Hansı içkilər sağlamlıq üçün faydalıdır? Bu sual maye qəbuluna tələbatın
artdığı yay fəslində insanları daha çox düşündürür. Hazırda marketlərdə
əhali üçün çoxsaylı çeşidlərdə içkilər təklif olunur. Bununla yanaşı ev
şəraitində də müxtəlif içkilər hazırlanır. Belə böyük seçim qarşısında
hansı içkilərə daha çox üstünlük verilməlidir?
Təbii ki, bu sırada birinci yeri orqanizm üçün faydalı və zəruri olan
adi təmiz su tutur. Su bütün orqanların və orqanizmdəki bütün
sistemlərin fəaliyyətini təmin edir, maddələr mübadiləsini tənzimləyir
və zərərli maddələrin orqanizmdən xaric olunmasında əsas rol oynayır.
Söhbət təmiz, qaynadılmamış sudan gedir.
İstinadən bildirilir kii, faydalı içkilərin sırasında gündəlik istifadə
olunan çaylar mühüm yer tutur. Ancaq burda da seçimi düzgün etmək
lazımdır. Çoxçeşidli çayların siyahısında yaşıl çay birinci yerdə durur.
Yaşıl çayın orqanizm üçün faydaları hamıya məlumdur. Uzunömürlülərin
içkisi olan yaşıl çay ilin bütün fəsillərində insan üçün müsbət enerji,
xoş əhval, gümrahlıq deməkdir.
Çayların arasında nanə çayını da faydalı içki kimi qəbul etmək olar.
Nanə çayı həzm sisteminin fəaliyyətini normallaşdırır, ürək damar
sistemi üçün olduqca faydalıdır və ən başlıcası isə sakitləşdirici
xassəyə malikdir.
Faydalı içkilərdən danışarkən təzə çəkilmiş meyvə şirələrini xüsusilə
vurğulamaq lazımdır. Təbii meyvə şirələri orqanizmin vitaminlərə
tələbatını ödəməklə yanaşı ayrı-ayrı orqanların fəaliyyətini
normallaşdırır, bədənin ümumi tonusunu stimullaşdırır. Metvə şirələrinin
arasında ən faydalısı alma, nar, narıngi, qreypfrut, ananas şirələri
sayılır. Düzdür, bütün meyvə şirələri xeyirlidir, amma sadaladığımız
meyvələrin tərkibi daha zəngindir.
Kök şirəsinin insan orqanizmi üçün faydaları saysız hesabsızdır. Kök
şirəsi immuniteti gücləndirir, qanı təmizləyir, qaraciyərin fəaliyyətini
yaxşılaşdırır, ödqovucu xassəyə malikdir, görmə qabiliyyətinə müsbət
təsir göstərir, dərinin sağlam və gümrah görünməsində mühüm rol oynayır.
Pomidor şirəsi də faydalı içkilər sırasındadır. Orqanizmi A və C
vitamininləri ilə təmin etmək üçün bu şirə ən yaxşı içki sayıla bilər.
Bununla yanaşı pomidor şirəsi xərçəng xəstəliklərinin profilaktikası
üçün ən yaxşı vasitələrdən biridir. Ancaq bir şərtlə ki, duz qatılmadan.
Süd sağlamlıq üçün faydalı olmaqla yanaşı artıq çəkidən xilas olmaq
istəyənlər üçün də ən yaxşı içkilərdən biridir. Çünki insan süd içərkən
onda toxluq yaranır və yeməyə ehtiyac duyulmur. Süd orqanizm üçün vacib
olan karbohidratlar, protein, kalsium və D vitamini ilə zəngindir. Ancaq
nəzərə almaq lazımdır ki, az yağlılığı olan süddən istifadə
edilməlidir.
Yay mövsümündə daha çox istifadə olunan ayran susuzluğu yatıran ən
yaxşı içki olmaqla yanaşı, o həm də tənəffüs yolları, ağciyərlər üçün
olduqca xeyirlidir. Ayran həmçinin mədə və bağırsaq, əsəb sistemi üçün
də faydalıdır.
Zövqünüzə görə qarşıdan gələn yay günlərində yuxarıda adlarını
çəkdiyimiz içkilərə daha çox üstünlük verin. Xərclədiyininz vəsaiti
faydalı içkilərə sərf edin. Ən başlıcası isə geninə-boluna reklam olunan
qazlı şirin içkilərdən imtina etməyi bacarın.