"Nə vaxt tərpənirsən?" - "EVDƏ QALAN" qızlar, OXUYUN

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 2 067
Səs ver:
(səs: 1)
Niyə axı hələ də ərə getməmisən? Bu sual səndən daha çox ananı və nənəni narahat edir. Onlar hətta bunu özlərinə ürəklərinə salacaq qədər dərd edirlər. Çünki qonşular və qohumlar onları bu sualla artıq təngə gətiriblər.

Gözəl görünüşün və uğurlu karyeran işdəki kollektivin evli qadınları ilə yanaşı, hətta kişilərini də təəccübləndirir: axı sənin kimi qız niyə hələ də ərə getməyib? Bu azmış kimi səndən xoşlanan kişilər də bu sualla səni yorur...

Bütün bunların nəticəsi olaraq, güzgü qarşısında dayanıb, uzun-uzadı özünə baxırsan və soruşursan: nəyə görə, mən hələ də ərdə deyiləm?

Yaşın 30-u keçib, amma sən indiyə kimi bir dəfə də olsun ailə qurmağı öz prioritetlərin sırasına daxil etməmisən. Ona görə də bu yaşa qədər çıxan uyğun namizədləri və vəziyyətləri dəyərləndirməmisən. Ya da özünü “elçi daşı”nızın üstündə oturan hər hansı bir oğlanın arvadı olaraq görə bilmədiyin üçün azad və sərbəstliyi seçmisən. Beləcə illər keçib...

Artıq həyata baxışın dəyişib. Qəlbinin dərinliyində gözəl həyat yoldaşı və ailə qurmağı arzulayırsansa, amma heç bir evlilik təklifi almırsansa, bunun səbəblərini ilk növbədə özündə axtarmalısan. Çünki sən...


...Bağlanmaqdan qorxursan

Bəlkə də müasir qadınların tək, müstəqil olmaqlarının əsas səbəbi budur. Axı müasir qadınlar pərəstişkarlar baxımından korluq çəkmirlər. İnternet zamanəsidir, virtual tanışlıq, görüşlər, indi yeni sevgilərin yaranmasına daha da təkan verir. Bax elə həmin pərəstişkarların çoxluğu səni bir növ rahatlayır. Düşünürsən ki, bu, hər zaman belə olacaq. Ondan daha yaxşısı gələcək. Daha bir məqam isə səndən xoşlanan kişini yaxına buraxıb, ona bağlanmaq, daha sonra isə əzab çəkmək qorxusudur. Bəli, biz qadınlar ailə qurduqdan sonra xəyal qırıqlığına uğramaqdan - xəyanətdən qorxuruq. Çünki hətta ciddi münasibətlərdə belə xəyanət riski qaçılmazdır. Bu hiss də səni içindən yeyir ki, amanın günüdür, məni başqası ilə aldadar. Ona görə də addım atıb, ailə qurmaqdan çəkinirsən. Bununla da öncədən öz xoşbəxtliyini əngəlləyirsən.

Bəzən həddindən artıq əlçatmaz olursan

Sən bunu istəsən də, istəməsən də hər hansı bir kişi ilə ünsiyyətdə olan zaman buzdan heykələ dönürsən. “Mənə toxunmaq olmaz, öpüşmək heç olmaz. Elimizin adəti var, atam-qardaşım var...” Təbii ki, ciddi qız obrazı gözəldir. Münasibətin əvvəlində bu sevgilinin xoşuna gələ bilər. Amma zamanla ən inadkar kişi belə sənin soyuqluğundan, laqeyid davranışlarından yorulacaq. Düşünəcək ki, sənin xoşuna gəlmir. Belə etməklə sən onu başqa qadının qollarına atmış olacaqsan. İmkan ver ki, səndən xoşlanan kişi, yanında rahatlıq, hüzur və xoşbəxtlik tapsın.

Hələ də keçmişinlə yaşayırsan?

Keçmiş sevgili üçün darıxmaqda, gözəl xatirələr haqqında düşünməkdə qəbahət yoxdur. Amma münasibət bitib, artıq bunu beyninizə “yeridin”. Yox, əgər keçmiş sevgilinin xəyalları hələ də səninlədirsə, hətta yeni tanış olduğun kişi ilə baş-başa qalmağa imkan vermirsə, özünü topla, çünki yanlış yoldasan. Keçmiş sevgilini yeni tanış olduğun kişi ilə müqayisə etmə, bu sənə ancaq əzab verəcək. Belə etməklə sən nəinki xoşbəxt olmaq, hətta gələcək həyatını riskə atmış olursan. Onu unuda bilmirsənsə, vida məktubu yaz, ürəyindəkilərin hamısını yaz və ona göndər. Dərindən nəfəs alıb, keçmişə nöqtə qoy, ürəyini yeni hislər üçün aç.

Perspektivi olmayan münasibətlərə son qoy

İstisna deyil ki, sənin ərə getməyinə mane olan amillərdən biri də çoxdan son qoymalı olduğun münasibətlərini hələ də sürdürməyindir. Uzun illərdir bərabərsiniz. O, səni sevdiyini iddia edir, amma evlənməklə bağlı söhbət salmır. Ya da müxtəlif bəhanələr gətirir, maneələr, arqumentlər göstəririr. Bununla da sənin ömründən- günündən oğurlamış olur... Özün də hiss edirsən ki, bu münasibət boşdur, zaman və hiss itkisidir. Artıq ondan ayrılmaq vaxtıdır. Amma buna cəsarətin çatmır. Hələ də ümidlə yaşayırsan ki, bəlkə nə vaxtsa münsibətləriniz ciddi və xoşbəxt sonluqla bitəcək. Bəlkə ürəyinin səsinə qulaq asasan. Çünki o heç vaxt səni yanıltmayıb. Belə münasibətləri kəsmək çətin olsa da, vacibdir. Əgər əsl xoşbəxtliyə sahib olmaq istəyirsənsə buna son qoy. Yeni səhifədən başla. Hər şeyi başdan başlamaq səni heç də qorxutmasın.


Qısqanclıq və dava səhnələri sənin xoşuna gəlir?

O, səninlə münasibətdə daim qanıqaralıq yaradır. Xırda bir məqamı bəhanə edərək, gözəl bir günü burnundan gətirir. Sən ona bağırırsan-çığırırsan, göz yaşların sel-su olur. Və pərdə qapanır- o, üzünü çevirib soyuqqanlılıqla gedir. Gözün telefonda qalır. Və budur... ondan uzun-uzadı üzrxahlıq mesajı gəlir, yenə də təslim olursan, barışırsan. Üzərindən iki gün keçməmiş, sənin əynindəki qısa ətək onu özündən çıxarır və yenidən dava-mərəkə qopur... Axı deyəsən, qovğa və savaşlar, sonra barışıb, yenidən dalaşmaq sənin xoşuna gəlir axı?! Yaxşı bilirsən ki, belə münasibətlərə ən güclü sevgi belə tab gətirə bilməz. Amma yenə də imkan verirsən ki, bu adam sənin həyatınla, heç vaxt bərpa olunmayacaq əsəb hüceyrələrinlə “oynasın”. Olmaya, bundan zövq alırsan? Məsələnin kədərli məqamı ondan ibarətdir ki, sən vaxtını, ömrünü və əsəblərini boş qalmaqallara, bitib tükənməyən “tamaşalara” həsr etdiyin zaman ətrafına sənə dəyər verəcək, sevib, əzizləyəcək kişilər diqqətindən kənarda qalır. Bəlkə də yaşadığın münasibət fonunda sənə diqqət və qayğı, stabil və sakit həyatı verəcək kişi darıxdırıcı görünür. Amma artıq gözlərini açıb, dörd bir yanına diqqətlə baxmağın zamanı gəlib və keçir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 067
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri