Çində Yeni il təbrikləri və hədiyyələri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 408
Səs ver:
(səs: 1)
Yeni il şənliklərinin bütün iki həftəsi ərzində çinlilər bir-birini təbrik etməkdən yorulmurlar. İmkan daxilində evləri dibçəkdə cırtdan mandarin ağacları ilə bəzəyirlər. Canlı güllərin yoxluğu gül təsvirli kağızdan olan gözəl şəkillərlə əvəz olunur, bu yeni il xeyirxahlıq simvolikasının vacib elementidir. Pion bolluq və nəciblik, nərgiz isə ailə harmoniyası rəmzidir. Bayram axşamı təntənəli süfrə – nyan e fan açılır. Yeməkdən sonra yatmaq olmaz, öz xoşbəxtliyini qaçıra bilərsən. Əgər kimsə yeni il gecəsi dincəlmək üçün uzanarsa, hər halda tezdən durmalıdır. El arasında belə bir inanc mövcuddur: "Əgər Yeni ildə tez qalxarsansa, tez də varlanarsan".

Səhər isə bütün ailənin hazırladığı düşbərə - tszyao tszı yeyilir. Bu ənənə xüsusən Çinin şimalında yayılıb. Çinlilər xoşbəxt nəsil və maddi rifah arzularını düşbərə ilə əlaqələndirirlər. Cənubda yeni il xörəklərinə uzun ömür rəmzi olan xunıçunlu və uzun əriştəli supu aid edirlər.

Yeni ilin girməsi ilə üç bayram günü gəlir: çui, çuer və çusan. Birinci günün səhəri bir-birinə hədiyyələr verirlər. Keçmiş zamanlarda qırmızı kağıza bükülü gümüş, qızıl və ya mis sikkələr bağışlayardılar. Uşaqlara mütləq təzə paltar hədiyyə edirlər. Böyüklər də təzə geyinirlər. Qadınlar saç düzümlərini süni və ya canlı güllərlə bəzəyirlər. Yeni il şənliklərində dostlar və doğmalar bir-birinə baş çəkir, hədiyyə verir, bir-birini təbrik edirlər.

Hədiyyə olaraq yeni il şəkilləri – nyanxua verilə bilər, onunla evin içəri otaqlarını bəzəyirlər. Yeni il şəkli – Çin xalq tətbiqi sənəti janrıdır. Hazırda belə şəkillər tipoqrafik üsulla geniş çap olunur. Nyanxua rəmzi tam xoşbəxtlik diləyi ufunu – beş ənənvi xoşbəxtlik növünü: uzunömürlük, bolluq, əmin-amanlıq, səxavət və qoca yaşlarında ölüm (digər yozmaya görə - uzunömürlük, xoşbəxtlik, məhsuldarlıq, uğurlu karyera və bolluq) əks etdirir. Nyanxuanın xeyirxah mənası ümumi qəbul olunmuş simvollar yığınının köməyi ilə bildirilir. Belə ki, şən oğlan uşağı təsviri kişi irsi və ailə birliyi arzusu mənasını verir, rənglərin parlaqlığı həyatın solmayan təravətindən xəbər verir. Çox vaxt xoşbəxtlik rəmzi sözlərin fonetik uyğunluğu prinsipi ilə yaradılır: məsələn, balıq bolluğa uyğun gəlir, çünki bu sözlər Çin dilində eyni səslənməyə malikdir [yuy]. Bir çox şəkillər bütöv bir kompozisiyanı – omonimik oxşarlıq prinsipi ilə yaradılmış simvollardan ibarət rebusları ifadə edir. Məsələn, lotos yarpaqları üzərində əlində balıq durmuş oğlan uşağı təsviri – hər il bolluq gətirəcəyinə işarədir. Nyanxua üzərində ənənəvi təsvirlər xeyir gətirən Ölməz mələk və bolluq gətirən oğlan uşağı təsvirləridir. Uzunömürlük rəmzi ərik, şam ağacı və ya leylək şəkli, firavan nəsil – nar meyvəsi, zənginlik – pion ilə çatdırılır. Məşhur xoşbəxtlik rəmzi ziyanverici həşəratları "kəsib-doğrayan" yeni il applikasıyasıdır, bu da əqrəb, qırxayaq, ilan, kərtənkələ, hörümçək və bəzən qurbağadır (şimalda). Ənənəvi yeni il təbrikləri həmçinin duylyan – qoşa yazılar vasitəsilə də verilir. Onların adının daha bir variantı çunlyan – bahar qoşa yazılarıdır. Qırmızı kağızın üzərində qızılı heroqliflərlə qarşılanan ildə xoşbəxtlik və uğurla bağlı arzular yazılır. Onları evin girəcəyindən və otaqlardan asırlar. Bundan başqa, evin girəcəyində [fu] – xoşbəxtlik heroqlifi şəklində talisman asmaq yeni il ənənsi indiyə qədər də qalmaqdadır. Çox vaxt şəklin mənasını vurğulamaq üçün onu baş-ayaq asırlar. Yeni illə əlaqədar qonaqlar gələndə onlar "Xoşbəxtlik çevrilib" deyirlər, bu da [fu fan] – xoşbəxtlik qayıdır kimi səslənəcək.

Yeni ili təbrik etməyə qonaq gedən dostlar bir-birinə müxtəlif hədiyyələr bağışlayırlar. Məsələn, meyvəni səbətdə yaxud tor zənbildə, konfet, piroq, peçenye və tortu isə qutuda aparmaq yaxşı olar. Qohumlar və yaxın tanışlar ət, balıq, dəniz xərçəngi, siqaret, cüt sayda araq və ya çaxır şüşəsi, eləcə də xüsusən Çuntsze bayramında paltar gətirə bilərlər. Əcnəbilər çinlilərə konfet, peçenye, piroq (yeni il düyü piroqu xüsusilə dəyərlidir), yaxşı çay gətirə bilərlər.

Yeni ilə Çində vəhdət, ailə harmoniyası bildirən qoşa əşyalar: iki vaz, iki fincan və s. hədiyyə etmək qəbul olunmuşdur. Saat bağışlamaq, xüsusən yaşlı adamlara saat bağışlamaq məsləhət deyil, belə ki, onun tələffüzü çjun "son, ölüm" sözünün səslənməsilə oxşardır. Uşaq olmayan və ya hələ doğulması gözlənilən ailələrə oyuncaq, uşaq əşyaları hədiyyə etməzlər.

Çində qonaqların ev sahibinə hədiyyəsini çıxıb getməzdən əvvəl vermək qəbul olunmuşdur. Bəzən hətta onları ev sahibləri görməsin deyə gizli qoyurlar. Lakin indi bəzən hədiyyəni dərhal verirlər. Hədiyyəyə etinasız yanaşmaq olmaz. Onu açıb baxmaq, təşəkkür etmək və müvafiq qarışılıqlı hədiyyə vermək lazımdır. Hədiyyə edilmiş nişanı dərhal paltara bərkitmək qəbul olunmuşdur. Qonağa gələn dəfə hədiyyə gətirmək lazım olmadığını söyləmək nəzakətli olardı.

Yeni il gecəsi evin bütün qapı-pəncərəsi taybatay açılmalıdır ki, köhnə il evi tərk etsin.

Çində bayram rəngi qırmızı hesab olunur, bu vaxt küçələrdə qırmızı kağızdan çoxlu sayda bəzəklər görmək olar, bir çoxları evlərin qapı və pəncərə çərçivələrini qırmızı boyayırlar. Bundan əlavə, bayram qabağı mütləq hərtərəfli təmizlik işləri aparılır, Yeni ilin birinci günü isə heç bir halda süpürgə çəkmək olmaz, evdən uğuru süpürüb ata bilərsən.

Yeni ildən əvvəl bütün borcları qaytarmaq gərəkdir, qarşılanan ilin birinci günü isə borc almaq yaxud istəmək olmaz – hətta siqaret yandırmaq üçün alışqan belə.

Sözarası da olsa, ölümü xatırlamaq, ruhlar haqqında söhbət etmək, müəmmalı əhvalatlar danışmaq qadağandır. Həmçinin ötən ili xatırlamaq yersizdir, bütün söz və fikirlər gələcəyə yönəlməlidir.

Yeni ilin ilk günü uşaqlar üçün xoşbəxt gündür, bu zaman onları cəzalandırmaq olmaz: inanca görə ilin birinci günü ağlayarsansa, bütün il boyu ağlayacaqsan. Bu səbəbdən də valideynlər körpələri cəzalandırıb göz yaşı axıtmammaq üçün onların bütün dəcəlliklərinə dözürlər. Çində Yeni il münasibətilə yataqda uzanmış insanı təbrik etmək pis əlamətdir, buna görə də Yeni ilin birinci günü hamı – hətta xəstələr də mütləq yataqdan qalxır, bayram libası geyir və qonaq otağında oturular.

Bir də, ilin birinci günü ələ qayçı almağa da dəyməz – təsadüfən uğuru doğrayarsan.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 408
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri