Cütlüklərin
səbirsizliklə gözlədiyi, əksər tənhaların isə ürək qızdırmadığı
"Sevgililər günü”nə cəmi bir neçə gün qalır. Bu tarix beynəlxalq bayram
kimi qeyd olunsa da, bu gün o, dünyanın fərqli ölkələrində fərqli
formalarda qeyd olunur.
Hindistanda ürək işarəsi həyat deməkdir. Həmin gün Hindistanda bir adama ürək vermək, ona həyatını həsr etmək mənasını verir.
Braziliyalılar
"Sevgililər günü”nü 12 iyunda qeyd edir. Onlarda bu gün "Dia dos
Namaorados" (Tərcümədə "Aşiqlər günü"- red.) adlanır. Braziliyada həmin
gün qızlar bəyəndikləri kişilərin adlarını kağızlara yazıb bükürlər.
Sonra kağızları qarışdırıb içindən birini seçirlər. Onlar kağızda
yazılan adamın gələcəkdə ərləri olacağına inanırlar.
Qvatemalada
14 Fevral yalnız məhəbbət günü kimi deyil, məhəbbət, dostluq, ailə günü
kimi qeyd olunur. Gənclər sevgililəri ilə vaxt keçirir, yaşlılar küçədə
milli geyimlərdə gəzirlər.
Filippində
hər il 14 Fevralda kütləvi şəkildə nikah mərasimləri keçirilir.
Yüzlərlə gənc toyunu məhz bu günə salır. Beləcə, kişilər evləndikləri
günü heç vaxt unutmur.
Çində
"Sevgililər günü” ay təqviminə görə, 7-ci ayın 7-ci günündə qeyd
olunur. Bu gün "Qi Xi Jie", yəni, "Yeddilərin gecəsi" adlanır. Əfsanəyə
görə, Niulanq adlı bir çoban Tsin adlı bir pəriyə aşiq olur. Ancaq
cənnət ilahəsi ikisinin evlənməsinə icazə vermir və pəri ölür. İnanca
görə, onlar ildə yalnız bir dəfə bir körpünün üzərində görüşüb danışa
bilirlər. Həmin tarixdə cütlüklər və subaylar məbədlərə gedib dua
edirlər.
Yaponiyada
isə 14 fevralda qadınlar əlləri ilə hazırladığı şokoladı sevdiklərinə
verir və kişilərin rəyini öyrənirlər. Əgər kişilər şokoladı bəyənsə, bir
ay sonra onlar da sevgililərinə şokolad hazırlayır. Bu bir aylıq müddət
"Ağ gün" adlanır.
İngiltərədə
də "Sevgililər günü” çox maraqlı qeyd olunur. Belə ki, bu bayram
ərəfəsində İngiltərədə qadınlar iynə ilə yataqlarının kənarına dörd
yarpaq tikir və yumurta yeyirlər. Beləliklə, gələcək ərlərini
yuxularında görəcəklərinə inanırlar. Bu yalnız bir inanc olsa da,
qadınlar illərdir ki, bu ritualı əyləncə xətrinə yerinə yetirir.
14 fevral Bolqarıstanda həm də şərab günüdür. Sevgililər də o günü şərab içərək qeyd edir.
Argentinalılar
"Sevgililər günü”nü qeyri-adi şəkildə qeyd edir. Belə ki, onlarda iyul
ayında şirniyyat həftəsi təşkil edilir. Bu həftə ərzində hər bir
şirniyyata bir öpüşlə cavab verirlər. Bu mərasim, əslində, şirniyyat
satışını artırmaq üçün keçirilir. Lakin ehtiraslı Argentina xalqı bu
mərasimi çox sevir.
14
fevral tarixi son illərdə çox populyar olmasına baxmayaraq, Çexiyada
ənənəvi "Sevgililər günü” mayın 1-i qeyd olunur. Həmin gün cütlüklər
Petrin parkda görüşüb orada şair Karel Hinek Maxanın heykəlini ziyarət
edir. Deyilənlərə görə, həmin gün albalı ağacının altında öpüşmək
cütlüyə şans gətirir.
Estoniyada 14 fevral dostluq günü kimi qeyd olunur. Həmin gün romantik cütlüklər yox, sadiq dostlar bir-birini təbrik edir.
Bu tarix Finlandiyada da dostluq günü kimi daha çox məşhurdur.
14
fevralda Fransa aşiqlərin yaşadığı cənnətə çevrilir... Evlər, küçələr
güllərlə bəzədilir, ağaclardan isə sevgi etirafları asılır. Qeyd edək
ki, bu tarixdə sevdiyi qadına evlilik təklif etmək Fransada da geniş
yayılmış adətdir.
2007-ci
ildən etibarən kakao istehsalçısı kimi tanınan Qana turizmi artırmaq
üçün 14 fevralı Milli Şokolad günü kimi qeyd edir. Bu tarixdə şəhərin
küçələrində satıcılar şokolad sərgiləri təşkil edir.
14
fevral Rumıniyada quşların nişanlandığı gün kimi tanınır. Onlarda
"Sevgililər günü” və baharın gəlişi eyni vaxtda qeyd olunur. Qızlar və
kişilər meşəyə çiçək toplamağa gedir, bəziləri isə üzünü qarla yuyur.
İnanclara görə, üzünü qarla yumaq sağlamlıq və xoşbəxtlik gətirir.
Cənubi Afrikada gənc qadınlar qollarına sevdiyi kişinin adını döymə etdirir.
Cənubi
koreyalılar ancaq fevralın deyil, bütün ayların 14-ünü bayram kimi qeyd
edir. May gül, iyun öpüş, dekabrın 14-ü isə qucaqlaşma günüdür.
İspanlar
üçün ilin ən romantik günü 9 oktyabr "Müqəddəs Dionis” günüdür. Bu gün
bir sıra məşhur festival və tədbirlər təşkil olunur, kişilər
məhəbbətlərinin əlaməti olaraq tərəf-müqabilinə Mokadora verir.
Sevgililər
günü Azərbaycanda 14 fevral tarixi ilə yanaşı, 30 iyunda da qeyd
olunur. Bu tarix 1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və
onun vəfatından sarsılaraq intihar edən həyat yoldaşı Fərizənin toy
günü ilə əlaqədardır. Uşaqlıq dostları olan İlham və Fərizə 1989-cu ilin
30 iyun tarixində ailə qurublar.