Skinny cinslərin cəsarətli rəqibi - Mom cinslər

Şərhlər: 6
Baxılıb: 4 039
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 1)
Hər mövsüm bir az dəyişikliyə uğrayaraq qarşımıza çıxan skinny cinslərin axır ki, rəqibi çıxdı. Mom cinslər... Geniş kəsimi, yüksək beli və rahat forması ilə keçmişdən bizə tanış olan bu cinslər artıq son zamanlar tez-tez rastımıza çıxır. Elə buna görə də bu dəfə "Dəb gündəliyi” rubrikamızda sizə mom cinslərin dəb dünyasına daxil olmasını və bir-birindən şıq mom cins modellərini təqdim edirik.

Mom cinslər ilk dəfə mağazaların vitrinlərində 1980-ci illərdə görünməyə başladı. Və skinny cins dizaynerlərinin də marağına səbəb oldu. Yarandığı gündən mom cinslər, əsasən, xanımların rahatlığı üçün nəzərdə tutulub. İlk vaxtlar orta yaşlı xanımların daha çox üstünlük verdiyi cinslərə çevrildi. 1990-cı illərdə isə bütün xanımlar tərəfindən geyinilməyə başlandı. Bu dövrə qədər mom cinslər ABŞ-da daha çox geyinilirdi. Amerikada mom cinslər disko tərzini xatırladırdı. Dəri ayaqqabı və yaxası açıq köynəklə mom cinsi dəstləşdirib həmin dönəmin disko tərzini yaratmaq amerikalı xanımlar üçün çox asan idi. İngiltərədə isə mom cinslər şahzadə Diana ilə məşhurlaşdı. Belə ki, Diana sadə ağ köynəyi ilə mom cinsini geyinib rahatlıqla küçəyə çıxa bilirdi. Şahzadə olmağı və kraliyyət qayda-qanunu onun mom cinslərə olan sevgisinə heç vaxt mane ola bilmədi. 

2000-ci illərdə də Mom cinslər skinny-lərə rəqib olmağa davam edirdi. Amma hələ də, skinny-lərdən üstün olmağı bacarmırdı. 2003-cü ilin mayında Saturday Night Live-də reklam olunması denimin bu növünü daha da məşhurlaşdırdı. Və getdikcə bu dönəmdə də mom-lar itirdiyi üstünlüyü bərpa edirdi. Bir müddət sonra, 2013-14-cü illərdə Marc Jacobs’un Louis Vuitton üçün hazırladığı payız-qış kolleksiyasında möhtəşəm şəkildə qarşımıza çıxdı. Təbii ki, 90-lardakı kimi Looney Tunes-n xarakterlərinin bəzədiyi köynəklərlə yox, işləməli və "couture” parçalarla önə çıxmağa başladı. Bu da onun disko tərzindən uzaqlaşıb daha qadınsı tərzləri ifadə etməsinə kömək etdi. Bir il sonra isə Gucci, Chloe, Dolce & Gabbana, Fendi, Kenzo, Mm6 Maison Martin Margiela kimi brendlərin 2015 yaz-yaz dəb nümayişlərində yüksək belli, geniş seqmentli modellərini də gördük. 

Mom cinslərin son zamanlar dəb aləmində yüksəliş etməsində sözsüz ki, "küçə”lərin də böyük rolu var. Əvvəllər hər bir trend podiumlardan küçələrə keçirdisə, indi əksinədir. Küçə dəbi podiumlardakı kolleksiyaları formalaşdırır. Elə mom cinslər kimi. Momlar son zamanlar podiumlarda Emmanuelle Alt-ın skinny-lərindən imtina edib mom cinslə podiuma çıxması ilə öz yüksəlişini yaşadı. Dünyaca məşhur bloqer Leandra Medine isə mom cinslər haqqında tam 132  dəfə post paylaşıb. Əsasən, bu postlar mom cinslərin necə, nə zaman geyinilməsi, nə ilə kombinlənməsi kimi mövzuları əhatə edir. Hətta o, postlarının birində qeyd edib ki: "Mom cinslər skinny, qara qısa paltarlar kimi qadını gözəl göstərməyə çalışmır. Onların belə dərdi yoxdu. Mom cinslərin gücü insanları cəlbetmək və estetik cəhətdən yaxşı görünmək düşüncəsindən uzaqlaşmaqda, "cool” görüntü yaradıb, rahatlıq bəxş etməkdədir.”.
Mom cinslərin yaranmasından, dəb aləminə necə gəlməyindən danışırıqsa onları necə geyinməyin də yollarını bilməkdə fayda var. Ona görə də sizə bu sevimli və rahat cinsləri geyinməyin 5 yolunu təqdim edirik: 
1. Mom cins geyinirsinizsə çalışın onu nude çalarlarında olan hündürdabanlı ayaqqabılarla dəstləşdirəsiniz. Belə olduqda həm ayaqlarınız uzun görünəcək, həm də ki, onu axşam yeməyə, görüşə gedəndə də rahatlıqla geyinə biləcəksiniz.

2. Hamı ilə eyni cür mom cins geyinmək istəmirsinizsə onu özünüzünküləşdirə bilərsiniz. Misal üçün üzərinə kiçik yamaqlar ata, stikerlər yapışdıra bilərsiniz. 

3. Çalışın biləyinizi örtməyən ayaqqabılar geyinəsiniz.

4. Onu idman tərzli geyimdən uzaqlaşdırıb şıq bir üst geyimi ilə daha qadınsı vəziyyətə gətirə bilərsiniz.

5. Açıq rəngli cinslər seçmək yerinə daha tündlərinə üstünlük verin. Belə cinsləri isə nazik bir kəmər və alçaqdabanlı ayaqqabı ilə dəstləşdirin.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 4 039
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri