Novruz haqqında maraqlı məqamlar

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 95
Paylaş:
Səs ver:
(səs: 0)
Novruz xalqımızın milli bayramıdır. Sambalına, vüsətinə, kütləviliyinə görə, adət — ənənə zənginliyi baxımından onunla müqayisə ediləcək ikinci bir bayram yoxdur. Novruz adətləri, Novruz etiketləri xalqımızın say niyyətinin, humanist xarakterinin, yüksək əxlaqi — mənəvi keyfiyyətlərinin təcəssümüdür. Dünya üzündə saysız — hesabsız xalqlar, millətlər olduğu kimi, bayramlar, mərasimlər, adət — ənənələr də müxtəlif və saysızdır.

Hər ilin yaz gecə — gündüzü bərabərliyində, varlığın oyanış dönəmində ərgənləşən Novruz həm də qoca türkün özü qədər qədim və uludur. Ulu ən əvvəl, uca Tanrımıza deyirik. Ulu vətənə, yurda deyirik, ana təbiətə deyirik. Ulu yeddi arxa dönənimizdən o üzdəki dədə — babalarımıza deyirik. Ululuq həm də müqəddəslikdir, ülviyyətdir. Novruz ulu bayramdır.

Səmavi kitabların ən dolğunu, qüsursuzu, insan üçün ən faydalısı “Quran-i Kərim” Allah kəlamı, Allah buyruğudur. Novruz adətlərini diqqətlə araşdırsaq, görərik ki, “Quran-i Kərim”də təsbit olunan əxlaqi — bəşəri keyfiyyətlər bu adətlərimizdə ehtiva olunub. Novruzda təbiətə, insana, vətənə sevgi var, şərə qarşı mübarizə və xeyrin təntənəsi var, milli birliyə, barışığa, əqidə bütövlüyünə çağırış var, əbədiyaşarlıq var...

Bu baxımdan Novruz adətlərinin məktəblərimizdə tədrisinə xüsusi önəm verilməlidir. Gənc nəslin istər milli, istər ümumbəşəri keyfiyyətləri əxz etməsində, onların dünyagörüşünün yüksək dəyərlər əsasında formalaşmasında Novruz adətlərinin təbliği, fikrimcə, faydalı və əhəmiyyətli olardı.

Ərgənəkon nədir?
Novruzdan danışarkən, ilk öncə, onun etimologiyasına nəzər salmaq lazımdır. Novruz fars sözü olub, türkcədən hərfi tərcümədir, mənası “yeni gün” deməkdir. Novruz qədim türk dilində “Ergənəkar” (Ərgənəkon) adlandırılırdı. Biz indi də yeniyetmə oğlan və qızlara “ərgən oğlan”, “ərgən qız” deyirik. “Ərgən”, əslində, qədimdə “erkən” şəklində olub. Bunun “ər” (kişi) sözünə heç bir aidiyyatı yoxdur. Çünki ərə gedəsi qıza ərgənə qız deyə bilərik, oğlan özü ərdir, ona bu ifadəni aid edə bilmərik. Fikrimizin təsdiqi üçün onu deyim ki, səhərin ilk çağlarına “er” deyirik. Səhər-səhər səfərə tələsənlərə deyərlər: “Tələsmə, hələ erkəndir”. “Kən” hissəciyi isə transkripsiyaya uğramış və hazırda dilimizdə “gün” kimi işlənir.

Ərgənəkonla bağlı bəzi fikirlərə öz münasibətimi bildirməyi vacib sayıram. Qəbul olunan ümumi fikir belədir ki, Ərgənəkon (Novruz) bayramı qədim türklərin Ərgənəkondan çıxdıqları günlə əlaqədardır. Əfsanələrdən məlum olduğu kimi, türklər döyüşlərin birində məğlub olurlar. Tayfanın kiçik bir hissəsi düşməndən yayına bilir və gözdən uzaq bir məkanda məskən salır. Törəyib-artmaq, yenidən qüvvə toplamaq üçün türklərin salamat qalmış hissəsi yüz illərlə həmin yerdə yaşamalı olur. Yenidən güclənən türk, nəhayət, aşkara çıxır, düşməni məğlub edir, onlardan qisasını alır. Bir çoxları türklərin yüz illərlə qapalı yaşadıqları yeri “Ərgənəkon” adlandırırlar. Guya türklər ərgənəkandan çıxdıqları günü təntənə ilə qeyd ediblər və Novruz bayramı o vaxtdan mövcuddur. Sözsüz ki, Novruz o zamandan bəri qeyd edilməkdədir. Ancaq Ərgənəkon o qapalı məkanın adı deyil, o məkandan çıxıb yenidən dünyaya yayılan türkün “yeni gün”ünün adıdır. “Yeni gün”ün türklərinin qisası amansız olur, yağıları atdöşü edə-edə Sibirdən Avropaya qədər yayılırlar (türklərin yaşadıqları coğrafiyaya fikir verin).

I MƏQAM: Türk səbirlidir, dözümlüdür, əzmkardır, unutqan deyil, nəsli, tayfanı yaşatmaq üçün son damla qanından keçər, qisası qiyamətə qoymaz.
Münasibət bildirmək istədiyim başqa bir məqam Novruzdakı od kultu ilə bağlıdır. Novruzqabağı çərşənbələrin ikincisi od çərşənbəsidir. Şam-çıraqsız, tonqalsız Novruzu təsəvvür etmək mümkün deyil. Biz uzun müddət qonşuluq elədiyimiz, bir yurdda, bir məkanda yanaşı yaşadığımız insanlara “od qonşusu” deyirik. “Od qonşusu” deyimi, zənnimcə, kibritin, hətta çaxmaqdaşının belə olmadığı dövrlərdə yaranıb. İndi yaxın qonşudan lazım olanda bir atım çay, bir qaşıq duz aldığımız kimi, o zaman qonşu qonşudan ocağını alışdırmaq üçün köz, od alarmış. Od, çörəyimizin urvası un olduğu kimi, ocağımızın urvası imiş. Deməli, od daim qorunarmış, sönsə, ümid qonşuya qalarmış. Bu, “od qonşusu” deyiminin qədimiliyinə, eyni zamanda Novruz törənlərinin qədimiliyinə dəlalət edir. Bizə həmişə təlqin ediblər ki, Novruzdakı od inancları atəşpərəstliklə bağlıdır. Onda mən sual edirəm: Adət — ənənələr qədimdir, yoxsa dini görüşlər? Özüm də cavab verirəm: Adət — ənənələr dini görüşlərdən çox-çox öncələr formalaşıb. Aydındır ki, hər hansı dini xalq arasında kütləviləşdirmək üçün o dini xalqın adətlərinə uyğunlaşdırıb təbliğ etmək gərəkdir. Əks halda xalq o dinə inanc gətirməz. Atəşpərəstlik də bir dini dünyagörüşü idi və Zərdüşt öz nəzəriyyəsini o zamandakı xalqların adət-ənənələrinə uyğunlaşdırmalı idi. Xalq isə türklər idi, ən azından böyük əksəriyyəti türklər idi. Bu qanunauyğunluğu islamda da görmək olar. Yaşlı insanlar bilir ki, Novruza Əli bayramı da deyilirdi. Martın 21-i Həzrət Əli Əleyhissəlamın xəlifəlik taxtına çıxdığı gün kimi də qeyd olunurdu.

Mənim Novruz bayramı haqqında ilk təəssüratım 7 yaşıma təsadüf edir. Bu, ona görə dəqiq yadımdadır ki, həmin il I sinfə getmişdim. Nənəm təndir damına unla naxışlar vururdu. Təndir damının divarları, dirək və kənarları, adətən, hisli olardı. Bir də, o zamanlar (52 il əvvəl) indiki kirəmitli, şiferli ağ otaqlar yox idi. Evlər torpaq damlı, üstü bacalı idi. Qara his üstündə ağ naxışlar indi də gözümün qabağındadır. Naxışlar girdə dairə, kiçik dairəciklər, aypara formasında idi. İnsan və müxtəlif heyvan fiqurları da çox idi. Çox — çox sonralar Qobustan qaya təsvirlərini görəndə ilk yadıma gələn nənəmin vurduğu naxışlar oldu. Ancaq nənəmin naxışları bir qədər primitiv idi. Nənəmin naxışları ilə Qobustan təsvirlərinin eyniyyət təşkil etməsi haradan qaynaqlanır? Novruzun qədimiliyi Qobustan dövrünə getmirmi?

II MƏQAM: Novruzun tarixi türkün qədim tarixidir, Azərbaycan xalqının ulu tarixidir.
Novruzqabağı çərşənbələr kiçik çillədən sonra — boz ay girəndə başlanır. Boz ay bir çox yerlərdə, konkret olaraq Qərbi Azərbaycanın Ağbaba — Şörəyel bölgəsində “bərdənəcüz”lə başlardı. Bu, fevralın 21-22-nə təsadüf edir. Həmin günlər Xıdır Elləz mərasimləri keçirilirdi. Xızır, Xıdır İlyas əbədiyaşarlıq timsalıdır. O gün xəşil bişirər, qovut ovardılar. Qışın bitməsi ilə əlaqədar hamı bir-birinə sovqat aparardı. Elə həmin gecə Qurdoğlu (ona Kürdoğlu da deyirlər) “qayada qalır”. Bacısına sovqat apararkən yolda şiddətli borana düşür. Bir qayanın koğuşuna daldalanır. Soyuqdan bədəni keyləşir. Qar koğuşun ağzını subayır. Səhərə yaxın Qurdoğlunun soyuqdan öləziyən bədəninə hənir gəlir. Torpaqdan çıxan ilıq buğ — nəfəs onun canını isidir. Yenidən cana gələn Qurdoğlu ölümdən xilas olur. “Bərdəncüz” dirçəliş, oyanış anlamındadır. “Bər” farsca quru çöl, səhra, “cüz” isə ərəbcə hissə deməkdir.

Bilmirəm, bəlkə, bu ifadənin özü də hərfi tərcümədir, amma dirçəliş çölün Qurdoğlu borana düşdüyü hissəsindən başlayır (türkün xilaskarı Boz Qurdu yadımıza salaq). Elə su çərşənbəsi də bərdənəcüzdən sonra gəlir. İlk çərşənbənin su ilə bağlı olması təsadüfi deyil. Su başlanğıcdır. Bütün canlı aləm sudan təşəkkül tapıb. “Oğuz xan” dastanında Oğuz oğlu öz qadınını suyun içindəki ağacın koğuşundan tapır. Növbəti çərşənbə od çərşənbəsidir. Od hərarətdir. Su odla qaynayar. Əvvəl su lazımdır: boş çaydanı ocağın üstünə qoymazlar. Odla suyun birliyindən isti buxar yaranır, havanı isidir (Yel çərşənbəsi). Nəhayət, ilaxır çərşənbə — Torpaq çərşənbəsi. Dörd ünsürün birləşməsindən dirilik, həyat, oyanış və əhya başlanır.

III MƏQAM: Novruz həyatın, mövcudiyyatın fəlsəfəsidir.
Hər çərşənbə arasının öz boran — çovğunu olur. Mənim yadımda qalan dörd borandır: bərdənəcüzün, durnanın, leyləyin, qaranquşun boranları. Bircə o yadımdadır ki, leyləyin boranı martın 8-9-na təsadüf edir. Nənəmdən eşitdiyimə görə, leylək istilərin düşməsini görüb köç edir. Lakin təbiətin şıltaqlığına aldanır. Martın 8-də gələn leylək qar-boranı görüb dübarə geri uçub gedir. Bu haqda nənəm deyərdi: 8-ə gəlməz, 9-a qalmaz. Novruzaqədərki boranlar bir növ qışın can çəkişməsidir. Qış qışlığından əl çəkmək istəmir, oyanışa qarşı dirənir, əsib-coşur. Lakin su, od, hava və torpağın birliyinə bata bilmir, ömrünü başa vurur. Qar hələ əriyib qurtarmamış torpaq canlanır, çəmənlər cücərir, danaqıran, mollabaşı kimi ilk bahar çiçəkləri qar qatını deşib həyata boylanır.

Novruzda gecə və gündüz bərabərləşir. Amma bu bərabərlik işığa meyillidir, gündüzün xeyrinədir. İşıq xeyri, qaranlıq şəri təmsil edir. Amma unutmayaq ki, sentyabrda ilin bir payız bərabərliyi də var. Bu bərabərlik ilk baxışdan sanki qaranlığın xeyrinədir. Ancaq diqqət etsək, görərik ki, heç də belə deyil. Şər-zülmətin xisləti məhv etməkdir, xeyir-işığın xisləti isə yaşatmaqdır. İndi görək, şər-zülmət öz öhdəsinə düşəni həyata keçirə bilirmi? Əsla yox! Xeyir-işıq isə əhya edir, yaşadır, həm də əbədi yaşadır. Burda fəlsəfə var: ölüm nə qədər güclü olsa da, heç nəyi əbədiyyən məhv etməyə qadir deyil. Ölüm müvəqqəti, həyat isə əbədidir. Diqqət edin, “Qurani Kərim”in xəbər verdiyi axirətdə ölüm anlayışı yoxdur.

IV MƏQAM: Novruz əbədiyyət bayramıdır.
Novruz törənlərində milli birliyə, barışığa, əmin-amanlğa çağırış var. Hər çərşənbə günü tonqal çatılır, insanlar onun ətrafında cəm olur. Hamı birlikdə deyir-gülür, şənlik edir. Münasibətlər bayram tonqalının hərarəti kimi daha da istiləşir. Yaxın-uzaq, qohum-yad bir-birini təbrik edir, xoş arzular diləyir. İnsanlar bir-birinin evinə gedir, bayram sovqatı aparır, bayramlaşırlar. Təzə gəlinlərin “baca”sına gedirlər, hədiyyələr aparırlar. İl ərzində dünyasını dəyişənlərin “qəbirüstü” keçirilir, onları yad edir, rəhmət oxuyurlar. Hamı evdə xoş danışmağa çalışır: qulaq falına (“qapı pusu”ya) çıxan olar. Bayramda bütün küsülülər barışmalıdır. Bayramda sulaşmaq adəti duruluğa, aydınlığa çıxmaq əlamətini bildirməklə yanaşı, insanların bir-biri ilə qaynayıb-qarışmasına xidmət edir.

V MƏQAM:
Novruz barışıq, milli həmrəylik və əmin-amanlıq bayramıdır.
Novruzda həyatın oyanışı ruhun yeniləşməsi ilə həmahəngdir. Maddi yeniləşmə mənəvi gözəlliyin intibahıdır. Söz yox ki, insanın xarakteri onu əhatə edən mühitlə müəyyənləşir, inkişaf edir. Bayramadək qapı-baca, ev-eşik səliqəyə salınır, tər-təmiz silinib süpürülür. Yorğan-döşək, xalça-palaz, boğça paltarları havaya verilir. Günəşin sığalından çıxan yorğan-döşək və xalça-palaz evə xüsusi ətir verir. Bayramadək çirkli, bulaşıqlı heç nə qalmamalıdır. Bayram gününədək bəzək-düzək işləri başa çatmalıdır. Novruzda təbiət, həyat gözəlləşdiyi kimi, ruhlar da təzələnir. İnsanlar baş verən bu oyanışa “qan oynayan vaxt” deyirlər. Qışın qəraməti atılır, yeni həyat başlanır. Yeniləşmiş həyat toy-bayramla, şadlıq və sevinclə təravətlənir. Bu təravəti “Kosa-kosa” oyunları daha da rövnəqləndirir.

VI MƏQAM:
Novruz təmizlik, sevinc və gözəllik bayramıdır.
Bayram süfrələri xüsusi diqqət və əliaçıqlıqla bəzədilir. Şirniyyatlar hazırlanır, cürbəcür meyvələr alınır.
Bayram üçün tədarük olunan mer-meyvəyə bayram yemişi deyilir. Bayramlaşmağa gedənlər bu şirniyyat və meyvələrdən bayram xonçası tuturlar. Bayram qurşağı üçün də (papaq atmaq) xeyli bayram yemişi nəzərdə tutulur. İlaxır çərşənbədə “yeddilərin” süfrəsi açılır. Əslində məsələ burada süfrədə yeddi nov təamın olmasında deyil. Müqəddəs rəqəm olan yeddi burada məlum sayı deyil, çoxluğu, bolluğu bildirir. Koroğlunun, əlbəttə, 7777 dəlisi yox idi, bu, sadəcə saysız-hesabsız anlamındadır. Yəni süfrədə imkan olduğu dərəcədə bol nemətlər olmalıdır. 7 rəqəminin orfoepiyası “yetdi” (yetmək, bəs etmək) felinin tələffüzü ilə eynidir. Bu, o deməkdir ki, süfrədə nemətlər hər kəsə yetəcək dərəcədə olmalıdır. Bizim bayram süfrələrində 4 nemətin olması mütləq vacib sayılırdı: süd aşı (süddə bişirilmiş düyü sıyığı), qurudulmuş ərik bişməsi (kompot), qırmızı boyanmış yumurta, səməni halvası.

Bu nemətlərin hər biri Novruzaqədərki 4 çərşənbə ilə bağlıdır. Süd aşı su çərşənbəsinə aiddir. Süd (ana südü) yaşamın ilk şərtidir. Yumurta ən qidalı yemdir, əbədi qutdur. Dədə Qorqud adındakı qor (od) və qut (güc, vüsət) diriliyin əbədiliyinə işarədir. Böyük loğman İbn Sina deyib: “Mən bilmirəm, yumurta onu bərk bişirib yeyənlərin mədəsini niyə deşmir? Yumurtanı boş bişirib yeyənlər niyə qanadlanıb uçmur?” Nənəm həmişə deyərdi: “Oğul, səhər-səhər bir şey ye ki, qarnında qut olsun”. “Qut” sözü həm də xeyirli, mübarək deməkdir.

Qırmızı boyanmış yumurta od çərşənbəsinə aiddir. Ərik bişməsi qaynadarkən otağa necə xoş ətir yayıldığına fikir verin. Ərik bişməsi damağa dad qatır, həm ab-havanı həlimləşdirir, həm də münasibətləri şirinləşdirir. Bu, yel çərşənbəsinin nemətidir. Səməni halvası səməninin şirəsindən hazırlanır. Buğdanı kündə yaymaq üçün istifadə olunan məişət əşyasının — peşxunun üstünə iki barmaq qalınlığında yayır, su çiləyir və işıq düşməyən bir yerdə saxlayırlar. Cücərən buğdada fotosintez getmir, yaşıllaşmır, əvəzinə şirinlik kəsb edir. Bir qarış boy atmış ağ-sarı rəngli cücərtini sıxır, şirəsini süzgəcdən keçirirlər. Həmin şirəni iri qazana töküb təndirin üstünə qoyurlar, az-az un əlavə etməklə qarışdırırlar. Bu qarışıq qırmızı-qəhvəyi rəngə dönüncə qaynadılır, müəyyən dərəcədə qatılaşınca təndirdən götürülür. Səməni cücərtidir, sözsüz, torpağın nemətidir.

Beləliklə, su, od, hava və torpağa aid nemətlər birlikdə həyatı, yaşamı təmsil edir. Bu dörd ünsürdən bircəciyi belə olmasa, həyat sönər, maddi nemətlər ələ gəlməz.

VII MƏQAM: Novruz dirilik, yaşam, bərəkət, ruzi bayramıdır.
Bütün bu dediklərimizdən bir həqiqət də hasil olur ki, Novruz adətlərimizi sistemli və məqsədəuyğun şəkildə təbliğ etmək gənc nəslin əxlaqi-mənəvi, ideoloji tərbiyəsində əhəmiyyətli fayda verər, onlarda vətənə, yurda, milli dəyərlərə məhəbbət hissini möhkəmlədər, ümummilli və ümumbəşəri keyfiyyətləri bir istiqamətdə inkişaf etdirər.

Sonda qeyd etməyi vacib bilirəm ki, qədim Ərgənəkon — müasir Novruz bayramı humanist, ümumbəşəri xarakterinə görə BMT tərəfindən Beynəlxalq Novruz Günü kimi elan edilib. Bayramın mübarək, Azərbaycan!

Sultan ORUCOĞLU

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 95
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
en sevdiyim Bayrlarimizdan biuridir Novruz bayrami. oz adet-eneneleriyle oz gozelliyi ile yemekeri ile zengin olan bayramimizdir
12 oktyabr 2018 09:45
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Yağmur
Men mart ayını hec sevmirem
11 oktyabr 2018 21:48
2
Olduğun yeri cennete cevirmedinse her qacdığın yer sene cehennemdi
Offline
Cema_Axodova
Maraqliydi tewekkurler
11 oktyabr 2018 21:08
1
p.s

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri