Bu gün PrimeTime.az saytında aktyor Səbuhi Xanlarovun həyat yoldaşının uzun sürən xərçəng xəstəliyindən sonra vəfat etməsi ilə bağlı xəbər yayılıb.
Teleqraf.com xəbər verir ki, az öncə bu xəbər elə həmin sayt tərəfindən təkzib olunub.
Aktyorun bacısı Vəfa Xanlarova həmin saytın redaksiyasına zəng edərək, məlumatın doğru olmadığını bildirib. O deyib ki, qardaşının hansı səbəbdən belə addım atdığını anlaya bilmir: "Onun yoldaşı sağdır. Düzdür, xəstədir. Amma indi öz evində, övladlarının yanındadır. Ayıbdır. Onlar ailəlidirlər. Çox xahiş edirəm, bu xəbəri silin. Yalan məlumatdır. Yazıq anamın ürəyi gedib, atamın vəziyyəti pisdir. Hamiləyəm, xəbəri oxuyandan özümə gələ bilmirəm. Bilmirəm o niyə belə eləyir. Yəqin ki, reklam axtarır. Amma belə reklam olmaz".
Qeyd edək ki, yaydığı yalan xəbər ifşa olunduqdan sonra Səbuhi Xanlarovla əlaqə saxlamağa çalışdıq. Lakin o, hələ ki, zənglərə cavab verməyib.
Aktyor Elcan Rəsulov isə Teleqraf.com-a bildirib ki, əslində, bu məsələdə aləm bir-birinə dəyib:
"İş ondadır ki, Səbuhinin bacısı da yalan danışır. Aktyorun bacısı Vəfa atasının vəziyyətinin pis olduğunu deyir. Amma onların heç atası da yoxdur axı. Təzə rəhmətə gedib. Kişinin ili çıxmayıb".