək istəyirəm ki, ən azından Allah bizə istədiyimizi demək üçün dil verib. İmkanı olmayan şəxs küçədə dayanır, dilənib pul istəyir, dərdini kiməsə deyə bilir. Amma heyvanların buna imkanı yoxdur. Bunları bilməliyik. Küçədəki heyvana su, çörək verə bilərik. Biz insanların heyvanlardan öyrənəcəyi çox şey var. İnsanlar sevməyi, istəyi, sədaqəti heyvanlardan öyrənsinlər və onları sevsinlər. İnanın, qarşılığını mütləq verirlər və səni təmənnasız sevirlər".


 

 

 

 

 

(səs: 1)
Şərhlər: 9
Baxılıb: 1 802
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri