Unudulan Novruz adətləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 292
Səs ver:
(səs: 1)
Folklorşünas alim: "Novruza aid elementlərin bizə ən yaxşı halda üçdə biri gəlib çatıb"
Novruz bayramının gəlişinə sayılı günlər qalıb. "Novruz" farsca "Yeni gün" deməkdir. Novruz bayramının mənşəyi qədimdir. Qədim zamanlardan Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox Şərq ölkələrində baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Novruz Azərbaycanla yanaşı, İranda, Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd edilir. Adətə görə, süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur.

İranda süfrələrdə fərqli səməni olur və bu səməni ən çox mərcidən göyərdilir. Əfqan süfrəsi isə adətən stolun üstündə olmur. Süfrə yerə sərilir və ona dəstərxan deyirlər. Əfqan süfrəsində kompota bənzər bir təam da olur. Həmin təamın adı "həft meyvə", yəni yeddi meyvədir. Amma quru meyvələrdən hazırlanır. Əfqanlar bunu ancaq Novruzda hazırlayırlar. "Həft meyvə" ərik qurusu, kişmiş, qoz, iydə və sairdən hazırlanır.

Əfqanıstanda da Azərbaycandakı kimi yumurta döyüşdürülür. Qırğız süfrəsində məxsusi olaraq Novruzda bişirilən beşbarmaq olur. Bu, quzu ətindən və makarona oxşar un məmulatından bişirilir. Əllə yeyildiyinə görə bu yeməyə beşbarmaq deyilir. Tacikistanda isə Novruz martın 20-də başlayır, 3-4 gün davam edir. Uşaqlar yaz çiçəklərindən dərib yığır, qapıları döyür, ev sahibinə çiçəklərdən verir, ev sahibi də onlara ya konfet, ya yumurta, ya da pul verir. Özbəkistanda Novruz süfrəsi üçün nişala hazırlayırlar. Nişala şəkərdən bişirilir - ağ şokolad kimi olur.

Azərbaycanda isə adətə görə, Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təsərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı qoşmaqla inamını ifadə edib. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim Şərq ənənələrinin davamıdır. Novruz bayramında papaq atmaq, qulaq falına çıxmaq, tonqaldan tullanmaq, səməni yetişdirmək, yumurta döyüşdürmək kimi adətlər var. Ancaq bir sıra adətlər var ki, günümüzə təhrif olunmuş formada çatıb.

Folklorşünas alim, professor Məhərrəm Qasımlı da Bahar qızı, atəşdən od götürüb tonqal qalamaq kimi adətlərin qondarma olduğunu bildirdi: "Novruzla bağlı olduqca çox adətlər var ki, onlar hazırda unudulub. Novruza aid elementlərin, ünsürlərin bu gün bizə ən yaxşı halda üçdə biri gəlib çatıb. Bu dünya folklorunda da var ki, baharın gəlişi münasibəti ilə insanlar kosa ilə keçəli məsxərəyə qoyub ələ salırlar.

Onlar sırf məsğərə obrazlarıdır. Kosa da Keçəl də qışın rəmzidir. Fikir versəniz, görərsiniz ki, onların əyni-başı tör-töküntüdür, pay dilənirlər və sairə. Burada əslində tarixi mərasim təhrif olunub. Tarixi mərasimdə kosa, keçəl, bir də keçi olmalıdır. Keçmiş rəsm əsərlərinə baxsanız ,görə bilərsiniz. Keçi yeni ilin, yazın rəmzi hesab edilir. Hazırda Keçini ortaya çıxarmaq çətinləşib deyə çıxarmırlar. Tarixi mərasimdə Kosa ilə Keçəl savaşır, meydana gələn keçi isə Kosanın qarnını vurur dağıdır, Keçəli isə qovub uzaqlaşdırır. Yəni köhnə ili, qışı qovub uzaqlaşdırır və özünün gəlişi ilə yazı, baharı gətirir.

Tonqal yandırma mərasiminə gəlincə bu odun-ocağın şəfaverici, aydınlaşdırıcı gücü ilə bağlıdır ki, adamlar öz dərdlərini, ağırlığını, uğurluğunu tonqalın üstündə yandırır. Arınmış, durulmuş bir rolla yeni günə, yeni həyata başlayırlar. Bunun atəşpərəstliklə heç bir əlaqəsi yoxdur. Çünki atəşpərəstlərdə tonqal, od müqəddəs idi. Müqəddəs odun üstünə də adam atılıb deyər ki, ağırlığım tökülsün?! Ona görə atəşpərəstlikdəki odla Novruz bayramındakı od ayrı-ayrı şeylərdir. Novruz bayramındakı tonqalın atəşpərəstliklə heç bir əlaqəsi yoxdur".

Xatırladaq ki, bir müddət öncə papaq atmanın yığışdırılması ilə bağlı müzakirələr aparılırdı. Folklorşünas alim isə bunun tamamilə yanlış düşüncə olduğunu deyərək papaq atma mərasiminin qədimlərə söykəndiyini bildirdi: "Papaq atma uşaqların əylənməsi üçün olan bir şeydir. Adamlar gəzişir, papaq atırdılar. Onların papağı isə qırmızı boyanmış yumurta, qorğa, konfetlə doldurulardı. Deyirlər ki, böyüklərin papağını qapıya atmaq olmaz. Bu düz fikirdir. Ancaq qapıya atılan böyüklərin yox, uşaqların papağı olur.

Kimlərsə özündən nəsə uydurur ki, papağın yerinə kağız və torba atılsın, bu gülməlidir. Tarixə nəzər salsaq bu adətin olduğunu görərik. Qeyrət rəmzi böyüklərin papağı sayılır, uşaqların yox. Novruz bayramında gedib atəşdən od gətirirlər. Bu, qondarma, uydurma bir şeydir. Bu bizim mədəniyyətimizə yamaqdır. Bahar qızı da sovet hökuməti dövründə uydurulmuş və Novruz bayramına yamanmış bir şeydir. Azərbaycan ailəsində kim öz qızını qoyar ki, bahar qızı kimi çıxıb ortada oynasın. Milli mentalitet tarixi ona uyğun deyildi".
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 4 292
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri