Həftəbecər turşusu

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 16 149
Səs ver:
(səs: 2)
Düzdür, turşu sezonu qurtarmaq üzərədir, amma mən yenə də sizə bir turşu resepti yazmaq istədim. Turşu həvəskarıyam (yeməyi nəzərdə tuturam). Uşaqlıqda Bakıdakı həyətimizdə pərpətöyün bitərdi. Bacım və mən ondan yığıb bankalara doldurar, üstünə də sirkə tökərdik. Bİr həftəyə turşumuz hazır olardı. Fəxrlə yeyərdik. Özü də heç də pis alınmırdı. Təəssüflər olsun ki, Amerikada pərpətöyündən istifadə etmirlər. Onu yararsız ot hesab edirlər. Amma günlərin bir-günü Meksikan marketlərinin birində (burada Meksikalıların sayı çox olduğundan, çox sayda marketləri də var) gözümə tanış ot sataşdı. Üstündə ispan dilində "verdolaga”  yazılmışdı.  Diqqətlə baxdığımda gördüm ki, elə  bizim Bakıdakı həyətdə bitən pərpətöyünün eynisidir.  Sən demə, Meksika mətbəxində də pərpətöyündən istifadə edirlər, amma turşu üçün deyil - onun yeməyini bişirirlər. Nə isə, deyəsən pərpətöyün haqqında çox danışdım. Axı bu günkü turşu pərpətöyün turşusu deyil. Keçək turşumuzun izahına. Həftəbecər turşusunda bütün tərəvəzlər doğranıb bankalara yığılır. Bu turşunu hazırlamaq o qədər də çətin deyil. Sadəcə olaraq, tərəvəzləri doğramaq bir az vaxt aparır, amma eybi yoxdur, dəyər, çünki nəticədə öz əllərinizlə hazırladığınız turşunu süfrəyə çıxarmış olacaqsınız, özü də böyük fəxr hissiylə, eyniylə mənim pərpətöyün turşusunu hazırladığımdakı kimi:)

 

Həftəbecər  turşusu

2 litrlik banka üçün

500g badımcan (təxminən 3 ədəd) - kiçik kublara doğranmış
1 kg (1 orta boy) kələm - yarı bölünüb nazik-nazik  doğranmış
250 g (2 ədəd) yaşıl bibər - iri-iri doğranmış
1 acı bibır (əgər turşunuzun bir az acı olmasını istəyirsinizsə istifadə edin) - iri-iri doğranmış
500 g (4 ədəd) göy pomidor - iri-iri doğranmış
500 g (4 ədəd) yerkökü - uzunsov nazik-nazik doğranmış (digər tərəvəzlər kimi də doğraya da bilərsiniz)
1 kərəvizin sapı - iri-iri doğranmış
1 baş sarımsaq - doğranmış
1 stəkan xırda doğranmış nanə
1 stəkan xırda doğranmış cəfəri
4 xörək qaşığı duz

təxminən 300 ml ( 1/3 litr) və ya bankanı dolduracaq qədər sirkə


1. Doğranmış badımcanı aşsüzənə yığın və üstünə təxminən 2 xörək qaşığı duz səpin. Üzərinə ağırlıq (qapaq və ya qab) qoyun və 20 dəqiqə müddətində kənarda saxlayın. Sonra badımcanları yuyun,  yaxşıca süzün, suyunu sıxın və qalın salfet və ya kağız dəsmalla qurulayın.


 

2. Doğradığınız bütün tərəvəz və göyərtiləri iri ləyənə qoyun. Üstünə 2 xörək qaşığı duz səpin və əlinizlə ərzaqları yaxşıca qarışdırın. 20 dəqiqə müddətinə kənara qoyun.  Bu müddət ərzində tərəvəzlər sulanacaq.

 

3. Tərəvəzləri əlinizlə sıza-sıxa suyunu çıxardın. Sıxılmış ərzaqları bankaya doldurun. Üstünə sirkə töküb bankanı bağlayın. Turşunu sərin yerə qoyun. 1-2 həftəyə hazırdır.

 


/Mənbə: Fəridənin yemək kitabı/
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 16 149
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri