“Elmar zorla paltarımı əynimdən çıxarıb ...“

Müəllif: Nigar
Şərhlər: 1
Baxılıb: 4 789
Səs ver:
(səs: 0)
1993-cü ildə Şəmkir rayonu Yeniabad kəndində anadan olan Sədaqət Qafarova bu il fevralın 11-də, saat 19:40 radələrində intim münasibətdə olduğu Elmar Xudiyevə məxsus QAZ-32213 markalı avtomaşınla birlikdə Şəmkir rayonu Keçili kəndində yaşayan və falçılıqla məşğul olan Marina Məmmədovanın evinə gedib. Onlar maşında Marina Məmmədovanın evə gəlməsini gözləyiblər.

Teleqraf.com-un araşdırmlarına görə, bu zaman avtomobildə Sədaqət Qafarova və Elmar Xudiyev arasında şəxsi münasibətlər zəminində zorakılıqla müşayiət olunan mübahisə baş verib. Bundan əsəbləşən Elmar Xudiyev onu Kür çayının kənarına aparmaq qərarına gəlir. Elmar Sədaqət Qafarovaya əxlaqsız ailədən olduğunu sübut edəcəyini deyərək, avtomaşını həmin istiqamətdə idarə edib.

Sədaqət yolda dəfələrlə Elmar Xudiyevdən onu evə aparmasını tələb edib. Lakin Elmar Sədaqətin onu evə aparması tələbindən imtina edib. Bu zaman onların arasında mübahisə daha da qızışıb. Həmin gün saat 20:40 radələrində Elmar Xudiyev idarə etdiyi avtomaşını Şəmkir rayonu, Mahmudlu kəndinin giriş hissəsində saxlayıb. O, Sədaqətin saçından tutaraq özünə tərəf çəkib.

Elmar cibində olan soyuq silah hesab edilməyən bıçağı çıxararaq Sədaqət Qafarovanın sağ bud hissəsindən vuraraq ona xəsarət yetirib. Həmin vaxt bıçaq Sədaqətin ayağı altına düşüb.

Sədaqət Qafarova bu imkandan istifadə edərək hərəkətlərinə görə Elmar Xudiyevi öldürmək istəyib. Qadın niyyətini həyata keçirmək üçün bıçağı götürərək Elmar Xudiyevin döş qəfəsinə zərbə endirib. Elmar aldığı bıçaq yarasından dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, Sədaqət Qafarova bu əməli ilə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib və cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işinə hakim Faiq Mahmudovun sədrliyi ilə baxılıb.

"Elmarın maşını ilı işə gedib gəlirdim"

Məhkəmədə ifadə verən Sədaqət Qafarova elan olnumuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, rayonda fəaliyyət göstərən istilikxanalarda fəhlə kimi işləyərək valideynlərinə köməklik edib: "Elmar Xudiyevi təxminən bir il yarım əvvəl tanımışam. O, "Qazel” markalı avtomaşını ilə sərnişin daşıyırdı. Elmar ayrı-ayrı kəndlərdən fəhlələri toplayaraq onları müxtəlif istilikxanalara işləmək üçün aparıb-gətirməklə məşğul idi. Anam Tərlan və bacım Nəzakət məndən əvvəl Elmara məxsus olan "Qazel” markalı sərnişin avtomaşını ilə müxtəlif yerlərdə yerləşən istilikxanalara fəhlə kimi işləmək üçün gedib-gəliblər. Elmar sərnişin daşımaqla yanaşı istilikxanaların müdirləri ilə razılığına görə fəhlələrə verilməli olan pulları təhvil alıb. Həmin pulları fəhlələr arasında paylayıb. Sonralar anam ilə bacım Elmarın avtomaşını ilə deyil, başqa şəxslərin avtomaşınları ilə digər istilikxanalarda işləməyə gedib. Lakin özüm Elmarın avtomaşını ilə istilikxanalarda işləməyə gedib-gəlməyə davam etmişəm”.

"Mənimlə ikinci dəfə ailə qurmaq istədiyini dedi”

Təqsirləndirilən daha sonra qeyd edib ki, həmin vaxtlarda Elmarla aralarında yaxın münasibət yaranıb və onunla mütəmadi olaraq mobil telefonla danışmağa başlayıb: "Elmar özünə məxsus mobil telefon nömrəsi ilə mənim istifadəmdə olan mobil telefonuma mütəmadi zənglər edib. Elmar mesajlar yazmaqla məndən xoşu gəldiyini və ikinci dəfə ailə qurmaq istədiyini deyib. Elmarın ailəli və iki uşağı olduğunu bildiyimdən əvvəllər onunla münasibət saxlamaqdan çəkinmişəm”.

"Elmarın başqa qadınlarla da münasibətinin olmasını eşitmişdim”

20 yaşlı təqsirləndirilən qadın daha sonra ifadəsində qeyd edib ki, Elmar bir çox qadınlarla münasuibət qurub: "Elmarın istilikxanalarda işləyən başqa qadınlarla da münasibətinin olmasını eşitmişdim. Buna baxmayaraq, mütəmadi maraqlanaraq xoş sözlər deyirdi. Onun mənimlə evlənəcəyini deməsi məndə Elmara qarşı sevgi hissi yaratmışdı”.

"Onunla cinsi əlaqədə olmaq istəmədiyimi dedim”

Sədaqət Qafarovanın sözlərinə görə, təxminən 2012-ci ilin yanvar ayının 3-4-də Elmar onu öz avtomaşını ilə Şəmkir rayonu "Yasamal” dağları deyilən əraziyə aparıb: "Orada "Yastı meşə” deyilən yerdə avtomaşını saxladı. Biz orada avtomaşından düşərək bir müddət gəzişib, söhbət etdik. Elmar söhbət etdikdən sonra məni öpməyə və əynimdəki paltarları çıxarmağa başladı. Mənimlə cinsi əlaqədə olmaq istədiyini başa düşdüyümdən Elmara ailəli olduğunu xatırladım. Onunla cinsi əlaqədə olmaq istəmədiyimi dedim. Elmar məni sevdiyini, evlənəcəyini və lazım gələrsə, arvadından boşanaraq məni saxlayacağını dedi. Yenə də mənimlə cinsi əlaqədə olmaq istədi. Zorla paltarımı əynimdən çıxardı. Mənimlə cinsi əlaqədə oldu və bakirəliyimi pozdu. Sonra bir daha ailə quracağını bildirdi. Bu barədə heç kimə bir söz deməməyimi tapşırdı. Elmara inandım. Onunla münasibətim daha da yaxınlaşdı və mütəmadi olaraq həm üzbəüz görüşdük, həm də qarşılıqlı olaraq mobil telefonla əlaqə saxladıq”.

"Elmar hamiləliyimi pozmaq üçün dərman verdi”

Onun sözlərinə görə, hər dəfə işdən çıxarkən Elmarla Şəmkir şəhəri, Posanlı qəsəbəsi ərazisində, asfalt yolun kənarında ağaclar olan ərazidə onun idarə etdiyi "Qazel” markalı avtomaşının içərisində könüllü olaraq dəfələrlə cinsi əlaqədə olub: "2012-ci ilin mart ayında hamilə olduğumu bildim. Elmar hamiləliyimi pozmaq üçün dərman verdi. Həmin dərmanı içərək hamiləliyimi pozdum. Birinci dəfə hamilə qaldıqdan sonra Elmarın təklifi ilə cinsi əlaqədə olarkən hamilə qalmamaq üçün qorunmağa çalışdım. Həmin ilin təxminən iyul-avqust aylarında Elmarla növbəti dəfə cinsi əlaqədə olduğuma görə ondan hamilə qaldım. İki aylıq hamilə olanda Elmara yenə hamilə olduğumu bildirdim. Elmar isə etiraz edərək hamiləliyimi pozmağı tələb etdi. Bu məqsədlə də mənə müxtəlif dərman preparatları verdi. Lakin hamiləliyimi pozmaq istəmədiyimə görə, həmin dərmanları qəbul etmədim. Elmar hamiləliyimi pozmaq istəmədiyimi bildikdən sonra tez-tez mənimlə dalaşmağa başladı. Məndən qəti şəkildə hamiləliyimi pozmağımı tələb etdi”.

"O, məni aldatdığını dedi”

Sədaqət Qafarova ifadəsində qeyd edib ki, təxminən 2012-ci ilin sentyabr ayının əvvəllərində Elmar paltar almaq adı ilə onu aldadaraq işlədiyi istilikxanadan çıxarıb və öz avtomaşını ilə Şəmkir şəhəri, Posanlı qəsəbəsində əvvəllər görüşüb cinsi əlaqədə olduqları əraziyə aparıb: "Orada avtomaşını saxlayaraq mənimlə hamiləliyimi pozmaq istəməməyim ilə bağlı mübahisə etməyə başladı. Həmin mübahisə vaxtı Elmar mənimlə evlənməyəcəyini, cinsi əlaqədə olmaq üçün münasibət saxladığını deyərək məni aldatdığını izah etdi. O, hamiləliyimi pozmağımı tələb etdi. Mən isə Elmara hamiləliyimi pozmayacağımı qəti şəkildə bildirdim”.

"Elmar məni döydüyü üçün hamiləliyim pozuldu”

Təqsirləndirilən şəxs qeyd edib ki, buna görə də Elmar onu döyüb, təpiklə qarnına vurub: "Elmar məni döydüyü üçün hamiləliyim pozuldu və açılış olduğunu hiss etdim. O, daha sonra məni işlədiyimiz istilikxanaya apardı. Lakin özümü yaxşı hiss etmədiyimə görə Elmar tanış taksi sürücüsü Orxana zəng edərək onu istilikxanaya çağırdı. Orxanın avtomaşını ilə Elmar məni Şəmkir şəhəri Posanlı qəsəbəsində yaşayan özünün tanışı kimi təqdim etdiyi, sonradan adını bildiyim Sevinc Piriyevanın evinə gətirdi. Sevinc isə sonradan adını bildiyim Südabə Hüseynovanın evinə apardı. Orada həmin qadın məni müayinə və müalicə etdi. Elmar baş vermiş hadisə barədə hər hansı başqa şəxsə danışmamağımı tələb etdi. Biabır olacağımdan qorxduğuma görə bu barədə heç kimə danışmadım. Lakin bacım Nəzakətə baş verənləri bir müddətdən sonra danışdım”.

"Məni aldadaraq bədbəxt etdiyinə görə etiraz etdim”

Sədaqət Qafarovanın sözlərinə görə, daha sonra təxminən iki ay Elmar onunla cinsi əlaqədə olmayıb və hamiləliyini pozmaq istəmədiyinə görə hətta onu danışdırmayıb: "Bir müddətdən sonra isə yenidən mənimlə cinsi əlaqədə olmağa davam edib. Lakin münasibətlərimiz əvvəlki kimi yaxşı olmayıb. Təxminən üç ay sonra Elmar mənimlə münasibətini kəsmək istədiyini deyərək, başqa şəxslə tanış olduğunu, həmin şəxslə münasibət saxladığını və ondan uzaq olmağımı istədi. Elmara məni aldadaraq bədbəxt etdiyinə görə etiraz etdim. Onunla münasibətlərimiz barədə valideynlərimə məlumat verəcəyimi bildirdim. Elmar isə bu barədə başqa şəxslərə danışdığım halda məni biabır etməklə hədələdi. Mən də biabır olmamaq üçün heç kimə bu barədə danışmadım”.

"Elmara mənimlə pozğun kimi münasibətdə olması barədə söhbətlər etdiyini dedim”

O, daha sonra ifadəsində qeyd edib ki, Elmar onunla cinsi əlaqədə olmasını xəbəri olmadan mobil telefonuna çəkib: "Elmar həmin videonu başqa şəxslərə göstərəcəyini bildirərək, bir neçə dəfə məni şantaj edib. Bir dəfə 300 manat, bir dəfə də 400 manat pulumu alıb. Həmin videonu hətta iş yoldaşım Şakir də görüb.

Daha sonra Elmarla yalnız mobil telefonla danışmışam. 11 fevral 2013-cü il tarixdə Elmar evə zəng edərək valideynlərimə narahat olmamaları üçün axşamüstü bibimgildə olacağımı bildirməyimi istədi. Həmişə olduğu kimi təxminən saat 18 radələrində Elmar məni və iş yoldaşlarımı işlədiyimiz istilikxanadan götürdü. Fəhlələri payladıqdan sonra məni əvvəlcə dayım arvadı Güllü Qarayeva ilə birlikdə onun evinə apardı. Fəhlələri Şəmkir rayonu, Şiştəpə kəndinə ötürdükdən sonra məni dayımgildən götürəcəkdi. Elmar mənimlə dayım arvadı Güllünü onların yaşadıqları evin yaxınlığındakı avtomobil yolunda düşürdü. Dayım arvadı Güllü ilə birlikdə onlara getdim. Təxminən bir saat orada qaldım. Sonra Elmara zəng edərək nə vaxt gələcəyini dəqiqləşdirdim. Elmar axşam saatlarında öz mobil telefonum ilə qonşumuz Sahibin oğlu Elşənə zəng etməyimi tapşırdı. Dedi, zəng et ona de ki, dayım Səyyadgildəyəm, o da sizə gedib bunu desin, qoy valideynlərin narahat olmasın. Elmar digər fəhlələri evlərinə yola saldıqdan sonra təxminən saat 19:40 radələrində dayım Səyyadgilin evinin yaxınlığındakı avtomobil yolunun kənarına gələrək mənə zəng etdi. Məni orada gözlədiyini bildirdi. Evdən çıxıb Elmarın avtomaşınına əyləşdim. Elmar avtomaşını Şəmkir rayonu, Muxtariyyat kəndinin içərisi ilə Şəmkir rayonu, Keçili kəndində yaşayan və falçılıqla məşğul olan Marinanın evinin yaxınlığına sürdü. Marina evdə olmadığından biz avtomaşının içərisində onun gəlməsini gözlədik. Həmin vaxt Elmar istifadə etdiyim yeni aldığım "Samsung” markalı mobil telefonunu alaraq nömrələrə və mesajlara baxmaq istədi. Mən isə Elmara münasibətlərimin olmadığını deyərək telefonumu ona vermədim. Bununla əlaqədar Elmar bir dəfə ağız nahiyəmdən sillə ilə vurdu və avtomaşının mühərrikini işə salaraq həmin yerdən uzaqlaşdıq. Yolda Elmara istilikxanalarda işləyən digər şəxslərin arasında məni biabır etdiyinə və ailəmin başını aşağı elədiyinə görə narazılığımı bildirdim. Elmara mənimlə pozğun kimi münasibətdə olması barədə söz-söhbətlər etdiyini dedim. Elmar heç kimə belə bir söz demədiyini bildirdi. Bununla əlaqədar aramızda mübahisə oldu və Elmar Şəmkir rayonu, Keçili kəndinin içərisində avtomaşını saxlayaraq məni sillə ilə vurdu. Mən isə Elmarı əlim ilə vurdum və avtomaşının içərisində qarşılıqlı olaraq dalaşdıq. Elmar əsəbiləşərək avtomaşının mühərrikini işə salaraq məni Kür çayının qırağına aparacağını deyərək, avtomaşını həmin istiqamətdə idarə etdi. Elmardan dəfələrlə məni evə aparmağını tələb etdim və valideynlərimin narahat olacaqlarını izah etdim. Elmar isə ona "Siz ailəlikcə buraxmasınız. Mən də səni buraxma qadın kimi Kür qırağına aparıb istifadə edəcəm” dedİ. Elmara cavab olaraq öz ailəsinin buraxma olduğunu bildirdim. Həmin cavabdan daha da əsəbləşən Elmar avtomaşını Şəmkir rayonu, Mahmudlu kəndinin giriş hissəsində dayandırdı. O, saçımdan tutub başımı iki dəfə avtomaşının ön sağ hissəsinə vurdu. Əlim ilə sifətimi qorudum. Sonra Elmar "sənin ailənin buraxma olduğunu sübut etmək üçün səni Kür qırağına aparıb orada istədiyim formada cinsi əlaqədə olacağam" dedi. O, razılaşmadığım halda başımı kəsəcəyi ilə hədələdi”.

"Elmar ağzı üstə mənə tərəf əyilərək zəif səslə kömək çağırmağımı xahiş etdi”

Təqsirləndirilən şəxs daha sonra qeyd edib ki, Elmarın onu qorxutmaq üçün hədələdiyini düşünüb. O, Elmara onunla getməyəcəyini deyərək avtomaşının sağ qapısını açıb: "Mən avtomobildən düşmək istədim. Həmin vaxt Elmar saçlarımdan tutaraq özünə tərəf çəkdi və cib bıçağını çıxartdı. Elmarın dişləri ilə bıçağı açdığını və həmin bıçağı boğazıma tərəf tutduğunu gördüm. İki əlimlə onun əlini aşağıya dartdım. Bıçağı əlindən buraxması üçün sıxıb silkələdim. Həmin vaxt Elmar əlindəki bıçaqla bud nahiyəmdən vurdu. Bıçağı onun əlindən almaq istəyərkən sağ əlimi də kəsdim. Bıçağı buraxması üçün onun əlindən tutub aşağıya dartdım. Əlini sıxıb silkələyərkən bıçağın qatlanaraq Elmarın əlini kəsdiyini hiss etdim. Elmar əlini kəsdiyinə görə bıçağı buraxdı. Həmin bıçaq onun ayaqlarının altına - avtomaşının ayaqaltına düşdü. Elmar bıçağın əlindən avtomaşının ayaqaltısına düşdüyünü görüb saçlarımı buraxdı. Məni özündən kənara itələyərək həmin bıçağı götürmək üçün aşağı əyildi. Mən isə bıçağı düşdüyü yerdən götürmüşdüm. Bıçaq yarım açıq vəziyyətdə olduğundan bıçağın tiyəsini tam açdım və dərhal da Elmarın sinəsinə bir dəfə zərbə vurdum. Elmar ağzı üstə mənə tərəf əyilərək zəif səslə kömək çağırmağımı xahiş etdi. Mən də dərhal öz mobil telefonumla Orxana zəng etdim. Ona Elmarı bıçaqla vurduğumu deyərək xəstəxanaya aparmaq üçün kömək etməsini xahiş etdim. Olduğumuz yeri də ona izah etdim. Elmarın ölməsindən qorxub Orxanın mobil telefon nömrəsinə təkrar zəng edib təcili gəlməsini xahiş etdim. O, gələcəyini desə də, təxminən 10 dəqiqə keçməsinə baxmayaraq, onun gəlmədiyini gördüm. Bir neçə dəfə yenidən təkrarən ona zəng etdim. Orxan avtomaşının mühərrikinin işə düşmədiyini deyərək, telefonu söndürdü. Orxana bir daha zəng etdim və ondan kömək istədim”.

"Bacıma zəng vuraraq hadisə barədə dedim”

Onun sözlərinə görə, Orxan kömək üçün başqa şəxslərə deyəcəyini bildirib və telefonu söndürüb: "Sonra Elmarın əlini və üzünü ovxalayaraq onu isitməyə çalışdım. Qonşumuz Elşənə zəng edərək Elmarı bıçaqla vurduğumu və valideynlərimə bu barədə məlumat verməyimi istədim. Elə həmin vaxt Elmara məxsus olan "Qazel”in yanında başqa bir avtomaşının dayandı. Dərhal "Qazel”dən düşərək həmin avtomaşına yaxınlaşdım. Avtomaşından düşmüş şəxslərə "Elmar məni bıçaqla vurmaq istəyirdi. Mən bıçağı əlindən alıb onu vurdum” deyərək Elmarı xəstəxanaya aparmalarına kömək etmələrini istədim. Lakin çox həyəcanlı olduğundan həmin vaxt huşumu itirdim və yerə yıxıldım. İstilikxanada işləyərkən tanıdığım Şakirin məni ayıltmağa kömək etdiyini gördüm. Ayıldıqdan sonra ora gələn şəxslərin Elmarı öz avtomaşınlarının arxa oturacağına uzandırdıqlarını gördüm. Mən də həmin şəxslərlə birlikdə getmək istəsəm də, onlar avtomaşında yer olmadığını deyərək, orada qalmağımı istədilər. Lakin təkidlə həmin avtomaşına əyləşmək istədim. Buna görə də avtomaşının tanımadığım sürücüsü məni sillə vurdu, yer olmadığını deyərək, maşını sürüb həmin yerdən uzaqlaşdı. Həmin vaxt bacıma zəng vurub hadisə barədə məlumat verdim. Elmara zərbə vurduğum bıçağı "Qazel"in içinə tulladım”.

"Elmarı öldürmək istəməmişəm”

Təqsirləndirilən şəxs qeyd edib ki, Elmar ona məxsus mobil telefonlardan birini əlindən alaraq sındırıb və Şəmkir rayonu, Keçili kəndindən çıxarkən küçəyə tullayıb: "Digər telefonum isə özümdə olub. Təxminən 5-10 dəqiqə gözləsəm də, heç kimin gəlmədiyini görüb oradan keçən dəmiryolu ilə körpüyə tərəf getdim. Bir müddət körpünün yaxınlığında gözlədim. Sonra "Şəmkirin üç yolu” deyilən istiqamətə tərəf getdim. Üstümdəki mobil telefonun batareyasında elektrik yükü qurtardığından telefon sönmüşdü. Ona görə də heç kimə zəng edə bilməmişdim. Piyada əvvəlcə Seyfəli kəndinə, oradan isə Şəmkir şəhərinə tərəf getdim. Bu müddət ərzində nə edəcəyimi bilmirdim. Şəmkir rayon polis şöbəsinə gedərək törətdiyim əməl barədə məlumat verərək könüllü təslim olmaq qərarına gəldim. Şəmkir şəhərinin "Dörd yol" deyilən ərazisindən polis şöbəsinə doğru gedərkən təsadüfən bacım Aidənin əri Ramin Orucovu gördüm. Həmin vaxt Ramin Orucova da baş verənləri danışdım. Ramin atamgilə zəng edib onları həmin yerə çağırdı. Atamgil həmin yerə gəldi. Onlara könüllü olaraq polisə getmək istədiyimi bildirdim. Atam ilə birlikdə Şəmkir rayon Polis şöbəsinin Kür polis bölməsinə getdim. Könüllü olaraq təslim oldum. Elmarı öldürmək istəməmişəm. Özümü qorumaq üçün Elmar Xudiyevə bıçaqla zərbə vurmuşam”.

8 il cəza...

Məhkəmə şahid ifadələrini dinlədikdən sonra hökm elan edib. Məhkəmənin hökmü ilə Sədaqət Qafarova 8 il müddətinə azadlıqdan məhrum edilib. Sədaqət Qafarovanın vəkili Yusif Hüseynov məhkəmənin hökmündən apelyasiya şikayəti verərək hökmün ləğv edilməsini və ədalətli qərar çıxarılmasını xahiş edib. Məhkum Sədaqət Qafarova da apelyasiya şikayəti verib. O, şikayətində cinayət işinin təzədən ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilməsini istəyib.

Şikayətə Gəncə Apelyasiya Məhkəməsində baxılıb. Hakim Bədəl Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxsin və onun vəkilinin apelyasiya şikayəti təmin edilməyib.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 789
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri