Evlilik Evcilik Oyunu Deyil!!!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 573
Səs ver:
(səs: 4)
Ola bilər, ailənizin, qohumlarınızın təsiri ilə, ya da psixoloji baxımdan böhran vəziyyətinizdə vermişdiniz evlilik qərarınızı. Amma xəyal qırıqlığı yaşadınız. Siz belə evliliyi təsəvvürünüzə də gətirmirdiniz. Xəyalınızdakı evlilik hara, real evliliyiniz hara. Tez-tez "bilsəydim, gözləyərdim”, "heç ağlıma gətirmədiyim bir insanla ailə qurdum” deyib peşmançılıq hissinizi ifadə edirsiniz. Başqaları evlənib ağ günə çıxarkən, siz özünüzü uçub-dağılmış xəyallarınızın çöküntüsü altında qalmış kimi hiss edirsiniz. "Kaş ki tələsməyəydim...” deyib durursunuz.
Amma başqa cür də mümkündür. Məsələn, sevərək evlənmisiniz. Lakin evləndikdən sonra heç nə gözlədiyiniz kimi olmadı. Düşünürsünüz, analiz edirsiniz, bəzən gözəlliyə aldandığınızı hesab edirsiniz. "Sevdiyim insanı tanımamışam, cavanlıq eləmişəm, gərək hər şeyi yüz ölçüb, bir biçməli idim”, - deyirsiniz.
Bəs yaxşı, nə düşünürsünüz? Başlamadan bitirməyimi? O qədər asandırmı bir insanın dünyasına girdikdən sonra onu buraxıb qaçmaq? Evlilik "evcik-evcik oyunu” deyil ki, "mən bu oyunu bəyənmədim” deyib çıxıb gedəsiniz. Bəs elədirsə, nə etməlisiniz?
Öncə bütün gücünüzü toplayaraq evlilik xəyallarınızın uçqunları altından qalxmağa çalışın. Amma "mən bu çətinliyin altından qalxa bilmərəm” deyib ümidinizi itirsəniz, orada beləcə qalarsınız. Unutmayın, bəzən dağınıq bir yerdən, xarabalıqlar altından da xəzinələr çıxır. Gül bağçaları isə bir xəzanda solub gedər. "Bəlkə, yanılmışam” dediyiniz evliliyin altında gizli xoşbəxtlik dəfinəsi yatır. Beyninizi o dəfinəni tapmaq üçün çalışdırın.
Düzdür, gizli dəfinəni aşkarlamaq o qədər də asan iş deyil. Yorulacaq, əziyyət çəkəcək, üzüləcək və gözyaşı tökəcəksiniz. Amma dəfinəni tapdıqdan sonra da ömür boyu xoşbəxt olacaqsınız. Heç bir şey asan deyil ki...
"Nədən çətinliyə dözməliyəm” deməyin. Həyatda heç bir şey asan əldə edilmir. Təpəsində yandırıcı yaz istisini hiss etməyən meyvə yetişmir. İmtahanın çətinliyinə qatlaşmayan abituriyent uğur sənədini əlinə ala bilmir.
Bəzi insanlar "həyatda üzüm bir dəfə belə gülmədi, bundan sonra da güləcəyinə inanmıram” deyərək ümidlərini itirirlər. Bəziləri də xırda hadisələri gözündə böyüdüb, həyata olan ümidlərini itirirlər. Belə düşünən adamlar həyat yoldaşlarının hər hərəkətini tərs görürlər.
Halbuki "mən bu evlilikdə xoşbəxt olacağam, xoşagəlməyən şeyləri əzm və iradəmlə düzəldəcəyəm” deyənlər yuxarıda xatırlatdığımız dəfinənin yolunu tapmaqda böyük əngəllə qarşılaşmırlar.
Tarix ümid və əzmlə çalışanların uğur qazanmaları barədə misallarla doludur. Məsələn, Eynşteynin 9 yaşına qədər danışa bilmədiyi və ailəsinin onu belə qəbul etdiyi, hətta bacarıqsız olduğu üçün məktəbdən atıldığı, Bethovenin isə 9-cu simfoniyasını karlıq dövründə bəstələdiyi söylənilir.

Bu arada dua etməyi də unutmamalıyıq. 30 il boyunca duanın gücünü araşdıran Harvard Universitetinin əməkdaşı, doktor Herbert Benson maraqlı nəticələr üzə çıxarıb. Onun bildirdiyinə görə, bütün dua etmə forma və üsulları stresi azaldır, yatırdır: "Yoldaşınızla oturun, əllərinizi açın, bir-biriniz üçün səsli dua edin. Dua etmək istədiyinizdən əmin deyilsinizmi? O zaman bunun əvəzinə, sahib olduğunuz nemətləri sayın. Hər gün başınıza gələn üç yaxşı (böyük, ya da kiçik) müsbət şeyi yazın və bu yaxşı şeyin nədən yarandığını müəyyənləşdirməyə çalışın, araşdırın. 3 ay sonra ciddi dərəcədə daha yaxşı bir hala gəldiyinizi görəcəksiniz”. 
(səs: 4)
Şərhlər: 2
Baxılıb: 2 573
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri