İşgüzar qarderobun 10 dəb qanunu

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 3 649
Səs ver:
(səs: 2)
Çalışan xanımlar günün çox hissəsini işdə keçirir. Sözsüz, işgüzar qadın üçün onun işə nə geyinəcəyi karyerasından az əhəmiyyət kəsb etmir. Sosioloji araşdırmalar da göstərib ki, xarici görünüş karyerada yüksəlməyə çox təsir edir. Bəs ciddi, eyni zamanda, dəbli görünmək üçün nə etməli?
 
Mən parolu bilirəm, istiqaməti  görürəm
Diqqət! Əgər işdə ciddi ofis dress-kodu hökm sürürsə, onda sadə qaydalara əməl edin. Rəhbəriniz ofisə idman ayaqqabıları və kedlərdə gəlmirsə, onunla həmfikir olmağa dəyər. İdman kostyumlarını evdə qoyun. Əlbəttə, ideal rəhbərlər işçilərin özünü rahat hiss etməsi üçün işçinin geyim üslubuna bir o qədər müdaxilə etmir. Onlar yaradıcı insanların işə istədiyi geyimdə gəlib-getməsini çox sakit qarşılayır.
 
Həftənin 7 günü
Hər gün üçün fərqli geyim seçin. Geyimlərin köməyilə bazar ertəsi ciddi, çərşənbə şən, oynaq, cümə axşamı romantik görünməyə çalışın. Həddi aşmamaq mühüm məqamdır. Adi cins  şalvarı viktoriyansayağı bluz, klassik stiletto ilə birləşdirməklə  həmkarlarınızı qıcıqlandırmayan cəsarətli işgüzar obraz yaratmaq mümkündür.
 
İqlim zonası
Söhbət ofisdən gedirsə, onda kollektivdəki "iqlim”i nəzərə almaq mütləqdir. Daha doğrusu, işçilərin dəbə nə dərəcədə meylli olmasını ölçmək lazımdır. Əgər jurnalda çalışırsınızsa, o zaman mövsümün əsas yeniliklərini uyğunlaşdırmağa tam haqqınız çatır. Bu halda orijinal tərziniz heç kəsi heyrətləndirməyəcək. Eyni qayda art-qalereyalara da aiddir. Əgər siz neft-qaz, bank sahəsində çalışırsınızsa, onda daha ciddi iş paltarı ilə kifayətlənməli olacaqsınız. Dilxor olmağa dəyməz, çantalar sizi heç vaxt darda qoymaz. Məsələn, maksimum kreativ  çantalar sizə orijinal təsir bağışlamaq üçün gözəl təklifdir.
 
Yaradıcılığı boğmaq günahdır!
Yaradıcı qızlar istənilən halda hər kəsdən fərqli görünməyə can atır. Ona mane olmayın, ən yaxşısı kömək edin! Zərif pastel rənglər, effektli aksessuarlar və ya bəzəkli ayaqqabı vizit kartınız ola bilər.
 
Yüksəlmək arzusu
Dikdabanın vacibliyini dərk edin! Bəli, gözəllik qurban tələb edir və heç nə obrazı düzgün seçilmiş ayaqqabı qədər cəlbedici göstərmir. Ayaqlarınız ağrıyırsa, gözəl tuflinizi iş vaxtı masanın altında bir kənarda saxlayın, təcili çıxmaq gərəkəndə tez geyinin.
 
İncə notlar
Əlavə bəzəklər stili zənginləşdirməyə kömək edir. Mürəkkəb yaxalıq və rəngli corablardan gözünüzü birdəfəlik çəkin. Qarderobun belə elementlərini karnaval üçün saxlayın. İşgüzar xanım zərif şal, orijinal sancaq və müstəsna halda abadokla kifayətlənməlidir.
 
Sehrli çubuq
İşgüzar xanımın ehtiyatında hər geyimlə uzlaşa bilən bir pencəyi olmalıdır. O sehrli çubuq kimi istənilən obrazı ciddiləşdirir. Onu sadəcə çiyinə atmaqla da eyni effekti almaq olar.
 
Qara rəngin gücü
Şübhələnirsinizsə, qara geyinin. Birincisi, bu rəng dəb aləmində həmişə aktualdır. İkincisi, səhv etmək mümkün deyil. Üçüncüsü, ona ağ rəng əlavə etməklə uğurlu vəhdət əldə etmək olar.
 
Hazırlıqlı qız
Əgər işdən sonra görüşünüz olduğunu bilirsinizsə, onda kostyum və donla yaxşı görünən dikdaban və ya altı yastı ayaqqabı seçin. Axı düzgün ayaqqabı istənilən vəziyyətdən xilas etməyə qadirdir.
 
Etik qaydaları tapdalamayın!
Alt paltarlarınızın görünməsindən ehtiyat edin, kolleqalarınızı bərbad manikürünüz və pis əhvalınızla da sıxmayın.  

 

 

 

 

 

 

 

 

 

(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 649
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri