Azərbaycanın adət ənənələri

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 45 485
Səs ver:
(səs: 15)
Doğum, adlandırma, toy, cənazə - insan həyatının göstərən aspektlər adət ənənələri ilə sıx bağlıdırlar. Onlar olmadan milli ənənələrinə görə möhtəşəm bir toy mərasimi,uşaq, sünnət, evlilik və ya, hüzunlü olsa da, insanın dəfnini təsəvvür etmək mümkün deyil.
TOY

Azərbaycanda toy şənlikləri qədim və zəngin xalq adət-ənələrinə söykənir. Ölkənin bir sıra rayonlarında əhalinin etnik tərkibinin müxtəlifliyinə və fərqləndirici xüsusiyyətlərin olmasına baxmayaraq, toy şənlikləri bir-birinə çox bənzəyir. Elçigetmə, nişanaxma və toy adətlərinin dərin kökləri vardır.

Əgər qız və oğlan bir-birini bəyənib, talelərini nikah vasitəsilə birləşdirmək arzusundadırlarsa, onlar ilk növbədə valideynlərinin razılığını almalıdırlar. Və yaxud evlənmək vaxtı çatmış oğlanın valideynləri onun üçün qız axtarırlar. Əgər o, valideynlərinin seçimini bəyənirsə, Oğlan evi arayıb-axtarıb qız evinə münasib, yaxın bir adam göndərir ki, kim tərəfdən elçi gələcəyini qız evinə xəbər versin. Bəzən elə olur ki, qız evi razılıq vermir. Belə olan halda, oğlan evinin adamları elin-obanın ən mötəbər, hörmətli adamı qız evini razılığa gətirməyə çalışır.

Kiçik elçilik.

Adətə görə, əvvəl iki qadın - oğul anası və yaxın qohumlarından biri elçi gedir. Elə ki, qadınlar razılığa gəldi, ailələrin başçıları görüşürlər. Oğlan atası hörmətli şəxslərlə qız evinə gedir. Xalq arasında belə məsəllər var: "Elçiliyə gecə getməzlər"."Elçilərin qarşısına qoyulan birinci çay içilməz". Bu cür məsəllər də var: "Qız ağacı, qoz ağacı, hər gələn bir daş atar". 
Adətən qız atası elə birinci elçilikdən razılığa gəlmir və "qız qapısı, şah qapısıdır", "bir qızla, anası ilə, yaxın qohum-əqrəba ilə məsləhətləşim, sonra qəti fikrimizi sizə bildirərik" deyir.
Qızın rəyi soruşulanda qız həmişə susar. Susmaq isə razılıq əlamətidir - deyərlər. Ancaq yenə qəti söz deyilməz və yalnızb öyük elçiliyə razılıq verilir. Çünki əsas sözü böyüklər, ağsaqqallar deməlidir.

Elçilik.

Bəy atası bu elçiliyə ən yaxın qohumlarını dəvət edir. Bəyin bacısı bir daha gəlinlə görüşüb, onun razılığına əmin olur. Onu nişanlamaq qərarına gəlindiyi bildirilir. Bundan sonra qızın anasına hansı gün elçiliyə gəlinəcəyi xəbər verilir. O isə, öz növbəsində evrəkilərə xəbər verir. Yaxın qohumlarını evə dəvət edir. Öz aralarında məsləhətləş razılığa gəldikdən sonra bir daha qızın fikrini öyrənirlər. O isə, öz razılığını çox zaman aşağıdakı kəlmələrlə ifadə edir: "Siz istədiyin kimi olsun", "Siz bilən məsləhətdir". Hörmətli ağsaqqallar və qonşular dəvət olunur. Elçilər gələndə, onları masanın yuxarı başında əyləşdirirlər. Qızın anasından başqa hamı masa arxasına keçir. Qızın özü həmin vaxt evdə olmamalıdır. Elçilik zamanı, o, məsələn, rəfiqəsinin yanında olub, görüşün nəticəsini gözləyir.

Kiçik girişdən sonra elçilərdən biri söhbəti əsas məqsədə yönəldir və gələcək gəlinin yaxınlarına müraciət edərək, sual verir: "Son sözünüz nədir?". Bu suala qız atası kiçik fasilədən sonra cavab verir: "Allah xoşbəxt eləsin", "Gənclər xoşbəxt olsunlar". Bütün məclis əhli "Amin" deyə, gənclərə xoşbəxtlik arzulayırlar. Valideynlər artıq gələcək qohumlar kimi bir-birini təbrik edirlər. Bundan sonra gəlin məclisə gələrək, razılıq əlaməti kimi, əyləşənlərə şirin çay paylayır.

Kiçik nişan - Bəlgə

Qızın "hə"sini aldıqdan sonra uzağı bir aya qıza "bəlgə" deyilən kiçik nişan gətirirlər. Bu məclisdə 25-30 nəfərə yaxın adam iştirak edir. Oğlan evi gəlir, özləriylə bir nişan üzüyü, bir yaylıq və şirniyyat gətirirlər. Məclis başlanmamış oğlanın bacısı, qardaşı, gəlinləri və ya atası üzüyü qızın barmağına taxır, yaylığı çiyninə salır və bir şirni götürüb qıza dişlədir, yarısını isə götürüb oğlana gətirirlər. 
Sonra hamı ağzını şirin eyləyir. Yeyib - içib şənlənirlər. Oğlan evi gedəndən sonra qızların məclisi başlanır. Təzə gəlin bir - bir sağ əlini subay qızların başına qoyur. Sonra durub yerini verir qızlara. Bir də qız üzüyünü kimə birinci versə ki salsın barmağına, deyirlər indi növbə onundur, o, gedəcək. 
Sonra qızlar evə gedəndə özləri ilə şirniyyat aparırlar. Gecə yatanda isə iki eyni cür nişan şirnisindən qoyurlar balıncın altına. Deyirlər ki, onda gedəcəyi oğlanı yuxuda görürlər.

Böyük nişan 


Elçilikdən bir neçə ay sonra əsas - böyük nişan gətirirlər. Buna oğlan tərəf çoxdan hazırlaşmış olur. Nişanda qız üçün hər nə lazımdır alıb gətirirlər. Təkcə ayaqqabıdan başqa. Deyirlər ki, ayaqqabı darlıqdır. Ayaqqabını sonra alırlar və ara günlərdə qayınana qızın yanına gələndə gətirir.
Nişanda bütün xərci çox vaxt oğlan evi göndərir. Ət, yağ, un, düyü, göyərti, bir sözlə, soğandan başqa hər şey. Soğan acılıqdır, o üzdən qız evinə soğan göndərilmir.
Oğlan evi nişanı qırmızı lentlə bəzədilmiş xonçalarda və bayram səbətlərində bütün toy ləvazimatlarını, məsələn, ailə xoşbəxtliyinin rəmzlərini, bəzəklər, gəlin üçün paltarlar və s. gətirir. Bir ay sonra qız evinin adamları oğlan evinə cavab hədiyyələrini bu xonça və səbətlərdə gətirirlər.
Hamı yeyib-içib, şənlənəndən sonra süfrə yığılır. Qızı oturdurlar yuxarı başda. Qabağına da güzgü qoyurlar, şam yandırırlar. Xonçaları da düzürlər dövrəsinə. Bundan sonra oğlanın bacısı başlayır gətirilən şeyləri nümayiş etdirməyə. Sonra nişana gətirilmiş ətirlərdən birini götürüb verirlər oturanlara, hamı onunla ətirlənir.

Toya qədər bütün bayramlarda qıza bayramlıq gətirirlər. Bunlardan ən maraqlısı Novruz bayramlığıdır. Ya axır çərşənbə, ya da bayram axşamı gəlinə bayramlıq gətirirlər. Burada qıza qırmızı rəngli paltar, ya yaylıq, bir zinət, başına xına qoyulmuş buynuzlu qoç gətirirlər. Bundan başqa şəkərbura, paxlava, qatdama, qoz - fındıq, innab, xurma ilə dolu xonçalar, şamlarla bəzədilmiş səməni və səbətlər gətirirlər. Gəlinin başına, əlinə, ayağına xına qoyurlar.

Kəlmələşmə (danışığagəlmə)

Oğlan evinin ağsaqqalları qız evinə xəbər göndərir ki, sabah danışığa gəlirik, evdə olun. Səhərisi gün oğlan tərəfin yaxın adamları toplaşıb qız evinə gedirlər. Bu məclisdə çox vaxt kişilər iştirak edir. Burada gəlinin rəfiqələrinin və oğlanın dostlarının ataları da iştirak edə bilərlər. Danışıqda toy günü təyin olunur.

Toy xərcini oğlan evi verir. Bəzən qız atası xərc istəmir. Ancaq oğlan evi qız toyuna bacardığını göndərir. Danışıb razılığa gələndən sonra bir-birlərinə xeyir-dua verib ayrılırlar.

Paltarbiçdi

Toydan qabaq qız evində "paltarbiçdi olur". Bu məclisdə yalnız qadınlar iştirak edir. Gəlinə xonçalarda müxtəlif parçalar gətirilir, evdə şənlik təşkil olunur. Qohum-əqrəbanın aldığı hədiyyələr nümayiş etdirilir, sonra hamı xüsusi kiçik torbalarda hazırlanmış şirniyyatdan götürür.

Sonra qız bacısı (qohumu) gəlinin ata evindən aparacağı cehizi göstərir.

Cehiz

Toydan bir-neçə gün əvvəl bəy evinə gəlinin cehizini gətirirlər. Bir qayda olaraq, cehiz yataq dəstlərindən, gəlinin şəxsi əşyalarından və ev ləvazimatından ibarət olur. Maddi dururmu imkan verən ailələr cehiz üçün tikiş ustalarına tambur naxışı və qızıl işləmələri olan müxtəlif 100 əşya sifariş verərdilər. Misgərliyin yüksək inkişaf etdiyi Lahıcda cehiz kimi 60 ədədə yaxın mislə işlənmiş fincan, nəlbəki və s. əşyalar verilərdi. Bir çox cehiz əşyaları nəsildən-nəslə ötürülürdü. Quba bölgəsində həddi-büluğa çatmış qızların cehiz qismində özlərinin toxuduğu üç-dörd xalçası olurdu. Cehiz elə hesabla hazırlanırdı ki, gündəlik geyimlər və bayram libasları bir neçə ilə kifayət etsin. Bəzən cehizə baxış zamanı əşyaların siyahısı tutular, iştirak edənlər imzaları ilə onu təsdiq edər və siyahı saxlanmaq üçün gəlinin valideynlərinə verilərdi. Bütün bunlar gəlinin qohumlarının, eləcə də bəyin dostlarının vəzifələrinə daxildir. Onlar cehizi bəyin evində yerləşdirir, otaqları bəzəyir, sonra əşyaların bəzisinə qırmızı lent bağlayırlar. Qayınana evi bəzəyənlərə xələt (hədiyyə) verir.

Çörəkbişirdi

Toy günündən 3 gün qabaq seçmə qadınlar, qız-gəlinlər yığışıb oğlan və ya qız evinə "çörəkbişirdi"yə gəlirlər.
Xəmir yoğrulur, kündə kəsilir, yuxa, lavaş yayılır, bişirilir. İlk bişən çörək oğlan və ya qız anasına verilir. Onları təbrik edib, "süfrəniz bərəkətli, çörəyiniz isti olsun" deyirlər.

Qız şahı

Hər qızın yaxın rəfiqəsi, bacılığı var. Kimin toyu oldu, bacılığı "şah" qaldırır. Şahqaldırma geniş yayılmış bir adətdir. Şah taxtadan düzəldilib, üstünə güzgü, şam, parça bərkidilib, şirni, meyvə noğul və s.ilə bəzədilir. Onu bəzəməyə də xüsusi məharət lazımdır. Əgər toyu olan qızın bacılığı ərə gedibsə, gəlin olduğu evdən şah qaldırır. 
Bacılığıgildə süfrə açılır, şax bəzədilir. Cavanlar oynaya-oynaya gəlirlər bacılığıgilə. Yeyirlər, içirlər, oynayırlar. Axşam təxminən saat 21-22 radələrində oğlan evindən cavanlar gəlir qız şahına. Bəy də gəlir, qardaşlıq da. Həyətdə "lopa" yandırırlar, tonqal qalayırlar, o ki var oxuyub-oynayırlar. Sonra da şahı götürüb çala-çala, tüfəng ata-ata gəlirlər qız evinə. Qız evində də yeyib-içib şənlənirlər.

Xınayaxdı 

Bu adətin mənşəyi çox qədimə gedir. Qızlar otağın birinə yığışıb, diqqətlə hənanı seçirlər (İran hənası çox qiymətli sayılır). Onu gil qabda bişirir, gəlinin saçına həna yaxır, əl və ayaqlarına müxtəlif naxış vururlar. Hesab edirdilər ki, hənanın rəngi nə qədər parlaq olarsa, bəy də gəlini o qədər çox sevər.

Gəlin üzük taxdığı əlini subay rəfiqələrinin başı üzərinə çəkərək, tezliklə onlara xoşbəxt nikah arzulayır. O, bəyin verdiyi hədiyyələri və öz cehizini nümayiş etdirir. Öz üçüyünü taxmaq üçün rəfiqələrinə verir. Kim üzüyü birinci taxarsa, əlamətlərə görə, o da birinci ərə gedəcəkdir. Hamı şirniyyatdan götürür və şənlənir.

Qızlar "xınayaxdı"da olanda oğlanlara çay verirlər. Onlar çayı içib, boş nəlbəkiyə nəmər qoyurlar. Qızlardan biri həna gətirir. Oğlanlar da çeçələ barmağını hənaya batırırlar.

Kəbinkəsdirmə - nikahın dini qaydada rəsmiləşdirilməsidir.

Adətən, kəbinkəsdirmə toy günündən bir neçə gün əvvəl molla tərəfindən həyata keçirilərdi. Bu mərasimdə bəy və gəlin, eləcə də hər iki tərəfin ən yaxın qohumları iştirak edərmiş. Bna görə mollaya pul və bir kəllə qənd pay verərmişlər. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra nikahın qeydiyyatı dövlət orqanları tərəfindən həyata keçirilməyə başlamışdır.

Toy

Oğlan toyu və qız toyunun ayrı-ayrı keçirilməsi kimi adət mövcuddur. Yəni, toy iki mərhələdə keçirilir. Xüsusilə kənd yerlərində əvvəllər qız və oğlan toyu birlikdə 3 gün - cümə, şənbə və bazar günləri davam edərdi. Nikah gecəsi oğlan toyundan sonra olur və bəy təntənəli surətdə gəlini öz evinə aparır. Nikah bağlanması isə, birinci toyda (qız toyunda) həyata keçirilir.

Qız toyu

Səhər saat 12-dən sonra "qara zurnanın" səsi ətrafa yayılar, kəndi ayağa qaldırar və toy başlanardı. Dəstə-dəstə adamlar toy evinə gələr, yeyib-içib, şənlənərdilər. 
Yemək verilməzdən əvvəl oğlan evindən bir nəfər kişi gələr, yemək qazanının üstünə pul atardı ("qazanaçdı"). Bundan sonra qazanların ağzı açılar və qonaqlara yemək paylanardı. Oğlan evi qızı oynamağa dəvət edər, özləri də onunla oynayardılar. Qonaqlar təxminən saat dörddə-beşdə geri qayıdardılar. Oğlan evi getdikdən sonra qız evi şənliyə davam edərdi.

Oğlan toyu

Azərbaycan xalqının ən qədim havası olan "Vağzalı"nın sədaları altında oğlan evi qız evinə gəlir. Onlar əllərində xonça oynaya-oynaya, oxuya-oxuya ənənvi mahnı oxuyurlar: 
Al almağa gəlmişik,
Şal almağa gəlmişik.
Oğlanın adamıyıq,
Aparmağa gəlmişik.
Gəlin olan otağın qapısı bağlı olur. Bəy atası xələt verməyincə qız evi gəlini otaqdan çıxmağa qoymazlar. Gəlin evdən çıxmamış ata-ana xeyir-dua verir. Qaynı gəlinin belini ərinə sədaqət rəmzi olan qırmızı yaylıqla bağlayır. Sonra o, lentlə gəlinin sağ ovcuna, qardaşı isə sol ovcuna pul bağlayır. Gəlinin başına duvaq atırlar. Həyətdə iri tonqal qalayıb ətrafında gəlini 3 dəfə fırladırlar ki, getdiyi ev işıqlı, ocağı isti olsun. Gəlinin dalınca daş atırlar ki, getdiyi yer möhkəm olsun. Gəlinin dalınca su atırlar ki, aydınlıq olsun. Gəlin oğlan evinə çatan kimi ayağının altına qab qoyurlar ki, sındırıb keçsin. Gəlini qapıda əyləşdirib qucağına oğlan uşağı verirlər ki, ilki oğlan olsun. Gəlin ayağı altında qoyun qurbanı kəsilir. Qoyunun qanından gəlinin alnına, bir də paltarına sürtürlər ki, istiqanli olsun, oğlan evinə tez qaynayıb-qarışsın. Gəlinin qayınanası onun başına sığal çəkər ki, mehribançılıq olsun.

Gəlinin başına xırda pul, şirniyyat, düyü, buğda səpirlər ki, bolluq olsun. Gəlini evdən çıxaranda, onun xalası və ya bacısı qarşısında qırmızı lentlə bağlanmış güzgü aparır. Onun yanında gedən rəfiqələrinin əlindəki stəkanın içində düyü, şam olur ki, bunlar da işıq, xoşbəxtlik və bolluq rəmzidir. Gəlin bəzədilmiş otağa aparılır. Hamı ona xoşbəxtlik, "oğullu-uşaqlı olmağı", ən vacibi isə, oğul anası olmağı arzu edir.

Üzəçıxdı

Təzə gəlin qayınatasından yaşınır və onun gözünə görünmür. Toydan 10-15 gün sonra qayınana süfrə hazırlayır. Ailənin bütün üzvlərini çağırır. Gəlindən başqa hamı gəlib oturur. Belə olanda qayınata gəlini səsləyir və özü onu gedib gətirir. Sonra gəlinə qiymətli bir hədiyyə verib ona, bu ailənin ən əziz üzvü olduğunu söyləyir. Bundan sonra gəlin heç kimdən yaşınıb çəkinmir.

Gəlingördü

Toydan 2-3 ay sonra qız evi oğlan evinə xəbər göndərir ki, "filan gün gəlirik gəlini görməyə". Oğlan evi hazırlıq görür. Yaxın qonum-qonşudan 3-4-nü dəvət edir.
Qızın anası da yaxın adamlardan götürüb qudasıgilə gəlir. Yeyib-içib şənlənirlər. Axırda qızın anası gəlinə və bəyə gətirdiyi hədiyyələri verib qayıdırlar.

Ayaqaçdı

Gəlini gördükdən sonra gəlinin anası qızını və kürəkənini evinə qonaq çağırır. Buna "ayaqaçdı" deyirlər. Ayaqaçdıya həm kişilər, həm də qadınlar gəlirlər. Böyük məclis qurulur. Qızın valideynləri bəyə və gəlinə aldığı hədiyyələri verirlər. Həmin gün qızı evdə qonaq saxlayırlar. 1-2 gündən sonra əri gəlib onu aparır. "Ayaqaçdı"dan sonra bəylə gəlin istədikləri vaxt həmin evə gedib gələ bilərlər.

Qonaqçağırma

"Ayaqaçdı"dan sonra həm oğlan, həm də qız tərəfdən ən yaxın qohumlar bəylə gəlini qonaq çağırırlar. Bu da bir növ "ayaqaçdı"ya bənzəyir. Qonaq çağırarkən bəyə və gəlinə hədiyyə verirlər.

Dəfn


Elə hallar da olur ki, insan xəstələnir və "ölüm yatağına" düşür. Bu zaman onu bir saniyə də olsun, tək buraxmırlar. Belə hallarda xəstənin yanında qadın yox, mütləq kişi olmalıdır. Burada qadına hörmət hissi ön plana çəkilir - xəstənin yanında o, acı çəkə və ya təkbaşına qorxa bilər.

İnsan öləndə onu üzü cənuba uzadır, üzərinə matəm rəmzi olan qara parça örtür, sinəsinə isə güzgü qoyurlar. Əgər azərbaycanlıların və rusların mərhumla bağlı bir-çox adətləri bir-birinə uyğun gəlirsə (misal üçün, mərhumun əllərini sinəsində çarpazlaşdırır, çənəsini sarıyır, bədənini çəkib-düzəldirlərsə), sinəyə güzgü qoymaq adəti bu siyahıdan kənardadır. Əksinə, Rusiyada güzgüləri parça ilə örtürlər. Mərhumun sinəsinə güzgü qoymaq adəti bütün Azərbaycanda yayılıb. Yerli xalq qədimdən inanırdı ki, güzgüdə insanın təkcə xarici görkəmi deyil, həm də mahiyyəti, başqa sözlərlə ifadə etsək, ruhu da əks olunur. Güman edilirdi ki, insanın güzgüdəki əksinin də ruhu var. Mərhumun qarşısına güzgü qoymaqla, sanki onun güzgüdəki əksini ruhu ilə birlikdə özünə qaytarırlar ki, ruh evdə qalıb, sonradan orada yaşayacaq insanlara zərər verməsin. Bunanla belə, Azərbaycanda bütün digər güzgülərin üzərini gecə parça ilə örtürlər. Bəs nə üçün təkcə gecə? Belə güman edilir ki, axşam düşdükcə, insana zərər verə biləcək şər ruhlar yer üzərində hökmranlıq etməyə başlayırlar. Bu şər qüvvələr güzgüdə əks olunub, orada qala bilər, ınsanlar isə güzgüyə baxanda onların bədheybət görünüşündən ağıllarını itirə bilərlər.

Mərhumun sinəsinə güzgü qoymaq adəti ölkənin cənub qərbində nisbətən fərqli yozulur: güzgü sanki mərhumun özünü qoruyur, çünki ruh artıq onun bədənini tərk edib.

Əlbəttə, mərhumun üzərində dualar oxunur. Əgər insan günün sonuna yaxın vəfat etdiyi üçün onu həmin gün dəfn etmək imkanı olmayıbsa, gecə yanında çıraq yandırılır. Mərhumun qohumları (tək qadınlar yox) bütün gecə onun yanında olurlar.

Ümumiyyətlə, insan vəfat edən kimi hamı: qohumları, dostları və əlbəttə, qonşuları onun evində toplaşır. Rusiyada olduğu kimi, burada da ölünü ağlamaq və yumaq adətləri var. Yaxınlıqda məscid varsa, ölü məsciddə yuyulur. Lakin bu, o qədər vacib deyil. Sonra meyidə ağ köynək geyindirirlər ki, qadınlarda həmin köynək daha uzun olur. Köynəyin aşağı hissəsini büküb ayrıca ağ parça ilə bağlayır, sonda isə bütün bunu ağ kəfənlə örtürlər.

Müsəlmanlarda tabut olmur. Mərhumu qəbiristanlığa ya xüsusi xərəkdə, ya da taxtadan hazırlanmış üstüaçıq qutuda aparırlar. Adətən mərhumu çiyinlərində onun oğulları və ya qardaşları, əgər onlar yoxdursa, digər yaxın qohumları aparırlar. Dəfn prosesində qadınlar heç zman iştirak etmirlər. Onlar dəfn günü yox, yalnız sonrakı gün qəbir üstə gedə bilərlər.

Qəbiristanlığa gedəndə molla yol boyu Allaha xitab edərək dualar oxuyur və mərhumun ruhunun bağışlanmasını diləyir. Əgər mərhumun yaşı altıdan azdırsa, dua oxunmur. Hesab edilir ki, uşaq günahsızdır və onun yeri onsuz da Cənnətdir, buna görə də, uşağın ruhunun xilas edilməsi üçün dualar oxumaq artıqdır.

Ölünü qəbirə (qadınların qəbri daha dərin qazılır) ən yaxın qohumları endirir. Qəbirə düşən adan ayaqqabısız və papaqsız olmalıdır. Rusiyada tabutu kəndirlərlə qəbirə endirdikləri üçün, kiminsə qəbirə düşməsinə ehtiyac olmur. Lakin, müsəlman ölkələrində tabutdan istifadə etmədiklərinə görə, meyidi sanki uşaqmış kimi ehtiyatla əldən ələ ötürür və parça üzərində qəbirə endirirlər. Uşağı basdırarkən, onu ipək kəlağayıda qəbrə endirirlər. Ölünü sağ yanı üstə açıq üzlə Məkkə istiqamətində uzadırlar. Bütün mərasim dua oxunması ilə müşaiyət olunur.
Meyidin üzəri əvvəlcə löbhələrlə və yaxud daş plitələrlə bağlanır, bunun üzərindən saman örtülür. Bu ona görə edilir ki, torpaq yarıqlardan içəri tökülməsin. Bundan sonra qəbir torpaqla doldurulur və ilk olaraq torpağı mərhumun ən yaxın qohumları - böyük oğlu və ya digər oğlanları, əgər övladı yoxdursa, qardaşı tökür. Bu zaman o, ərəbcə bu sözləri deməlidir: "Biz hamımız Allaha aidik və yenə də Ona qayıdacağıq".

Qəbir torpaqla doldurulan zaman mərhumun oğlu və ya qardaşı üzü qəbrə doğru durmalıdır ki, mərhum özünü yalnız hiss etməsin.

Qəbir doldurulduqdan sonra dörd barmaq hündürlükdə təpəcik düzəldir və onun üzərini ləpə (yastı) daşlarla örtürlər. Baş tərəfə şaquli istiqamətdə daş qoyurlar. Sonralar - yarım il sonra və yaxud mərhumun ilində həmin daşın yerinə şaquli vəziyyətdə qəbirüstü abidə daşı qoyulur ki, onun üzərində mərhumun şəkli döyülə bilər, lakin adı və yaşadığı illər mütləq göstərilir. Bütün bunlar, adətən, xatirə qəbiristanlıqlarında edilir. Belə qəbiristanlıqlardakı abidələr öz bədii dəyərləri ilə hamını valeh edir.

Meyidə toxunan hər kəs dəfndən sonra mütləq qüsl edərək yuyunmalıdır. Qəbiristanlığın yaxınlığından keçən bütün maşınlarda, hətta avtobuslarda belə, musiqi söndürülür.

Dəfndən qayıtdıqdan sonra mərhumun xatirəsi yad edilir. Əgər matəm evdə keçirilirsə, buna bütün həyət hazırlaşır. Lakin, yas yerinə gələnlərin sayı çox olduğu üçün, adətən mərasim xüsusi çadırlarda (mağarlarda) keçirilir. Mağarlar - millətin mentalitetini səciyyələndirən ayrıca mövzudur. Matəm mağarı dəmir boru çərçivə üzərinə çəkilmiş nəhəng hərbi çadırı xatırladır. Bu cür mağarları quran xüsusi xidmətlər mövcuddur. Belə mağarların sahəsi otuz kvadrat metr və daha artıq olur. Mağarları adətən həyətlərdə qururlar. Lakin çox zaman həyətlər kiçik olduğuna və yaxud onların çox hissəsini maşınlar və uşaq meydançaları tutduğuna görə, mağarları küçədə (mərkəzi küçələr və magistral yollar istisna olmaqla) qurmalı olurlar. Mağarlar üç gün - dəfn günündən mərhumun üçünə, yəni islam qaydalarına görə, ikinci yadetmə gününədək durur. Qəribəsi budur ki, heç bir sürücü həmin küçədən üç gün keçə bilmədiyinə görə heç zaman gileylənmir. Halbuki, tıxaclar zamanı, şəhərdə tikinti-quruculuq və abadlıq işləri getdiyi bir vaxtda bütün bunlar böyük narahatlıqlara səbəb olur. Adətən sürücülər "Allah rəhmət eləsin" deyib, dolayı yol axtarırlar.

Dəfn günü yalnız çay və şirniyyat, xüsusilə də halva verilir. Halva bütün digər yas günlərində də verilir. Lakin, "halva" bizim (Rusiyada) adət etdiyimiz formada olmur. Azərbaycanda halva - qatı balı xatırladan şirniyyat növüdür. Onu un, yağ və şəkərdən hazırlayırlar. Halva bir çox bayramlarda da hazırlanır. Olduqca qeyri-adi və dadlı şirniyyatdır. Mərhumun qırxı günü və Novruz Bayramında nazik lavaşa (yuxaya) bükülmüş halvanı qohumlara, qonşulara, eləcə də qəbiristanlığa gəlib, kasıblara və ya mərasim iştirakçılarına paylayırlar.

Camaatı dəfn günü yas mərasiminə dəvət etmirlər, insanlar özləri gəlir.

Mərhumun yeddinci günü də yas mərasimi keçirilir. Bəzi bölgələrdə hətta əlli ikinci gün də qeyd edilir. Bütün mərasimlərdə molla iştirak edir və dualar oxuyur.

Mərhumun üçüncü günü halvadan başqa, adədən, ət xörəkləri və aş da verilir. Ailənin maddi vəziyyətindən asılı olaraq, süfrə də müxtəlif ola bilər, lakin bir qayda olaraq, bir və ya iki növ yemək verilir. Elə həmin gün xüsusi təmizlənmə ayini keçirilir: mərhumun yatağı - yorğan-döşəyi çayda yuyulur. Əgər yaxınlıqda çay yoxdursa, yorğan-döşək adi qaydada yuyulub-təmizlənir. Yuyulduqdan sonra adətən döşəyin üzərinə təmiz su tökürlər ki, o yenidən "təmiz" olsun (energetik nöqteyi nəzərdən) və ondan istifadə edilsin.

Yas mərasimləri ilə bağlı azərbaycanlıların bir maraqlı ənənsi var. Mərhumun qırxına qədər hər cümə axşamı - "adna" qeyd olunur. Hər kəs mərhumun evinə gəlib başsağlığı verə bilər, halva ilə çay içə bilər. Adna günlərinə ciddi hazırlıq görmək tələb olunmur. Vəfat etdiyi gündən qırxı çıxana kimi mərhumun qohumları üçün yas müddəti hesab edilir. Qadınlar zinyət əşyaları taxmır, qara paltar geyir, qara yaylıq bağlayırlar. Kişilər üzünü qırxmır. Bu günlər ərzində qohumlar bayram keçirməməli, toy etməməli, musiqi alətlərində çalmamalıdırlar. Qonşular həmin günlər musiqi və ya televizorun səsini yuxarı qaldırmamağa çalışırlar. Yas günlərində mərhumun yaxınları özgə toylarına, şənliklərə və hətta təqdimat mərasimlərinə belə getmirlər. Çox ailələr bütün il boyu bu adərlərə riayət edirlər. Əgər gənclər nişanlıdırlarsa, evlənmək üçün onlar bir il, yəni yas müddəti bitənədək gözləməlidirlər.

 
 
(səs: 15)
Şərhlər: 4
Baxılıb: 45 485
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri