Bibliya və ənənə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 169
Səs ver:
(səs: 3)
Bibliya və ənənə - Bibliya xristianların Müqəddəs Yazılar toplusudur, ənənə isə tarixən meydana gələrək nəsildən-nəslə keçən adətlər, əxlaq normaları, görüşlərdir[1]. Xristian ənənəsi dedikdə, bir qayda olaraq, kilsədə müəyyənləşib sabitləşmiş qayda-qanunlar, üsullar, normalar, əqidələr, kanonik müddəalar, habelə kilsə tərəfindən qəbul olunmuş liturgiya mətnləri və kilsə atalarının əsərləri nəzərdə tutulur.
Ənənə mənasına gələn yunanca paradosis "παράδοσις” kəlməsi (ötürmə, ötürülən təlim) Əhdi-Cədiddə 13 dəfə işlənmişdir. 10 dəfə mənfi mənada ("insan adət-ənənəsi”) işlənən bu kəlmə 3 dəfə müsbət mənada işlənmişdir. Müsbət mənasında bu kəlmə Əhdi-Cədidin Azərbaycan dilinə yeni tərcüməsində "təlim” deyə tərcümə olunmuşdur:
Hər işdə məni xatırladığınız və sizə tapşırdığım təlimlərə sadiq qaldığınız üçün sizi tərif edirəm. (1 Korinflilərə Məktub 11:2)
Beləliklə, qardaşlar, möhkəm dayanın və sözümüz yaxud məktubumuz vasitəsilə öyrəndiyiniz təlimlərə bağlı qalın. (2 Saloniklilərə Məktub2:15)
Ey qardaşlar, Rəbbimiz İsa Məsihin adı ilə sizə əmr veririk ki, bizdən qəbul etdiyi təlimə görə yaşamayan, avara həyat sürən hər bir bacı-qardaşdan uzaqlaşın. (2 Saloniklilərə Məktub 3:6)
İdealda xristian ənənəsi mənfi "insan adət-ənənələri”ndən uzaqlaşaraq, nəsildən-nəslə ötürülən müqəddəs ənənələrə (ilahi təlimlərə) əsaslanır. Kilsənin meydana gəlməsi ilə xristian ənənələrinin yaranması başlandı. Kilsə həm şifahi olaraq yayılan təlimləri, həm də yazılı əsərlərdə ifadə olunan ənənələri İsa Məsihin təyin etdiyi həvarilərin təlimi əsasında qiymətləndirmişdir.
İsa Məsihin yaratdığı, kilsə adlandırdığımız cəmiyyətin uzun müddət nə binaları, nə də İncil kitabları olmuşdur. Əhdi-Cədid yazılmazdan və onun kanonu qəbul edilməzdən əvvəl erkən xristianların İncili (Müjdəsi) Məsihin seçdiyi həvarilərin təlimindən yaxud ənənəsindən idi. Həvarilər Məsihin səlahiyyətli nümayəndələri idilər və Kilsə həvarilərin ənənələri əsasında inkişaf edirdi. Həvarilər bu müqəddəs ənənəni özlərindən sonra Kilsənin rəhbərliyində duran kilsə atalarına ötürmüşdürlər. Həm həvarilər, həm də kilsə ataları insan adət-ənənələrinin İsa Məsihin təlimi ilə qarışdırılaraq Müjdəni pozmasına qarşı mübarizə aparmışlar.
Beləliklə, eramızın ilk əsrlərində (II-IV əsrlərdə) həvari ənənəsinə sadiq qalan kilsə ataları Allahdan ilham almış Müqəddəs Yazıları insanların yazdıqları əsərlərdən ayıraraq Əhdi-Cədid kanonunu qəbul etmiş və ümumdünya kilsə məclislərində xristian əqidəsinin əsas müddəalarını təsdiq, həvari ənənəsinə zidd olan təlimləri isə rədd etmişlər.
Hal-hazırda pravoslav və katolik kilsələri, bir qayda olaraq, Bibliya ilə yanaşı müqəddəs ənənəni də avtoritetli mənbə kimi qəbul edirlər. Katolik kilsəsi, pravoslav kilsəsindən fərqli olaraq, yeddi ümumdünya kilsə məclisindən əlavə, ondan sonra Roma papasının keçirdiyi kilsə məclislərinin və Roma papasının üstün avtoritetini qəbul edir.
Protestant kilsəsi isə yalnız Bibliyanı avtoritetli mənbə kimi qəbul etmişdir. Pravoslav və katolik kilsələrindən fərqli olaraq, protestantlar kilsə atalarının ənənələrini ilahi deyil, bəşəri sayırlar. Protestant təlimi sırf Bibliya əsasında qurulur və hər mömin xristianın şəxsən Bibliyanı oxuya bilməsi və Müqəddəs Ruhun yardımı ilə dərk edə bilməsi fikrinə əsaslanır.
Bununla belə, protestantların əksəriyyəti əsas əqidəsində ümumdünya kilsə məclislərinin, ən azı birinci Nikeya kilsə məclisinin müddəalarını de-fakto qəbul edir və kilsə atalarının əsərlərinə maraqla və hörmətlə yanaşır, lakin onların ənənəsinin "məhdud” avtoritetinə inanırlar.
Protestantlar kilsə atalarının və digər müəlliflərin əsərlərini yalnız Müqəddəs Kitaba (Əhdi-Cədid və Əhdi-Ətiq) görə mühakimə edirlər. Müqəddəs Kitabın təlimi ilə təsdiq olunmayan adət-ənənələr və təlimlər avtoritetli sayılmır.
Beləliklə, xristian kilsəsi pravoslav, katolik və protestant məzhəbləri ilə İsa Məsihin həvarilərinin ənənəsi əsasında inkişaf etmiş və etməkdədir. Bütün xristianlar həvari ənənəsi əsasında kanonlaşdırılmış İncil kitabına və ümumdünya kilsə məclislərində qəbul olunmuş əsas əqidələrə (İsa Məsihin bakirədən doğulması, ölümü və dirilməsi, ilahi və bəşəri təbiətləri, Müqəddəs Üçlük və s.) etiqad edirlər. Xristian məzhəblərinin əsaslı birliyinə nisbətən, onların arasındakı fərqlər daha səthi xarakter daşıyır.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 2 169
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri