Qadına bir kişi ilə yatmaq sərf edir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 9 727
Səs ver:
(səs: 1)

Monoqamiya kişilərdən çox qadınlara lazımdır!

Monoqamiya haqqında ilk dəfə "Kulis”də oxudum. Yalan nə deyim, bu mövzuda çox düşünsəm də, monoqamiya ifadəsini eşitməmişdim. Təkərlilik və təkarvadlılıq deyə düşünürdüm bu ifadə yerinə. Bundan sonra asan olsun deyə, elə monoqamiya deyək.

Oxudum ki, İstanbul Texniki Universitetinin professoru Doğan Kuban "Cumhuriyyət Elm və Texnologiya” jurnalına yazdığı məqalədə monoqamiyanın insan icadı olduğunu bildirib. Yəni tarix boyu monoqamiya olmayıb. Maraqlananlar saytda "Bir qadınla yaşamaq düzgün deyil” sərlövhəli yazını axtarışa verə bilərlər.

Bu feodal-patriarxal dünyada çox şey kişinin xeyrinədir. Bütün atalar sözlərinin müəllifi kişilərdir. Analar sözü demirlər ki... "Tanri kişi” deyə müraciət etmişik dünyanı və Bizi Yaradana. Dini kitablar kişilər vasitəsilə ötürülüb cəmiyyətə. Kişi bu dünyanın ağasıdır. Din və şəriət, mental dəyərlər həmişə kişilərin tərəfində durub. "Kişini kişi edən qadınıdır”, "Qadın görmək istədiyi kişini özü yaratmalıdır” kimi ifadələrlə də məsuliyyəti öz boynundan atıb kişilər. İlk insan – Adəm – kişidir. "Ata yurdu”, "ata evi”, "ata ocağı” deyirik həmişə... "Ana vətən” ifadəsi sovet şairlərinin qondardığı boğazdanyuxarı sözdür. Artıq yenidən "ana vətən” ifadəsini "ata yurdu” ifadəsinə dəyişiblər dərsliklərdə.

Bu gün Azərbaycanda kağız üzərində qadınların hüquqları kişilərlə bərabərdir. Amma minlərlə qadın məişət zorakılığına məruz qalmaqdadır, bu da faktdır. Kriminal xəbərlərdən göründüyü kimi baş verən cinayətlərin çoxunu namus məsələləri təşkil edir. Ərlər, atalar, qardaşlar, hətta əmioğlular, bibioğlular qatillərə çevrilirlər. Səsini çıxarmaq isə qadın üçün ayıb sayılır, qadın qınanılır. Ailə dağıtmamaq üçün qadın çox vaxt zalım bir kişiyə əlli-altmış il dözməyə məcbur qalır. Soruşanda səbəbini, onun bir tək arqumenti var: "Balalarımın xatirinə!”.

Bir tək bu monoqamiyadır ki, qadınların lehinə işləyir. Həmin patriarxal atalarımız özləri deyib: "Ana, ürəyi yana, ata şıllaq ata”. Çox az heyvan növü var ki, (məsələn, dəvəquşu) dünyaya gətirdikləri yavrularını bir yerdə böyüdürlər.

Adətən, dişi cins yuvanın və balaların qeydinə qalır. Balaları böyüdür, nəsil artırma prosesində ən çox iş dişi cinsin öhdəsinə düşür. İnsanın isə təbiəti başqadır. Qadının dünyaya gətirdiyi körpənin müstəqil həyata qədəm basması illər alır. Mütləq kişi onun yanında olmalıdır. İnsan, əlbəttə ki, şüurlu şəkildə monoqamiyanı qəbul edib və başqa cür şansı yoxdur. Bir çox azəri kişiləri var ki, Rusiyanın ayrı-ayrı vilayətlərində qısamüddətli münasibətdə olduqları qadınlardan doğulan uşaqları var. Amma nə onlarla maraqlanırlar, nə də axtarırlar, deməli, bu kişinin təbiətindən irəli gəlir. Onları buna görə qınayan yoxdu deyə, heç ruhları da incimir uzaq, yad ölkədə doğma balalarını atıb gəldikləri üçün.

Qadın da öz körpəsini ata bilir. Çünki "su meymunun boğazına çıxanda balasını da tapdayır”. Axı insan heç də əlahiddə bir məxluq deyil. O həm də instinktlərlə yaşayır. "Pişik balasını sevdiyindən yeyir”... bəlkə də şərqli qadınlar qız övladlarını abort etdirirlər ki, doğulub, böyüyüb onların özləri kimi əziyyət çəkməsinlər patriarxal cəmiyyətdə, kim bilir?! Nə isə... mətləbdən yayındıq, geri qayıdaq... Fəlsəfə cəngəlliyində azmaq lazım deyil. Sözün qısası, insanları yolundan sapdırmaq gərəkməz. Müasir insan cəmiyyətinin ən doğru və kamil yolu monoqamiyadan keçir. Amma bu da o demək deyil ki, məcburən ömrünü sevə bilmədiyin, yaxud sənə zülm edən bir kişi və ya bir qadınla keçirəsən. Eyni vaxtda bir kişinin dörd qadınla, bir qadının iki kişiylə bərabər yaşaması da mümkün deyil. Ən azı dünyaya gətirdikləri yeni nəsli müstəqil həyata hazırlayanadək cütlüklər bir yerdə olmalıdırlar. Canavarın belə "sevgilisi” ölərsə, canavar yalquzağa çevrilir, unutmayaq.//Kulis

Sevinc Pərvanə
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 9 727
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri