Aşıq poeziyası

Müəllif: Love Angel
Şərhlər: 0
Baxılıb: 2 951
Səs ver:
(səs: 1)
XVI əsrdə klassik aşıq şeirinin əsas şəkilləri böyük təkamül yolu keçərək geniş intişar tapmışdır. Bu yüzillikdə yaşayan aşıq Qurbaninin gəraylı, qoşma və təcnisləri forma və məzmun etibarilə yüksək bədii səviyyəyə çatmışdır.

XV-XVI əsrlərdə uzun təkamül prosesi nəticəsində oğuznamələrə xas olan reçitativ şeir tərzi aşıq sənətində heca vəzni ilə əvəz olundu. Lakin sillabik şeirin növü olan heca ("barmaq hesabı") vəzninin ən qədim nümunələrinə xalq bayatılarında, orxon-yenisey abidələrində (VI-VIII əsrlər), Mahmud Qaşqarinin "Divani-Lüğəti-türk" (XI əsr), Yusif Balasaqunlunun "Qutatqu biliq" (XI əsr), "Dastani-Əhməd Hərami" (XIII əsr), Molla Qasımın (XVI əsr) gəraylı və qoşmalarında rast gəlmək mümkündür.

İlk əvvəl bayatı, gəraylı və qoşma şeir formaları ilə təmsil olunan heca vəzni zaman keçdikcə istedadlı aşıqların səyi nəticəsində məzmun və forma etibarilə rəngarəng şeir şəkilləri ilə zənginləşir, aşıq şeirinin bütün şəkilləri təmsil olnan aşıq Alı, Şəmkirli aşıq Hüseyn, aşıq Ələsgər, Molla Cümə və digər ustad aşıqların kamil əsərləri (XIX əsr) yaranır. Bu dövrdə aşıq yaradıcılığı yazılı ədəbiyyata da təsir göstərərək, Vaqif ədəbi məktəbinin təşəkkülündə önəmli rol oynayır.

Sadə ölçülərdən mürəkkəblərə doğru çoxəsrlik təkamül yolu keçmiş aşıq yaradıcılığı özündə xalq şeirinin qanunauyğunluqları ilə klassik ədəbiyyatın ənənələrini üzvi şəkildə birləşdirmişdir.

Aşıq şeir nümunələri quruluş və ölçülərinə görə sadə, mürəkkəb və düzəltmə şəkillərə bölünürlər. Sadə şəkillərə bayatı, gəraylı, qoşma, divani, müxəmməs və d. şeir formaları aiddir. Mürəkkəb şeir şəkilləri (qoşma-bayatı, ayaqlı təcnis, qoşma-müstəzad) iki və ya üç sadə şəklin çarpazlaşmasından yaranmışdır. Aşıq şeirinin düzəltmə şəkilləri (əlif-lam, əvvəl-axır, dodaqdəyməz, dildönməz, nəfəsdərmə və s.) isə əsasən fonetik, leksik vasitələrin tətbiqi nəticəsində meydana gəlmişdir.

Sadə şeir şəkillərinin bəziləri həm də aşıq şeirinin ilkin nümunələridir. Ehtimal olunur ki, sadə şeir formalarının bəziləri (gəraylı, qoşma) ilk əvvəl bir bəndli, sonra inkişaf yolu keçərək üç və daha artıq bənddən ibarət olmuşdur. Müəllifin adını özündə əks etdirən aşıq şeirinin sonuncu bəndi möhürbənd adlanır.

Cinaslı qafiyələr üzərində qurulmuş təcnisin ən gözəl nümunələri Azərbaycan ədəbiyyatının incilər sırasına daxildir. Azərbaycan dilinin zəngin bədii-linqvistik imkanlarını özündə əks etdirmiş təcnis şeir formasının dodaqdəyməz təcnis, ayaqlı təcnis, cığalı təcnis, əvvəl-axır təcnis və s. leksik və fonetik növləri yaranmışdır. "Əsil təcnisləri-bədii siqləti, məna və mündəricəsi, estetik emosional təsiri, fəlsəfi yükü, məntiqi axarı qabarıq nəzərə çarpan sənət incilərini ancaq fitri istedada malik olan kamil sənətkarlar yarada bilər--Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Alı, Aşıq Ələsgər kimi söz sərrafları".

Sadə şeir formalarına aid olan divani və müxəmməs aşıq şeirinə klassik poeziyadan keçmişdir. Aşıq sənəti tarixindən məlum olduğu kimi, divani şeir formasının təşəkkülündə aşıqlar tərəfindən tez-tez oxunan Xətai qəzəllərinin son dərəcə önəmli rolu olmuşdur. Tarixi qaynaqlara əsasən qeyd etmək olar ki, XVI əsrdən etibarən əksər aşıq məclisləri məhz "Baş divani" havası ilə başlamışdır. Sinkretik səciyyəli aşıq sənətində şeir formaları üzvi şəkildə sazın quruluşu, ənənəvi havaların sintaksisi ilə bağlıdır. Belə ki, ifa zamanı on beş hecalı divaninin hər misrası iki hissəyə bölünərək birinci misra səkkiz, ikinci misra isə yeddi hecalı olur. Yeri gəlmişkən qeyd edək ki, müxəmməs şeir forması da sazın müşayiəti ilə ifa olunarkən onun da hər misrası iki yerə bölünərək bir beyt əmələ gətirir. Bu zaman onun "Müxəmməs" havasının metr-ritmik xüsusiyyətlərinə uyğun olaraq birinci misrası yeddi, ikinci misrası isə səkkiz hecalı olur.

Aşıq yaradıcılığında sözlə musiqinin üzvi şəkildə vəhdətinin parlaq nümunəsi həm də müəyyən şeir şəkillərini öz adlarında əks etdirmiş ənənəvi havalar ola bilər: "Bayatı", "Gəraylı", "Divani", "Dübeyt", "Təcnis", "Müxəmməs" və s.

Aşıq yaradıcılığının uzunmüddətli tarixi təkamülü nəticəsində hər bir əsas şeir şəklinin quruluşuna uyğun olaraq müəyyən havalar toplusu biçimlənmişdir. Məsələn, aşağıdakı aşıq havalarının poetik əsasını gəraylı şeir forması təşkil etmişdir: "Gəraylı", "Sallama gəraylı", "Şahsevəni", "Baş sarıtel", "Orta sarıtel", "Baş dübeyt", "Koroğlu müxəmməsi", "Paşa köçdü", "Laçını", "Gödəkdonu", "Heydəri", "Ayaq Cəlili", "Cəngi Koroğlu" və s.

Səciyyəvidir ki, bəzi ustad aşıqlar müəyyən şeir forması ilə oxunan aşıq havalarının başlıqlarına da həmin poetik formanın adını əlavə edirdilər. Məsələn, məşhur ustad aşıq Əsəd Rzayevin (1875-1950) repertuarında gəraylı şeir forması ilə oxunan ənənəvi aşıq havalarının adları aşağıdakı kimi təmsil olunmuşdur: "Şahsevəni gəraylısı", "Dübeyt gəraylısı" və s.

Yeri gəlmişkən qeyd edək ki, aşıq havalarının adlarında onların yaranma məkanı, musiqi dilinin özəllikləri, poetik əsasları, yaradıcıları və s. haqqında dəyərli məlumatlar hifz olunmuşdur. Məsələn, "Əfşarı", "Gəraylı", "Bayatı" kimi havalarda etnik qrupların adları, "Hüseyni", "Bəhməni", "Cəlili" havalarında—yaradıcı aşıqların isimləri, "Koroğlu", "Kərəmi" havalarında—dastan qəhrəmanlarının, "Dərbəndi", "Naxçıvani", "Dərələyəz gəraylısı", "Göyçə gülü" havalarının adlarında isə toponimlər öz əksini tapmışdır.

Qeyd edək ki, aşıq havalarının adlarında bu sənətin ümdə cəhətlərindən biri, yəni variantlıq prinsipi parlaq şəkildə təzahür etmişdir. Yalnız "Dübeyt" havasının çoxsaylı ərazi, fərdi variantlarının adları ("Borçalı dübeyti", "Zülfüqar dübeyti", "Şahsevən dübeyti", "Mirzə dübeyti", "Azaflı dübeyti" və s.) dediklərimizə parlaq nümunə ola bilər.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 951
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri