İfritələrin bayramı - Halloween

Müəllif: Catwoman666
Şərhlər: 8
Baxılıb: 3 397
Səs ver:
(səs: 2)
"Halloween", ingilis dilindən "All Hallows' Eve və ya All Saints' Eve” bayramının qısadılmış adıdır. Bayram öz əsasını xristianlığa qədərki dövrdən Böyük Britaniya adasının xalqlarından – İrlandiya və Şotlandiyanın aborigen əhalisi olmuş qədim kelt tayfalarından götürür. İngilis dilinin Oksford lüğətinə əsasən, şotland ifadəsi kimi "Halloween” ilk dəfə məhz "All-Hallows-Even ” şəklində 16-cı əsrə aid əlyazmada qeyd edilir, mənası "Bütün müqəddəslərin axşamı” (even – evening (axşam) sözünün qısadılmış formasıdır) anlamını ifadə edir. Bu ifadə yazılı mənbələrdə 1556-cı ilə qədər rast gəlinmir. Xristian ölkələrində qeyd edilən "Bütün müqəddəslərin günü” bayramından bir gün öncənin - oktyabr ayının 31-də axşam saatlarında qeyd edilir. 
 
Hellouin ənənəvi olaraq əvvəllər ingilisdilli ölkələrdə bayram edilirdi. Lakin XX əsrin sonlarından başlayaraq dünyada gedən qloballaşma və "amerikanlaşma” mədəni ekspansiyası nəticəsində digər ölkələr və xalqlarda, o cümlədən bizdə də bu qeyri-adi bayramı qeyd etmək dəbi formalaşdı.
 
"Halloween”in mənşəyini qədim Romada qeyd edilən "Parentalia” bayramı ilə əlaqələndirirlər. Həmin gün romalılar vəfat etmiş valideynlərini və qohumlarını yad edirdilər. Fevral ayının 13-də qeyd edilən bu qədim bayramı günorta saat 12 tamamda xüsusi kahin qadın (Vestalis Maxima) qurban kəsməklə açırdı və 21 fevralda "feralia” adlı orgiya və müxtəlif həmin dövr üçün xarakterik olan elementlərlə zəngin böyük qutlama sona çatırdı. 
 
Lakin "Halloween”in tarixini araşdıran tədqiqatçı Nikolas Rocers qeyd edir ki, onun "Parentalia” ilə əlaqələndirilməsi yanlışdır və qədim keltlərin xristianlığa qədərki "Samhain” bayramı ilə əlaqələndirilməlidir. Bu bayram haqqında məlumata isə X əsrə aid qədim irland əlyazmalarında rast gəlmək olar. Bayramın adının mənası isə qədim irlandcadan "yayın sonu” anlamını ifadə edirdi. Sonralar Samhain – noyabr ayının irlandca adına çevrilir. 
 


Oksford folklor lüğətinə görə, Samhain – bütünlüklə Britaniya xalqları tərəfindən qeyd edilirdi və daha çox ölüm və fövqəlgüclərlə əlaqədar idi. VIII əsrdə xristianlığın İrlandiyada möhkəmlənməsi ilə "Bütün müqəddəslər günü” getdikcə "Samhain”I sıxışdırmağa başlayır və beləliklə getdikcə gələcəkdə qeyd ediləcək "Hellouin”in əsası qoyulmağa başlanır. X-XI əsrə yaşamış kilsə rahiblərinə aid gündəliklərdə gecə qeyd edilən bayram zamanı dəhşətli ritullar keçirildiyi, bu zaman şər qüvvələrlə - o cümlədən ruhlar və cinlərlə (demons) təmasda olduqları barədə yazılar mövcuddur. Keltlərin inancına görə, həmin gün "dirilərin və ölülərin dünyaları öz qapılarını açır və bu səbəbdən də dünya ruhlar və şər qüvvələrlə dolur”. Şər qüvvələrin hücumlarından özlərini qorumaq üçün, keltlər evdə yanan hər şeyi söndürür, özləri isə müxtəlif heyvan dəriləri geyinərdilər. Onlar inanırdılar ki, belə etməklə gələn şər fövqəlqüvvələri qorxuda biləcəklər. Hər evin qarşısında ruhları qonaq etmək üçün qoyulmuş şirnilərə rast gəlmək olardı. Keltlərin özləri isə druid kahinlərinin qaladıqları tonqalların ətrafına toplaşır, müxtəlif heyvanları (bəzi əlyazmalara görə, insanlar da) qurban kəsirdilər. Bu zaman istifadə edilən rituallar, sonradan bir çox qara magiya elementləri kimi şər qüvvələrin çağırılması və iblisə pərəstiş (satanizm) elementlərində də öz əksini tapdı. Qurbankəsmədən sonra isə druidin xüsusi ritualı ilə guya ki, "müqəddəsləşdirdiyi” tonqaldan od götürərək evlərinə gətirirdilər. 
 
Bayramın simvolu isə boranı idi. O nəinki yayın bitməsini və məhsul yığımını simvolizə edirdi, həm də tonqaldan götürülən odla içində yandırılan işıq vasitəsi ilə şər qüvvələri qorxutmalı idi. 
 
IX əsrdə Roma papası III Qriqorinin əmri ilə "Bütün müqəddəslərin günü” noyabr ayının ilk gününə təyin edilir. Katolik kilsəsi bununla "Samhain” bayramını sıxışdıraraq tamamən aradan qaldırmağa çalışırdı. Lakin gözlənilənin əksi baş verir. Artıq bu dövrdən başlayaraq iki bayramın çulğalaşması dövrü başlayır. "Samhain” kimi Hellouin də 31 oktyabrdan 1 noyabra keçən gecə qeyd edilir. Təqribən XVI əsrdə 31 oktyabr gecəsi qapıları döyərək şirin şeylər istəmək ənənəsi formalaşır. 
 
Beləliklə bi bu bayramın tarixinə və mahiyyəinə qısa da olsa nəzər yetirməyə çalışdıq, bununla da borcumuzdan çıxdıq. Artıq qeyd edib-etməmək, sizlərə qalmış...
 
Vüqar Zifəroğlu
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 3 397
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri