Toy adətimiz- Oğlan toyu

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 5 301
Səs ver:
(səs: 1)
Qız toyundan sonra (çox hallarda bir həftə sonra) oğlan evində toy başlanır. Səhər tezdən mağarı qurub, bəzəyəndən sonra gəlini gətirməyə hazırlaşırlar. Bütün miniklər bəzənir. Onlara qırmızı lent, kəlağayı bağlayırlar. Gəlin arxasınca müxtəlif bölgələrdə müxtəlif vaxtlarda gedirlər. Qız evinin qapısında bəydən başqa hamı minikdən düşür. Qardaşlıq gəlib qız anasından bəyi düşürməyi xahiş edir. Qayınana gəlir sürücüyə xələt, bəyə də nəmər verib düşürür.

Həyətdə çalıb-oynayırlar. Qız-gəlinlər gəlinin başına yığışır. Burada oğlan yengəsi qız yengəsinə "başbəzəyi"nin haqqını – xələt verir.

Qızın qaynı gəlinin belinə qırmızı lent bağlayır. Bunu edərkən iki dəfə bağlayıb açır, üçüncü dəfə bağlayırlar. Qardaşı qıza deyir: "Get, qədəmin uğurlu olsun. Evimizə qonağ çağıranda sənə hədiyyə alacağam". Sonra gəlinin əlinə pul qoyub bağlayırlar. Bütün yaxın və uzaq qohumlar qızla öpüşüb – görüşürlər. Sonda qızın atasına yol verirlər. Ata bir neçə kəlmə ilə qızına nəsihət verir və xoşbəxtlik arzulayır və onun alnından öpür. Gəlinə ana da xeyir-dua verir.

Oğlanın bacısı ucadan səsləyir: "Gəlin, gəlinimizi aparaq". Bu vaxt qız evindən kiçik uşaq qaçıb, qapını bağlayır. Buna "qapıbasma" deyirlər. Bəy və "qardaşlıq" ona nəmər verir və qapını açırlar.

Qız evdən köçürülərkən gəlinin belinə çörək tikəsi bağlanır. Bu, rəmzi məna daşıyır. Qız ata evindən ər evinə ruzi aparır ki, ayağı ruzili olsun. Qız qapıdan çıxmamış qardaşı ilə görüşür. Bəy də qızın qardaşına mütləq bəxşiş verməlidir ki, bacısının evdən çıxmasına icazə versin. Gəlinin güzgüsünü də qız evindən yaxın bir oğlan uşağı tutur. Oğlan evinə təqdim olunan həmin güzgüyə də bəxşiş və ya hədiyyə verilir.

Gəlini otaqdan bəy və "qardaşlıq çıxarır". Həyətdə oğlan evi çalıb-oynayırlar.

Gəlini miniyə əyləşdirirlər. Sonra qardaşlıq və başqa bir cavan gəlib, "qız şahını" götürür. Hamı əlində şam və lampa yandırır. Qızın qabağında güzgü tuturlar.

Qohum-əqraba yola düzəlir. Fişəng atırlar, lopa yandırırlar və s. Yolda miniklər ötüşür. Təkcə gəlin miniyini heç kimi ötmür.

Yolda miniklər dayanır. Biri gəlinin ayaqqabısının bir tayını götürüb, düşür qabağa, hamıdan tez çatıb, ayaqqabını qayınanaya, qayınataya göstərib deyir: "Muştuluğumu verin, gəlininiz gəlir". Qayınana ona xələt verir.

Hamı gəlib çatır, minikdən düşürlər. Qayınana sürücüyə xələt verib gəlini düşürür. Bəyin qardaşı oynaya-oynaya gəlib gəlinin ayağı altında qoç qurban kəsir. Qayınana qoçun qanından götürüb bəylə gəlinin alnına sürtür. Sonra hər ikisi qoçun üstündən keçirlər. Bişirilən ilk fətiri ovurlar. İçinə xırda pul, düyü, qənd, konfet qoyub bəyə verirlər. O da gəlinin başına tökür.

Sonra gəlini bəy otağına aparırlar. Gəlin oturmur. Qayınana gəlib ona xələt verir və ya nə isə alacağına boyun olur. Qız evindən gələndə gəlin əlində iki xüsusi hazırlanmış nimdar (nalça) gətirir. Qız yenə oturmur. Qayınatanın xələtini gözləyir. Qayınata şan-şöhrətlə dəvət olunur. Gəlininə xeyir-dua verən qayınata gəlinin alnından öpür.

Gəlin oturması üçün qayınata ona mütləq zinət əşyası və ya bahalı hədiyyə təqdim edir. Ondan sonra gəlib gəlinlə görüşür və ona xələt verir. Buna "bəygördüsü" də deyirlər. Bundan sonra hamı əyləşir. Həyətdə də toy başlayır. Axşamüstü qız evindən oğlan toyuna qohumlar gəlir. Qızın ata və anasından başqa kim istəsə gələ bilər. 1-2 saat oturub gedirlər. Onlar gedəndən sonra bəyin dostları "oğlan şahına" getməyə yığışırlar.

"Oğlan şah"ında ancaq oğlanlar iştirak edirlər. Qızlar arada qulluq edirlər. "Bəylər" doyunca çalıb-oynayırlar. Axırda "oğlan şah"ını götürüb, bəyin evinə qayıdırlar. Aşığın maraqlı rəvayətlərinə qulaq asırlar. Şahların hər ikisini bəylə gəlin dərir. Onun üstündəkilər də bəylə gəlinə çatır. Konfetləri və meyvələri isə qonum-qonşuya paylayırlar.

Müasir dövrlərə qədər oğlan toyuna qızın ata və anası getməzdi. Ayıb sayılırdı. Oğlan toyu günü at çapardılardı, kimin atı birinci gəlsə ,qız yengəsi nəmər verərdi.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 5 301
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri