Bakirəlik Azərbaycanda qızın gələcəyi deməkdir- Ginekoloqdan DƏHŞƏTLİ ETİRAF

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 775
Səs ver:
(səs: 0)
Qadınlar.biz saytı publika.aza istinadən ali dərəcəli həkim, mama-ginekoloq Arzu Məhərrəmova ilə müsahibəni təqdim edir:

- Son günlər saytlarda “21-ci əsrdə bakirəlik aktual deyil” müzakirəsi aparıldı. Bəs ginekoloq nə düşünür?
- Həm mama-ginekoloq kimi, həm də ana kimi deyə bilərəm ki, bu, qızın tərbiyəsini göstərir. Bakirəlik Azərbaycanda qızın gələcəyi deməkdir. Nə qədər normal baxsalar da, zamanla həyat yoldaşı xırda bir münaqişədə bunu xanımının üzünə vura bilər. Və bu da artıq ailədə ciddi problemlərə səbəb olar. Çünki, belə hadisələrə pasentlərimdə rast gəlmişəm.

- Doğrudurmu ki, qız gec ərə gedərsə, doğulan uşaqda patoloji problemlər olur?
- Ümumiyyətlə, övlad dünyaya gətirən qadın mütləq bunu planlaşdırılmalıdır. Arzu olunan uşaq olmalıdır. Sayı da, vaxtı da, zamanı da. İntervala çox önəm verilməlidir. Ən az ikinci uşaq iki il keçdikdən sonra olmalıdır. Çünki, doğmuş qadının orqanizmi iki il müddətində ancaq bərpa olunur. Maddələr mübadiləsi, hormonal balansı, sinir sistemi iki il müddətində normaya düşür. Bu aralığı gözləmədən doğuş olsa, artıq uşaqda bəzi xroniki xəstəliklər ola bilir. 18 yaşına kimi bir qadının uşaq dünyaya gətirməsi məsləhət deyil. Belə qadınlar fiziki cəhətdən inkişaf etmirlər, psixi cəhətdən ana olmağa hazır deyillər. Fiziki cəhətdən güclü olmasalar, ya düşüklər olur, ya da vaxtından əvvəl doğuş, qeysəriyyə əməliyyatı, uşaqda qüsur, qanaxmalar olur və bu da sonsuzluq yaratma ehtimalını artırır. Normal hamiləlik 25-35 yaş arası olmalıdır. 35 yaşdan sonra artıq gec sayılır və bu dövrdə, yəni ekstragental xəstəliklər - ürək-damar sistemi, şəkər xəstəliyi, sinir sistemində olan dəyişiklər, hormonal balans, menstruasiya pozğunluqları özünü göstərir. Bu tip 35-dən sonra ilk hamiləlik yaşayan xanımları risk qrupuna daxil edirik. Ən təhlükəlisi də gec hamilə olan xanımların dünyaya gətirdiyi uşaqlarda genetik xəstəliklərə rast gəlirik. Daun xəstəliyi, başqa qüsurları olan uşaqlar dünyaya gəlir.

- Bizdə ən çox hansı qadın xəstəlikləri yayılıb?
- Avropa ölkələri ilə müqayisədə bizdə onkoloji xəstəliklər o qədər də çox deyil. Ancaq az da deyil. Son zamanlar cinsi yolla yoluxan xəstəliklərə çox rast gəlirik. Bu da kişilərin və xanımların xarici ölkələrə çox getməsi ilə bağlıdır. Uşaqlıq boynu eroziyaları, uşaqlıq boynu xərçənginə tez-tez rast gəlirik.

- Son vaxtlar ailələrin dağılmasına səbəb kimi qızlarımızın uşaq doğa bilməməsi göstərilir. İndi bu say niyə artıb? Belə fikirlər var ki, qızlarımızın arıq qalmaq üçün saxladıqları pəhrizlər, gözəl görünmək üçün geyindikləri geyimlər buna səbəb olur.
- Bu, tamamilə yanlış fikirdir. Qadının açıq geyinməyinin sonsuzluqla heç bir əlaqəsi yoxdur. Burda genetik, hormonal, uşaqlıq borusu, müştərəklik faktoru ola bilər. Qadında göbələk və süzənək, xlamidiya və digər iltihabi xəstəliklər ola bilər. Son vaxtlar kişilərdə sonsuzluq daha çox yayılıb. Əgər bir cütlük artıq bir ildir evlidirsə və uşaqları olmursa, biz bunu sonsuzluq adlandırırıq. Onlar bizə müraciət edərkən həm kişini, həm də qadını yoxlayırıq.

Qaldı ki, pəhrizə, tez bir müddətdə qadın 10 kq çəki verərsə və ya alarsa, onda sonsuzluq ehtimalı mümkündür. Çünki, bu yumurtalıqlara zərər verir və hormonal pozğunluq yaradır.

- Nikahsız bakirəliyini itirən xanımlar sizdən kömək istəyirlərmi? Qeyd etdiyim bakirəlik müzakirəsinin meydana çıxması bir art video ilə bağlı idi. Həmin videoda gəlin bakirəliyinin təbii olub-olmadığını sübut etmək üçün oturub-duraraq məşğələ edirdi. Bu, gerçəkdirmi və bu məslə ilə bağlı sizə müraciət ediblərmi?
- Mən belə bir şeyə sadəcə gülərəm. Oturub-durmaqla bunu bilmək olmaz. Mənə müraciət edənlər adətən psixoloji cəhətdən narahat olurlar. Mən də onları yönəldirəm psixoloqa. Belə problemlərə isə həddən artıq nəzarətdə saxlanılan qızlarda rast gəlirik. Nikahsız bakirəliyini itirən xanımlar infeksiya daşıyıcılarıdır. Əsrin bəlası olan SPİD xəstəliyi ən çox belə xanımlarda rast gəlinir.

- Suraqat ana anlayışını ictimaiyyət birmənalı qarşılamır. Siz hansı fikirdəsiniz?
- Azərbaycan qanunvericiliyində hələ ki, “suraqat ana” anlayışı qəbul olunmayıb. Bir həkim kimi buna pis baxmıram. Hər bir qadının ana olmaq istəyi var. Suraqat ana qadının hamilə qala bilməməsi ilə bağlıdır. Qadın istər süni mayalanma ilə, istər təbii mayalanma ilə ana ola bilmir. Ya gedib başqasının uşağın götürüb saxlamalıdır, ya da öz həyat yoldaşından uşaq istəməlidir. Suraqat anada kişidən donor kimi istifadə edirlər və mayalanmış yumurta hüceyrələrini daşıyıcı ana daşıyır. O qadın da bilir ki, uşağı dünyaya gətirdikdən sonra öz anasına verəcək. Bu da qanunla olur, imzalı, möhürlü şəkildə.

- Aborta necə baxırsınız? Müraciət edənlər çoxdurmu? Xanımlara nə məsləhət görürsünüz?
- İnkişaf etmiş ölkələrdə abort anlayışı geridə qalmaq üzrədir. Hamilə qalmamaq üçün xüsusi üsullar var. Xanımlar cinayət məsuliyyəti daşımamaq üçün həmin üsullardan istifadə edirlər və aborta ehtiyacları qalmır. Bunlardan cinsi əlaqədən əvvəl atılan dərmanlar, spermatidlər, uşaqlıqdaxili vasitələr, iynə, prezervativ, və s. Həkim kimi abortu məsləhət görmürəm. Onlara abortdan qorunmaq üçün lazım olan vasitələri izah edirəm. Xanımlar bəzən həkimdən çəkinir və ev şəraitində qəbul etdikləri dərmanla düşük yaradırlar. Ancaq bilmirlər ki, bu daha pis fəsad verir.

- Azərbaycanda arvadına xəyanət etmək az qala icrası vacib olan rituala çevrilib. Bunun fizioloji yükü ilə bərabər, sanki sosial sifarişi var. Sizcə şorgözlük niyə qəhrəmanlıq sayılır?
- Qəribədir, pasient xanımlarda infeksiya aşkar edəndə ilk sualları “həkim, bu xəstəliyi mənə həyat yoldaşım keçirməyib ki” olur. Soruşanda ki, sən ərindən şübhələnirsən? Deyirlər, “ola bilər də, kişidir”. Tarixi vərəqləsək, hətta Məhəmməd peyğəmbərin dövründə çoxarvadlılıq olub. Kişilərin genindədir bu. Xanımlarına xəyanət etməyən çox az sayda kişi var. Xəyanət edən kişilərin infeksiya vasitəsilə xanımlarında sonsuzluq yaratma ehtimalı çoxdur.

- Arzu xanım, düzdür ki, qızlıq pərdəsi andangəlmə olmaya bilər?
- Elə anlayış yoxdur. Sadəcə, qızlıq pərdəsi formalarına görə müxtəlifdir. Bizə müraciət edirlər ki, toy gecəsi məndən qan gəlmədi. Biz onları məhkəmə tibb ekspertizasına yönləndiririk və orada aydın olur ki, səbəb qızlıq pərdəsinin formasıdır.

- Evlənmək istəyənlərin nikahdan öncə tibbi müayinəsinin nəticələrinə nəzər salsaq görərik ki, HİV, Hepatit C və sifilis göstəriciləri dəhşətli şəkildə çoxdur. Sizcə niyə?
- Nikahdan öncə tərəflərin bir-birlərinin xəstəlikləri barədə məlumatlı olması çox əhəmiyyətlidir. Onlar xəstəlikləri barədə məlumatlı olarsa, həmin xəstəliklərdən özlərini qoruya bilərlər. Mənim bir xəstəm var, 10 ildir evlidir. Kişi hepatit daşıyıcısıdır və xəstəliyi həyat yoldaşına keçirməyib. Hətta xanım hamilə də qaldı, övladı belə hepatit daşıyıcısı deyil.

- Qadın kimi xoşbəxtsiniz? Bəlkə xoşbəxtliyin düsturunu bizə da açıqlayasınız?
- Çox xoşbəxtəm. Birinci ona görə ki, Azərbaycan vətəndaşıyam. Ölkəmi çox sevirəm. Dünyanın ən gözəl anası Azərbaycan anasıdır. Uşaqlıqdan ən çox sevdiyim peşə həkimlik olub. Xoşbəxtəm ki, həkiməm. Dünyaya uşaq gətirməkdən gözəl nə ola bilər. Üç oğul anasıyam. Üç qız nəvəm var. Həyat yoldaşımdan çox razıyam. O da həkimdir və biz bir-birimizi çox yaxşı başa düşürük.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 775
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri