May ayında niyə toy etmək olmaz?

Müəllif: yasemin
Şərhlər: 9
Baxılıb: 3 767
Səs ver:
(səs: 4)
Müxtəlif millətlərin müxtəlif ənənələri var. Bu ənənələrin bəzilərinin əsası var, bəzilərinin isə heç bir tarixi, məntiqi əsası yoxdur. Məsələn, elə may ayında toy etməmək kimi. Doğrusu, bu haqda kimdən soruşsan ki, "nə üçün may ayında toy etmirsən?”, nə cavab verəcəyini özü də bilməyəcək. Ən yaxşı halda dahiyanə sifət alıb, guya nəsə kəşf edirmiş kimi belə cavab verəcək: "May ayı ağır aydır”. Niyə ağırdır, bilinmir və bilməyəcək... Məsələn, guya bu ayda ailə quran insanlar xoşbəxt olmur, övladlarında problemlər olur və sairə və ilaxır. Hətta dünyanın yarısını görmüş insanlar da may ayında niyə toy olmadığını əsaslandıra bilmədilər. Gəlin, biz də xırda bir araşdırmaya baş vuraq...

Guya, ermənilərin qondarma soyqırımından sonrakı ay may ayına düşdüyündən və onlar mayda da yas saxladıqlarından, may ayında toy eləmirik. Etiraf edək ki, mənasız səbəbdir. Hamı bilir ki, ermənilərin bu şivəni yalandan başqa bir şey deyil. Bir başqa mənbələrdə deyilir ki, xristian ayinlərinə görə, may ayı ağır ay kimi qiymətləndirilir. Maraqlı burasıdır ki, əgər lap belədirsə, Sovet İmperiyası dağıldıqdan sonra niyə biz hələ də bu ənənəni yaşadırıq?! Bunu zehnlərdən silməyin vaxtı gəlib çatmayıbmı?

Mövzuyla bağlı psixoloq Elnur Rüstəmova müraciət etdik. Elnur Rüstəmov bildiridi ki, may ayında, ümumiyyətlə, toyun olub-olmamağı ilə bağlı zaman-zaman xeyli müzakirələr olub: "Adət-ənənə baxımından buna bizdə yox, xristianların adət-ənənəsində rast gəlinir. Yay ayı elə bir aydır ki, əvvəllər may ayında biçim vaxtı olurdu. Bu aylarda insanlar daha çox iş görməklə məşğul olmalı idilər. Ona görə də fikirləşirdilər ki, hər hansı bir şənlik və ya toylar onları işlərdən uzaqlaşdıra və ehtiyat tədarükünü azalda bilər. Və bu psixoloji təsir də zaman-zaman bizim xalqımıza yansımağa başladı. İndinin özündə də görürük ki, may ayında toyların intensivliyi azalmağa başlayır. Əslində, bu düzgün bir yanaşma deyil. Bu dünşüncədən qurtulmaq lazımdır. Əgər xeyir iş varsa, onu təxirə salmaq olmaz. Bunu etmək heç bir mənfi fəsad verməz”.

Bəzi ekspertlər isə qeyd edirlər ki, may ayında toy etməməyin səbəbi yasəmənin açması ilə əlaqədardır. Guya, ona görə bu dövrdə toy eləmək düzgün deyil, yasəmən uğursuzluq gətirir. Yenə, guya, yasəmən çiçəyinin mənası "ya sən, ya mən” deməkdir. Yəni, həmin vaxtda toy eləsən, ya sən qalarsan, ya mən.

Bəzən də deyilir ki, may ayında yağışlar çox olur. Bu dövr təbiətin ağlayan dövrüdür, təbiət ağlayarkən şadlıq eləmək olmazmış. Bəziləri də bu adətin köklərinin Qədim Romaya gedib çıxdığını deyir. Bəzi fikirlərə görə, "may” sözü "Maius” latın sözündən götürülüb. Bu söz isə öz kökünü qədim Romada Mayi İlahəsinin adından götürüb. Başqa bir versiyada isə deyilir ki, Qədim Romada may ayında "Lemuriya” deyilən tədbir keçirilirdi. Bütün ay ərzində məbədlər bağlanır, camaat ölənlərini yada salır, dua oxuyur, məclislər verirdilər. Kəbin kəsilməsi və toylar məbədlərdə keçirilirdi. Bu mərasimlə əlaqədar may ayında toylar keçirilmirdi.

Dediyimiz kimi, mayda toyların keçirilməməsinin səbəbini bu ayda ən şiddətli, gərgin əkin-biçin mövsümünün olması ilə də izah edənlər var. Əgər öz tariximizə fikir versək, görərik ki, adətən toylar payızda keçirilir. Bu da onunla izah olunur ki, insanlar yaz və yay fəsillərində bütün işlərini görüb qurtarır və dincəlməyə başlayırlar. Beləliklə, toylar payızda olur. Əgər bu ənənə qeyd etdiyimiz faktorla əlaqəlidirsə, niyə əkin-biçinə aidiyyatı olmayan şəhər əhalisi bu "ənənəyə" son qoymur?!

Göründüyü kimi, "may ayında toy etmək olmaz" kimi bir arqumentin heç bir tutarlı əsası yoxdur. Digər tərəfdən, nəzərə alaq ki, may ayında nəzərdə tutulan toy mərasimlərini təxirə saldıqlarına görə hər il yüzlərlə, minlərlə insan öz iş qrafiklərini dəyişməli olur, səfərlərini təxirə salır, vaxt itkisi yaşayırlar. Belə isə bütün bu deyilənlərin fonunda bu mənasız ənənədən əl çəkməyin zamanı çatıb kimi görsənir.
Beləliklə, narahatçılığa heç bir əsas yoxdur.

May ayında da toy edin, Allah xoşbəxt eləsin!
(səs: 4)
Şərhlər: 9
Baxılıb: 3 767
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri