Tərkibi: 1 böyük dilim qılınc balığı ( və ya sümüyü az istənilən balıq növü) 1 ədəd portağal 1 ədəd limon 1 diş sarımsaq duz, istiot qızartmaq üçün kərə yağı
Hazırlanması: İlk öncə balığa duz və istiot səpib hərtərəfli yayın. Portağal və limonu yaxşıca yuyub qabığını rəndədən keçirin. Daha sonra portağalın suyunu bir stəkana sıxın, limonun suyunu da başqa bir stəkana sıxıb kənara qoyun. Tavada kərə yağını əridin. Balığı tavaya qoyub qızardın. Tavada olan balıq filesinin üzərindən bıçaqla kəsiklər atın. Sarımsağı da xırda doğrayın. Rəndələnmiş limon, portağal qabığı və sarımsağı tavadaki yağa əlavə edin. Balığın bir tərəfi qızardıqda digər tərəfinin qızarması üçün çevirin. Sıxdığınız limon və portağal suyunu da tavaya əlavə edib balığı bişirin. Arabir qaşıqla tavadaki sousdan götürüb balığın üzərinə gəzdirin. Balıq bişib suyu azaldıqda boşqaba qoyub, şirəli sousunu da üzərinə gəzdirin və isti halda süfrəyə verin. Nuş olsun!