Muğam və poeziya

Müəllif: Love Angel
Şərhlər: 0
Baxılıb: 2 456
Səs ver:
(səs: 0)
Muğam sənəti öz tarixi inkşafında poeziya ilə, şeir növləri və formaları ilə daim sıx əlaqədə və vəhdətdə olmuşdur. Muğamın poeziya ilə əlaqəsi vokal-instrumental dəstgahlarda özünü göstərir. Dəstgah muğamların mətni xanəndələr tərəfindən qəzəllərlə oxunur. Muğamların mətni qəzəllərdən ibarətdir.

Qəzəl Şərqdə ən geniş yayılmış poeziya janrı və şeir formasıdır. Qəzəllər əruz vəznində yazılır. Əruz vəzninin müxtəlif bəhrləri, yəni ritmik-metrik quruluşu vardır. Qəzəllər müxtəlif heca ritm quruluşuna, bəhrlərə və qafiyə quruluşuna malik olurlar. Əruz vəzninin bəhrlərinə misal olaraq rəməl bəhrini, həcəz bəhrini, müstəzad bəhrini və s. göstərmək olar. Onların hər biri müəyyən muğamların ritm quruluşuna uyğun gəlir və müvafiq olaraq oxunurlar.

Muğamların melodiya, ritm quruluşu əruzun bəhrləri ilə sıx bağlı olur. Bu, ilk növbədə qəzəl ilə muğam melodiyasının ritmik və metrik əlaqəsini təmin edir. Hər bir muğam, muğam şöbəsi özünün melodik-ritmik quruluşuna görə müəyyən əruz bəhrinə aid qəzəllə oxunmalıdır. Buna görə də, muğam ifaçılarının qəzəlin forma və quruluşunu, əruzun bəhrlərini, ritm formasını mükəmməl bilmələri, hansı muğamın, hansı muğam şöbə və guşəsinin hansı bəhrlə oxunmasını bilmələri vacibdir. Lakin muğamla qəzəl yalnız bəhr, ritm əlaqəsində olmur. Muğamla qəzəl bir-birilə həm də bədii-estetik, lirik-emosional bağlılıqda olur. Belə ki, qəzəllərin bədii məzmunu, lirik-fəlsəfi mənası, qəzəllərin obrazlılığı muğamın musiqisinə də təsir göstərir. Muğamın bədii təsiri, emosional məzmunu ilə qəzəlin bədii obraz aləmi, qəzəlin lirik-fəlsəfi mənası bir-birini tamamlamaqla vahid bir bədii tam, bədii təsir dairəsi yaradır.

Məlum olduğu kimi, Şərqdə qəzəllərin məzmunu əsasən sevgi, ilahi eşq, ayrılıq, kədər, aşiqin öz sevgilisindən şikayəti, eşqin insan mənəviyyatını ucaltması, gözəlliyin vəsfi, varlığa və eşqə fəlsəfi münasibət, kamilliyin, yüksək mənəviyyatın və gözəlliyin tərənnümü kimi mövzularla bağlı olur. Bu mövzu və obrazlar muğamda musiqinin obraz, bədii emosional məzmununa da təsir göstərir. Onu da qeyd etmək lazımdır ki, qəzəllərin musiqi ilə, muğamla oxunması onların lirik-fəlsəfi məzmununun bədii, əqli və emosional cəhətdən qavranılmasına, qəzəlin bədii və fəlsəfi məzmununun şərh olunmasına təsir göstərir.

Zərbi muğamlarda musiqi ilə şeirin əlaqəsinə nəzər etsək, görərik ki, bu muğamlardan Heyratı, Simayi-şəms, Mənsuriyyə, Heydəri qəzəl ilə oxunur. Mani, Heydəri, Arazbarı, Ovşarı və şikəstələr isə bayatılarla oxunur.

Təsniflərdə də musiqi ilə şeir vəhdətdə oxunur. Təsniflərin əksəriyyətinin mətni qəzəllərdən ibarətdir. Heca vəznində olan təsniflərə nadir hallarda rast gəlmək olar. Qəzəllə, poeziya nümunələri ilə oxunduqları üçün muğamlar, zərbi-muğamlar, təsniflər vokal-instrumental və musiqili-poetik janrlar hesab olunur.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 456
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri