"Bizim həyatımız Allahın keçmişidir!" - YUXU QAPISI

Müəllif: Nigar
Şərhlər: 2
Baxılıb: 1 687
Səs ver:
(səs: 0)
Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının növbəti qonağı şair Aqşin Yeniseydir. Adalet.az müsahibəni təqdim edir:

Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir.Sizin fikriniz necədir?
-Yuxu mənim üçün, sadəcə, müəllifsiz süjet xəttidir. Biz bu süjetə müdaxilə edə bilmirik. Yuxu beynin tənhalığıdır. Beynin özü üçün uydurduğu hekayələrdir. Həyatda olduğu kimi, yuxudakı hekayələrin də böyük qismi unudulur. Çoz az yuxu əhvalatı, təəssüratı var ki, insan ömrü boyu unuda bilmir. Yuxu bir növ psixoloji atavizmdir, məsələn, əksər insanlar yuxuda hündürlükdən yıxıldıqlarını görürlər, bu onların ağacda yaşayan əcdadlarından qalan psixi yaddaşdır, bizim meymunabənzər əcdadlarımızın ağaclardan yıxılmaq qorxusu indi də yuxularımızda yaşayır.

Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?
-Yox. Hərçənd ki, yuxusuna görə gələcəyindən narahat olan minlərlə şəxs haqqında əhvalat var tarixdə, ədəbiyyatda. Məsələn, rəvayətə görə, İudeya çarı İrodun yuxusuna bir gün Mixey peyğəmbər girir, deyir ki, ey Vifliyem, səndən doğacaq mənə İsrail hökmdarı. Qədim yəhudi peyğəmbərinin bu sözləri çara gələcəkdəki təhlükədən xəbər verirdi və çar yuxudan qalxıb səhəri gün İudeya üzərində hakimiyyətinin gələcəyini qorumaq üçün Vifliyemdə doğulmuş iki yaşından aşağı olan bütün körpələrin gizlincə öldürülməsinə əmr verir. Sarayda dülgər işləyən İsa peyğəmbərin atası bu əmri əsgərlərdən eşidib evə qaçır və ailəsini mağarada gizləyir. Beləliklə, gələcəkdə yaranacaq xristian dininin peyğəmbəri xilas olur. Mənim çar İrodla müqayisə olunacaq heç bir narahatlığım yoxdur.

Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?
-Yox, ümumiyyətlə, yuxu danışmağı və dinləməyi sevənləri ciddi adamlar hesab etmirəm, yuxuyozan və yozduranların isə ağlına şübhə ilə yanaşıram. İnsan yaşlaşdıqca daha çox yuxu görür. Bu da onunla bağlıdır ki, onun heç bir metafizik səbəbi yoxdur, sadəcə, yaşlaşdıqca həyat hadisələri yaddaşda çoxalır və insan yatdıqda, real həyatla əlaqəsi kəsildikdə beyin bu qarmaqarışıq arxivdə "vaxt öldürməyi” sevir.

Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?
-İnanmıram. Amma inanalar çoxdur, məsələn, yuxunu yaşadığımız dünyaya paralel dünya hesab edən yazıçı Borxes deyir ki, dünya tanrının gördüyü yuxudur. Bu, bəşəri absurda haqq qazandıracaq dərəcədə mübahisəli fikirdir. Belə çıxır ki, bizim həyatımız allahın keçmişidir! Amma bu fikri elə fikir kimi qəbul etmək lazımdır, təcrübədə sınamağa qalxsan gülünc vəziyyətə düşərsən. Belə bir inanc var ki, məsələn, Mendeleyiev Kimyəvi Elementlərin Dövrü sistemini yuxuda tərtib edib. Yəni elm sanki vəhy yolluyla ona agah olub. Tamamilə yanlışdır, adam, sadəcə, gecə-gündüz bu cədvəli necə tərtib etmək haqqında düşünürdü, yazırdı, pozurdu, evdən çıxmırdı, bazarlığa getmirdi. Ona görə iş prosesi yuxuda da dayanmırdı. Adətən, belə vəziyyətlərdə arvadları dahilərdən boşanırlar ki, ailəyə diqqət göstərmir.

Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?
-Yoxlamamışam, amma dejavularım olub. Qarşılaşdığım mənzərəni bəzən nə vaxtsa yuxuda, yaxud hardasa gördüyümü xatırlamışam. Bu hamıda olan bir haldır. Mən uzun müddət alkoqol depressiyasından əziyyət çəkmişəm, o vaxtlar demək olar ki, hər gecə qarabasmalar, hallüsinasiyalar görürdüm. Amma bilirdim ki, bunun real əsası yoxdur, bu sadəcə, psixi sıxıntıdır. Öz qarabasalarımla söhbət etdiyim anlar da olub. Psixi pozğunluq nəticəsində insan yuxu ilə reallıq arasındakı sərhədi itirə, nəyin yuxu, nəyin reallıq olduğunu ayırd edə bilməz. Bulqakovun "Master”i kimi.

Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?
-Xatırlamıram.

Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?
-Fikir verməmişəm, amma mənə elə gəlir yuxular eyni fonun çalarlarında baş verir, yəni ağ-qara kimi kəskin ziddiyyət müşahidə etməmişəm. Yuxu effektindən bir çox sahələrdə istifadə olunur. Məsələn, assasinlər, yaxud müsəlmanca desək, xaşxaşilər hələ XI əsrdə özünü fəda etməklə sui-qəsdlər həyata keçirən fədailərini yuxu effektləri vasitəsilə cənnətə inandırıb onları ölümə göndərirdilər. Narkotik vasitələrin təsiri altında onları yarıçılpaq gözəl qızların əyləndiyi bağçalara gətirir və bir müddət burda eyş-işrət içində bəsləyirdilər. Daha sonra onlara bu cür yerdə əbədi yaşamaq istəyib-istəmədiklərini soruşurdular. Hansı kişi belə bir yerdə yaşamaqdan imtina edər? Müxtəlif millətlərdən olan gənc qızlar, şərab, narkotika, sərin, yaşıl bağlar... Onlara deyilirdi ki, əbədi cənnət belə bir yerdir, əgər orada yaşamaq istəyirsinizsə, bu xəncəri, tutaq ki, Məlik şahın vəziri Nizamülmülkün ürəyinə saplamalısınız. Bütün bu təlimlər narkotik vasitələrin köməyi ilə yaradılan yuxu effektinin təsiri altında aparılırdı. Yaxud insana psixotrop maddələr verib yarıyuxulu vəziyyətdə ondan istənilən sirri almaq olar. Məsələn, həkim dostum danışır ki, narkozun təsiri altında olan xəstə qadın özünün lezbiyan sevgilisi ilə münsaibətlərindən danışırdı.

Hansı doğmanızı daha çox yuxuda görürsünüz?
-Ovqatdan asılı olaraq uzun fasilələrlə hamısını görmüşəm.

Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: " Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?
-Herakl allahın oğluydu və allahlara qarşı döyüşürdü. Yer üzündə hakimiyyəti allahlardan alıb insanlara verdi. O, insanlıq tarixinin ilk realistidir. Mən də eynən Herakl kimi düşünürəm; allahlar bizi peyğəmbərləri vasitəsilə yuxuya verib, yenidən hakimiyyəti ələ keçirmək istəyirlər. Ona görə insan çox az yatmalıdır. Herakl özü sutkada 2-3 saat yatırmış. Amma təəssüf ki, bizdə ayrı-ayrı insanları çıxmaq şərtilə bütün xalq yuxuya, xorultuya meyillidir.

Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?
-Mən düşünmürəm ki, həqiqət uzaqdadır və ona çatmaq lazımdır. Həqiqətə çatmaq yox, onu görmək lazımdır. Sözsüz ki, bundan ötrü gərək adamın gözü açıq olsun. Gözüaçıq olmaq üçün də gərək həm insan, həm millət gecə-gündüz oxusun, yazsın, işləsin. Yatan adamın evindən xəbəri olmur, o ki qala, həqiqət olsun!
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 687
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri