Görücü üsulu evlənmək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 439
Səs ver:
(səs: 1)
Görücü üsulu evlənmək nədir? Yəqin ki, çoxunuz bu sualın cavabın bilirsiz. Amma xırdaca bir aydınlatma verim:
Əgər evlənən şəxs ailə qurarkən öz şəxsi iradəsiylə, öz sevdiyi insanla evlənirsə, bu, iki evlənəcək insan arasında anlaşmalı evlilik; yox, əgər evlilik seçimi ailə yaxınlarının, qohum və tanışların məsləhətilə əmələ gələrsə, buna da görücü üsulu ilə evlənmək deyilir.

Yaşadığımız bu zamanda, texnologiyanın belə yüksək inkişaf etdiyi bir dövrdə, qızlarımızın gözlərinin açıldığı bir cəmiyyətdə görücü üsuluyla evlənmənin adın çəkən kimi məşhur kinomuzdan məşhur bir səhnə yada düşür. "Əhməd haradadır?" filmində eyni situasiyayla qarşılaşan iki gəncin ailələri tərəfindən evləndirmək istəmələri. Biz bu səhnənin iki tərəfdə olduğunun şahidi oluruq: həm qız, həm oğlan evində. Oğlan bir tərəfdə bu evliliyə qarşı çıxmasını bu ifadəylə bildirirsə:
— Ata, evlənmək haqqında mənim öz planlarım var! —  digər tərəfdən də Leylanın:
— Mən sevmirəm onu! Üzüyü qaytar! İndi sənin üçün 19-cu əsr deyil. — deməsi, getdikcə müasirləşən dövrdə gənclərin də öz hüquqlarından istifadə etməsini bariz şəkildə göstərən səhnələrdi. Filmin sonunda isə valideynlərin də gözləmədiyi bir halda bu gənclərin özlərinin bir-birlərini bəyənib sevmələri, tamaşaçılara görücü üsulunun keçmişin bir qalığı olmağı, gənclərə isə bu məsələlərdə daha çox etimad göstərmək lazım gəldiyini bildirən önəmli bir mesajdır.

Amma nə qədər müasirləşirsək, nə qədər dünyaya inteqrasiya edirsək də bəzi adət-ənənələrimiz hələ də cəmiyyətimizdə öz aktuallığın qoruyub saxlayır. Hələ də bəzi ailələrdə bu söz-söhbətlər olunur:

— «Qızım, evlənmək yaşın çatıb da keçir belə. Filankəsin anası səni öz oğluna istiyir, xalası, ya bibisi, ya kimisə, xəbər göndərib. Pis oğlan da deyil a. Bəlkə fikirləşəsən?..»

Və yaxud əksinə:

— «Oğlum, nə qədər gözləyəcəysən? Sənin də evlənmək yaşın çatıb. Özünün bəyəndiyin, sevdiyin yoxdursa biz düşək qabağa. Filankəsin qızı var, onu sənə almaq istəyirik. Ağıllı, tərbiyəli qızdır. Sən də bir bax, fikrini bizə de.» — kimi söhbətlər, razılaşın ki, hələ də bəzi evlərdə gedir.
Bəzi müasir gənclərimiz bu söhbətləri qulaqardına vursalar da, bəzi «utancaq» gənclər var ki, bu işi ana, xala, bibi, daydostularına həvalə etməkdə tərəddüd göstərmirlər.
Doğrumu, yanlışmı bu adətimiz?...bu, müzakirəyə ehtiyacı olan məsələdir. Gəlin bu evlənmə tərzinin dərinliyinə varaq.

Bəzi gənclər evlənərkən öz gələcək həyat yoldaşını özləri tanımaq, xasiyyətin öyrəndikdən və onunla bir həyatı daim paylaşa biləcək bir qənaətə gəldikdən sonra evlənməyə üstünlük verir və haqlı olaraq da belə edirlər. Amma bəziləri də var ki, bu məsələdə utancaqlıq göstərib, öz seçmə hüququnu yaxınlarına həvalə edirlər. Yəni tanıdığı qızı, ya oğlanı özündən çox, özündən yaxşı ana-bacısının tanıyacağına əmin olub, onların fikirləriylə alır, evlənirlər. Bu, bəzən yaxşı, bəzən də pis nəticələrlə sonlanır. Niyə belə olur?!
İstər oğlan, istərsə də qız öz sevdiyini və yaxud bəyənəcəyi yarısını seçə bilməkdə bu qədərmi acizdir? Yox! Acizilikdən deyil. Bu problem çox vaxt yaşadığımız cəmiyyətdə, mühitdə bizi sıxan insanların təfəkkür tərzindən, qıt dünyagörüşündən, mənasız mentalitetdən doğur. Hər bir gənc təbii ki, gələcək həyat yoldaşın özü sevib-seçmək istəyir. Amma gəl, gör ki, bunu edə bilirikmi?
Yazıq gənclərin üzərində o qədər sosial təzyiq var ki, evdən çıxandan ta qayıdana kimi həm ətrafındakıların, həm qohum-əqrəbanın baxışlarından «ayaqlarını yan qoya» bilmirlər. Bu, əsasən qızlarımıza aiddir. Böyük şəhərlərlə bu məsələdə bir az rahatlıq varsa da, əyalətlər və bəzi bölgələrdə, belə deyək ki, bu rahatlığa imkan olmur.

Hər çağdaş insan kimi mən də gənclərin mənasız sıxma-boğmasına qarşıyam. Onlara ola bildiyincə geniş imkan, sərbəst düşüncə və azad fəaliyyətlər meydanı açmaq lazımdır. Əlbəttə ki, gənclər də hər bir işlərini əxlaq kodeksi, tərbiyə çərçivəsi daxilində etməli, onlara verilən bu səlahiyyətdən sui-istifadə etməməlidirlər. Olur ki, valideyn övladına bu imkanları təqdim edir, amma bəziləri bundan fürsətcil istifadə edib, ona güvənənlərin inamın boşa çıxardır. Belə olan təqdirdə də valideynə başqa şans buraxmırlar. Bu məqamda valideyn də onu sərt nəzarət altında saxlamağa məcbur olur. Hətta bəyəndiyi qızı və yaxud oğlanı da özlərinin xüsusi "əxlaq süzgəcindən" keçirməyə, əslini-nəslini yoxlama prossesinə başlayırlar… ki, valideynlərdə avtomatik olaraq «belə özbaşına və sərsəri olan övladın bəyəndiyi birdən bizim ailəmizə layiq olmaz, elə özü kimi birini bəyənər..» kimi tədirginlik meydana çıxır.

Deməli, hər şey hərlənib-fırlanıb yenə də gəlir gənclərin üzərinə, onlardan asılı olan vəziyyətə.
Həm yaxınlarında, həm onları əhatə edən insanlarda özgüvən, özünə inam yaratmaq, tədbirli olmaq xüsisiyyətinə malik olan bir gəncdə, gələcək həyatını qurmaqda bu xarakterə malik olması vacib şərtlərdəndir. Valideynlər bu nüansları gözdən keçirir və övladının öz  gələcək ailəsini necə qurmaqda, onun rəftar və hərəkətlərinə əsaslanıb qərar verirlər.

Bütün bu danışıqlardan sonra gəlirik mövzumuzun əsas mahiyyətinə: Görücü üsulu ilə evlənmək yaxşıdır, ya pis?
Bilirəm ki, bu söhbət haqqında hər kəsin öz individual fikri, şəxsi qənaəti var. Bu haqda təkcə öz fikrimin çox cüzi hissəsini yazıb, görücü metoduyla evlənmək işinə münasibətimi tam ortaya qoymadım. Daha çox sizin fikirlərinizi bilməm, müzakirənizi eşitməm üçün məqalənin önə sürdüyü problemlərin çözüm yollarına bir də sizin gözünüzlə baxmaq, sərbəst düşüncənizi bilmək istədim. Fikirlər real həyatla üst-üstə düşməyəcəksə, onu yazmayın. Yəni, beyninizdən bir fikir keçib, amma vaxtı gələndə onu həyata keçirə bilməyəcəyiniz qərarlarınızı yox, ata biləcək addımlarınızın qətiyyətliliyin göstərəcək və tələb olunan anda nə edəcəyinizi sözdə ifadə etmənizi dilərim.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 439
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri