Sevgi varsa, dava-dalaş niyə?..

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 7 267
Səs ver:
(səs: 4)
Dünyada heç bir ailəni nə vaxtsa dağıtmaq üçün qurmurlar. İki insan bir-birini sevməsə, nikah masası arxasında oturub, ömrü boyu bir yerdə olmaq üçün and içməz. İki gənc evlənirsə, deməli, bir-birilərini sevdikləri və ömrü boyu bir yerdə xoşbəxt yaşayaraq oğul-uşaq sahibi olmaq istədikləri üçün həyatlarını birləşdirirlər. Elə isə nədir bu gündən-gunə artan boşanma xəbərləri. Bu necə olur, ya da bu işin "tilsimi" harada qırılır ki, bir vaxtlar bir-birilərini dəli kimi sevib evlənən bu insanlar günlərin bir günü məhkəmə salonlarında bir-birilərinə düşmən kəsilirlər. Ailə heç kimin bir göz qırpımında "kəsib ata biləcəyi" bir nikah aktı olmadığı kimi, üzükləri çıxarıb kənara qoymaqla bitəcək bir iş də deyil. Ona görə də gəlin, məsələni əməlli-başlı araşdırıb, ailə zəminində meydana gələn mübahisə mövzularını bir-bir nəzərdən keçirək. Baxaq görək, bu münaqişələrin hansının "əhəmiyyət dərəcəsi" nə qədərdir?.. 
Əslində sizə bir fikrimi də açmaq istəyirəm. Biz bir ailəsi, həyat yoldaşı olan, ancaq aralarındakı problemləri həll edə bilməyən ailələr haqqında yazdığımız halda, dünyada həyat yoldaşı dünyasını dəyişmiş, uşaqları ilə təkbaşına qalmış, onların həm güzəranları, həm də tərbiyələri ilə məşğul olmağa çalışan neçə dul qadın və dul kişi var, heç düşündükmü? Ya da ailə qura bilməmiş neçə qoca subay var, heç fikirləşdikmi? Əgər onlardan soruşsanız və "biz filan səbəbə görə dava etdik, bizə nə məsləhət görərdiniz?" desəniz, heyrətlə üzünüzə baxacaq və bəlkə də, "heç belə bir şeyə görə də dava etmək olar?" deyəcək və sizi heç cür başa düşməyəcəklər. 
Bu da sizə ən sadə bir xoşbəxtlik resepti: həyat yoldaşınızla hansı səbəblə olursa-olsun, dava edəndə bunu düşünün: "Əgər həyat yoldaşımla aramızı ölüm ayırmış olsa idi, bu məsələ mənim üçün yenə də mühüm olardımı?" Onda görəcəksiniz ki, heç bir səbəb ailənizin səadətini pozmağa layiq deyil. Ona görə də hər səhər bir-birinizdən ayrılanda, "bəlkə, axşam qayıda bilmədim" deyə düşünərək ayrılın, axşam yatmazdan əvvəl, "bəlkə, sabaha çıxa bilmədim" deyib yatın. Onda həyat yoldaşınızı daha da çox sevəcək və dava ilə-dalaşla keçirəcək vaxtınız olmadığını görəcəksiniz. Həyat çox qısadır və onu ailənizlə bir yerdə keçirdikcə şirin və qiymətlidir. Onu bəsit şıltaqlıqlara və ya inad və qürur kimi bəsit səbəblərə qurban vermək olmaz. Bəs ailədə heç mübahisə olmurmu? Əlbəttə ki, olur. Hər ailədə vaxtaşırı mübahisələr olur və bu normaldır. Normal olmayan bu mübahisəni uzatmaq və arzu olunmayan bir səviyyəyə gətirməkdir. 
Bir kişi üçün xanımı gözəl-göyçək, sədaqətli, şirindilli, gülərüzlü, çox gözəl yeməklər bişirən, qoçaq, yoldaşının bir dediyini iki etməyən biri olsa idi, nə gözəl olardı, deyilmi? Ancaq haradadır belə pəri qızı?.. Bir xanım üçün də həyat yoldaşı onu yemirəm-bunu yemirəm deməyən, yaxşı pul qazanan, alicənab, nəzakətli, əlamətdar günləri unutmayan, yoldaşının səhvlərini görməməzliyə vuran, gözü xanımından başqasını görməyən biri olsa idi, lap göydəndüşmə olardı. Ancaq haradadır belə bir ağatlı şahzadə?.. 
Deyə bilərik ki, belələri ancaq nağıllarda var, ancaq nağıllarda da o qədər aşılmaz dağlar, divlər, zəhərli almalar var ki, bu problemlərin qarşısında həqiqi həyatda qarşılaşdığımız problemlər gözümüzə heç də çox adi görünməsin. Həyat yoldaşınızın sizin xoşunuza gəlməyən bir cəhəti mütləq var. Ancaq buna hazır olsanız, ümidsizliyə düşməz, ilk mübahisəniz ortaya çıxanda, "deməli, bizim bəyin zəif cəhəti bu imiş" deyərək, o məsələyə qarşı daha həssas olarsınız. Yox əgər həyat yoldaşınızı gözünüzdə çox böyütmüsünüzsə, hər problem sizin üçün yeni bir ümidsizliyə səbəb olar. Unutmayın ki, o da insandır, nağıl qəhrəmanı deyil. Əgər mənfi cəhətlərinə qarşı həssas ola və gözəl cəhətlərini görə bilsəniz, xoşbəxtliyinizə heç cür kölgə salmazsınız. 
Elə bir ailə yoxdur ki, orada bu və ya başqa bir səbəbdən mübahisə olmasın. Əgər biz o ailədən bir səs-küy eşitməmişiksə və həmişə onları xoşbəxt görurüksə, deməli, bu, o insanların mübahisə mövzusu olan məsələləri iki böyük insana yaraşan bir şəkildə həll etdiklərini və başqalarına sirr vermədiklərini göstərir. "Qol sınar, yenə də içində qalar" misalında olduğu kimi...
(səs: 4)
Şərhlər: 3
Baxılıb: 7 267
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri