Azərbaycanda toy adətləri - bəylik papağı, bəylik paltarı

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 3696
Paylaş:
Səs ver:
(səs: 3)
Bəylik papağı
Bəydurma mərasimində adaxlı oğlanın başına qoyulan qaragül dərisindən şişpapaq, yaxud "daqqa" və ya "yappa" papağı qoyulur. Birincisi konusvari biçimli, təpəsi yastı olduğu halda, ikincisinin aşağısı və yuxarısı eyni ölcüdə olub, üstü mahuddan tikilirdi.

Ötən zamanlarda bu cür papaqlar yalnız "bəy ailələri"nə məxsus olduğu üçün ancaq toy günləri geyilir, sonra isə hərə öz zümrəsinə uyğun papaq (keçmişdə başıaçıq gəzmək qəbahət sayılırdı) qoyurdu.

Bəzi yerlərin adətincə, bu papağı qız evinə aparıb belbağlama ayini zamanı gəlin qızın başına üç dəfə qoyub çıxarırlar.

Digər bölgələrin adətinə görə, qız anası toy ərəfəsində bəy oğlana papaq altından geymək üçün qırağı qızılı və gümüşü baftaya tutulmuş "istiba təsək" deyilən bəzəkli bir araxçın göndərirdi. Keçmiş əyyamlarda isə bu mirvaridən gül-çiçək naxışları ilə bəzənmiş "səhrə" deyilən xüsusi bir çələng olmuşdur. Bununla adaxlı oğlan rəmzi şəkildə, "başıbağlar", yəni evli kişilər cərgəsinə daxil olmuş hesab edilirdi.

Bəylik paltarı
Ötən çağlarda toy günləri oğlana, bir qayda olaraq, həqiqi bəy, xan və padşahların libas və tacını yamsılayan bir "kisvət" geydirilirdi. Oğuz türklərində bu yun və ya ipək parçadan tikilmiş qırmızı "qoftan" ("qaftan"), əslində isə arxalıq olmuşdur və bəy oğlan bu libasda gərdəyə girərmiş. Qaydaya görə, bu "qoftan", (ona "ərgənlik" də deyilir) toydan qırx gün sonra təzəbəyin əynindən çıxarılıb bir fəqir və ya gəzərgi dərvişə pay verilirdi. Qədim zamanlar təzə qohumlaşan ailələrin varlı və ya kasıb olmalarına baxmayaraq, libasın biçimi eyni olmuş, onlar yalnız tikildiyi parça növü ilə fərqlənmişlər.

Sonrakı dövrlərin adətinə görə, qız tərəf oğlan üçün ən azı iki dəst paltar tikdirməli idi. Qızgildən hamam boğçasında göndərilən təsək, arxalıq və toy çuxasından başqa, oğlan anasının doğma oğlu üçün hazırladığı paltarları da bəy oğlan, bir qayda kimi, bəylik hamamında, yaxud toy günü oturduğu bəylik otağında geyinirdi.

Əski dədə-baba adətinə görə, bu paltarları bəy oğlana çoxlu oğul-nəvəsi olan yaşlı bir kişi geydirməlidir. Bəzi yerlərdə rəmzi məna daşıyan bu "geyinmə" bəydurma mərasimi zamanı baş verir.

Bir zamanlar bəyin başına qoyduğu papaq, geydiyi libas, ayağındakı ayaqqabının biçimi onun hansı zümrəyə mənsub olduğunu bildirirdi. Kasıb ailələrdə bəy əyninə "aşırmalı", yaxud "önürlü" bir arxalıq geyərək, ayağına "şirazi" çarıq keçirir, arxalıq üstündən isə belinə təzə kəlağayıdan qurşaq və ya qayış kəmər bağlayaraq, qabağından üç yaylıq asıb üstündən çuxa geydinirdi. Varlı ailələrdə o, ağ ipəkdən və ya məxmərdən köynək geyir, qız anasının ona göndərdiyi al qırmızı ipək yaylığı cibinə basıb başına öz zümrəsinə məxsus bəylik papağı qoyur, çuxa üstündən belinə "təkbənd" gümüş kəmər və xəncər taxır, ayağma isə vaxtilə "cıqcıq" deyilən ayaqqabı, yaxud yumşaq dəridən uzunboğaz çəkmə keçirirdi.

Bu geyinmədən sonra bəyin ətəyinə duz gəzdirib başına çevirərək manqala atır, paltara dumduru su çiləyirdilər. Bundan sonra bəy oğlanın geydiyi paltar digər "başıbağlı", yəni evli-arvadlı kişilərin libası və zahiri görkəmindən əsla fərqlənmirdi.

Bir para yerlərin dilində, bu paltara "bəylik libas / bəylik kisvət / bəylər paltarı", "güveylik libas", "toyluq libas", "ərkənlik" və "şahanə" deyilir.

loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 3696
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook