Azərbaycanda toy adətləri - cehiz, kəlləqənd

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 15 981
Səs ver:
(səs: 1)
Cehiz
Ərə verilən qıza ata evindən gündəlik həyat, ev-eşik üçün ən vacib sayılan əşyalar verilir. Əvvələr qız evi bu əşyaları oğlan evindən aldığı başlığın hesabına əldə edirdi. İllər keçdikcə bu adətin forması və alınma mənbəyi dəyişikliyə məruz qalıb.

Vaxtilə kasıb ailələrdə cehiz anasından qızına bir miras tək ötürülürdü. Qız doğulduğu gündən başlayaraq, anası öz cehizindən qalmış əşyaları və çatmayanları yenidən alaraq əlavə edilir, ayrıca bir sandığa yığırdı. El-oba qaydasına görə, ev əşyalarının çoxunu nişanlı qız özü hazırlayır, xalı, corab toxuyur, saatqabı, tənbəki kisəsi və s. tikirdi. Varlı ailələrdə isə cehizi tamamilə yenidən toplayardılar.

Tədarük işləri böyük nişantaxdı mərasimindən sonra toy günlərinə qədər davam etdirilirdi. Bu müddət ərzində həmin avadanlığın bir hissəsi qonum-qonşu qadınların köməyilə düzəlir, yun yuyulub daranır, yorğan-döşək tutulur, xalça-palaz toxunur və s. vacib işlər görülürdü.

El-oba qaydasınca, buraya köməyə gəlmiş hər subay qıza bir tikə yorğan-döşək parçasından və bir çəngə yun verib "başına gəlsin" deyilərmiş. Yaxın qohumların verdiyi və qonaqların özləri ilə qız toyuna gətirdikləri hədiyyələr ( bunlar qazan, tas, ləyən, sürahi, və s. olurdu ) də cehizə qatılır. Qız evi kasıb olduqda, çox vaxt adaxlı oğlan özü bu əşyaları toplayıb toy gününə qədər qızgilə çatdırır və gəlinapardı mərasimində onu gəlin qız ilə birlikdə ər evinə daşıyırlar.

Keçən əsrin əvvəllərində qeydə alınmış və cehizə daxil olan ənənəvi əşyalar bunlardır: hər ailə üçün vacib sayılan Quran kitabı, üstündə namaz qılmaq üçün əbrişim şaldan tikilmiş iki-üç canamaz, möhürqabı, yüz bir danəli təsbeh. Daha sonra iki adamlıq qırmızı yorğan və qırmızı məxmərdən üzlənmiş böyük taxt döşəyi, ikı yun döşəkçə, iki ədəd mütəkkə, bir böyük nazbalınc, qayınata-qayınana üçün iki kiçik döşək. Nişanlı qızın özü, yaxud qız evi qadınları tərəfindən bəy üçün hazırlanmış tikmə əl işləri güləbətinli tirmə araxçın, ipək daraqqabı, saatqabı, zərxaradan on iki ədəd tənbəki və pul kisəsi, 20-30 cüt çarıqbağı, at üçün zinpuş, qələmdanqabı və s. Yenə məişət üçün dəstərxan süfrə, əl-üz dəsmalı, isti qabları qaldırmaq üçün yeddi cüt "tutqac" və s.

Gəlinin özü üçün sürmədan, ətirqabı, qayçıqabı, iynəqabı, sayı yeddi olmaqla iynə, qıyıq, güləbətinli pərdəbağı, ipək tumanbağı, taxça və güzgü pərdəsi, qara ayağdaşı və s. Bunlardan başqa, bir "camaxatan sandığı", yun məmulatından bir-iki xalça-palaz, camədan-məfrəş, xurcun, saxsı qab-qacaqdan nehrə, küpə, kuzə, aşsüzən, ağac məmulatından yeddi taxta qaşıq, tabaq, oxlov, çanaq, çömçə, çörəkqabı, bazardan alınmış təzə, yaxud yenicə qalaylanmış mis qab-qacaq, gəlinin yuyunması üçün böyük teşt, farş, qazan, gülabzən, mis aftafa-ləyən, hamam satılı, altı kabab şişi və s. metal əşyalar.
Qızın "xırda-mırda cehizi"

El-oba adətinə görə buradakı mis, yaxud saxsı su qablarını yeni mənzilə əsla boş aparmaq olmazdı, onlar hökmən su ilə doldurulmalı idilər. Bundan əlavə, gəlin özü ilə ər evinə müxtəlif rəngli parçalardan tikilmiş yeddi kiçik torbada (hərəsi bir kiloqram olmaqla), yeddi cür taxıl növü buğda, arpa, düyü, mərci, noxud, lobya, darı və uğursuyu deyilən bir səhəng təmiz içməli su və bir qab neft aparardı.

Qaydaya görə, qız gəlin köçürüldükdə, ayaqqabısından başqa, istədiyi bütün paltarlarını yeni mənzilinə apara bilər. Amma bəzi yerlərin adətincə, gəlinin bəxti ağ olsun deyə, cehizlə, bəzən isə elə qızın özüylə onun bir tay köhnə ayaqqabısı da ər evinə aparılarmış.

Cehiz əşyaları siyahıya alındıqdan sonra bədnəzərdən qorunmaqdan ötrü onları qırmızı qaytan və lentlərlə sarıyaraq cecim sandıqlarına yerləşdirərmişlər.

Ötən əsrlərdə varlı ailələrdən ərə verilən qızların ata-anası övladlarına mal-qara sürüsü, ev-imarət, zəmi və bağ-bağça kimi hədiyyələr qoşur, hökmdarlar isə gəlin köçürdükləri qızlarına, bir adət olaraq, geniş bir ərazi və ya bir neçə kənd bağışlayarmışlar.

Adətə görə qıza verilən bütün əşyalar onun şəxsi malı hesab edilir. Bəzən el içində həqarətlə deyilən "cehizindən xeyir görməyəsən", yaxud "cehizin qayıtsın" kimi bəd dualar hələ də yaşamaqdadır.

Müxtəlif bölgələrdə qız ərə verdikdə ona qoşulan cehizə "ağırlıq", "barxana / qız barxanası", "verdik / verdük", "dədəverdi / dədəmalı", "mal" (Şəki), "kabin", "öllüx-dirilıx" (Quba), "sədəqə", "təchiz", "tuti", "xərcxəcələt" (Salyan), "cehiz qoşma / cehizləmə / cehizçilik", "cer-cehiz", "şeylan" və bu kimi adlar daşıyır. Onun "cehaz / ceyiz / cihaz" (Ordubad) deyiliş şəkilləri də vardır.

Toydan iki-üç gün əvvəl ər evinə gəlinin cehizini gətirirlər. Bunu gəlinin qardaşları, əmisi, dayısı, bibisi, xalası oğlanları, bəyin dostları və "qardaşlığı" edirlər. Ana gəlinin cehizini düşürmək üçün gəlinin qardaşına nəmər verir.

Sonra gəlinin yengəsi, bacısı və ya bacılığı evi bəzəməyə gəlirlər. Onlar evi bəzəyib qurtarandan sonra əşyaların bəzisinə qırmızı lent bağlayırlar. Qayınana evi bəzəyənlərə də xələt verir.

Kəlləqənd
Toy-nişan mərasimlərində oğlan evinin xonçalarına biçimcə keçmişdə başa qoyulan "şişpapağa" oxşayan konus formalı qənd – kəlləqənd yerləşdirilir.

Qız evinə yollanan zaman kəlləqəndin yerləşdiyi xonçanı o biri xonçalardan irəlidə, adət üzrə, dəstə önündə oğlanın kiçik qardaşı və ya kişik oğlan qohumu aparır. Qızgildə oğlan evi adamları bu qəndləri parça-parça doğrayıb nəlbəkilərə yığır və şirni tək qonaqlara paylayırlar.

Toy günü oğlan evində gəlin qız gərdək pərdəsi arxasında oturduğu zaman sağdış-soldış qızın başı üzərində kəlləqənd tuturlar. Qənd şirinliyi ilə yanaşı, özünün duru ağ rəngilə saf işığı, ağ günü təmsil edir. İnama görə, evlənənlər bu qəndi yalnız ilk övladları olandan sonra parçalayıb süfrəyə qoya bilərlər.

Şəkər çuğundurundan alınan müasir qənd XVIII əsrin bəhrəsidir. Ondan əvvəl xalqımız şəkər qamışı "neyşəkərdərı" hasil olunub ağ sapa düzülmüş bozumtul, yaxud sarı rəngli "nabat" parçalarından istifadə etmişdir.

Bəzi yerlərdə onu "kəlləşəkər / şəkər kəlləsi / qənd kəllə" də adlandırırlar.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 15 981
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri