Həyat Yoldaşı Seçimində Əsas Meyarlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 6 940
Bölmə: Evlilik / Maraqlı
Səs ver:
(səs: 1)

alt


Təcrübə göstərir ki, ailədə baş verən bir çox acılıqların səbəbi bu mərhələdəki məlumatsızlıq və qəflətdir. Bəziləri yetərincə araşdırma aparmadan ailə həyatı qurur, uyğun sahədə səhlənkarlıqlarının acı nəticələrini düşünmədən həyat yoldaşı seçirlər. Qısa bir müddətdən sonra anlayırlar ki, aralarında düşüncə və əxlaq baxımından ciddi ziddiyyət mövcuddur. Bəziləri isə həyat yoldaşı seçimində yanlış meyarları əsas götürür və nəticədə üzücü peşmançılığa düçar olurlar. Ailənin müvəffəqiyyəti hər şeydən öncə həyat yoldaşının agahlıqla seçilməsi və bu zaman düzgün meyarlardan istifadə olunmasından asılıdır.
Evlənmək istəyən şəxs hər şeydən öncə ailə həyatı qurmaqda məqsədinin nə olduğunu müəyyənləşdirməlidir. Həyat yoldaşı seçimi də bu baxışdan asılıdır. Əgər yalnız maddi və zahiri məsələləri meyar götürsək və bu əsasda seçim aparsaq, ailədən vəfa, səmimiyyət, fədakarlıq və məhəbbət intizarında olmamalıyıq.
Təcrübədən məlum olur ki, bəzi gənclər ailə həyatı qurmağı ticarətlə səhv salırlar. Evlənməkdə məqsədi sərvət əldə etmək olanlar da var. Bəziləri də qarşı tərəfin yalnız zahiri gözəlliyini əsas götürür, düşüncə və şəxsiyyəti ilə maraqlanmırlar. Həyat yoldaşı seçimində qarşı tərəfin ictimai mövqeyini, peşəsini əsas götürənlər də var. Bu vaxt təbii ki, zəruri amillər nəzərdən qaçırılır. Ailələrə və ailə qurmaq fikrində olan gənclərə belə bir mühüm nöqtəni xatırlatmaq lazım gəlir ki, həyat yoldaşı seçimində gözüyumulu addım atmaqla öz gələcəklərini puça çıxarmasınlar. Çünki bu səhv addımın ardınca bir ömür peşmanlıq gəlir.

Həyat yoldaşı seçimində əsas meyarlar
Dini dəyərlərə bağlı insanlar üçün ən əsas meyar qarşı tərəfin iman və təqvasıdır. İnsanın imanı iki baxımdan diqqəti cəlb edir:
1) İmanlı şəxs Allaha qəlbən bağlı olduğundan və daxilində nəzarətçi bir qüvvə hiss etdiyindən etibarlı sayılır. İman və etiqad nəzarətçisi olmayan bir kəsə etimad göstərmək təhlükəlidir. Qəlbən özünü Allah qarşısında hiss edənlər başqaları qarşısında da məsuliyyətlərini dərk edirlər. Onların verdiyi söz ailə həyatında da etibarlı olur.
2) İmanlı zövcələr vahid bir etiqadi nizama tabe olduqlarından onların baxışlarında, meyillərində, səliqələrində az-çox oxşarlıq olur. Bu səbəbdən də öz müştərək həyatlarında düşüncə baxımından və ruhən bir-birlərinə uyuşurlar.
Hər ikisi din məktəbində tərbiyə almış qadın və kişi öncədən bir-birlərini tanımamış da olsalar, bir çox mühüm məsələlərdə müştərək baxışa malik olurlar. Bu zümrədən olan fərdlər ortaya ixtilaf çıxdıqda dini təlimlərə, qayda qanunlara müraciət etməklə hər iki tərəfin qəbul edəcəyi yekdil rəyə gələ bilirlər. Belə bir seçim ailədə xoşbəxtliyi təyin edən ən etibarlı seçimdir.
Təcrübədən məlum olur ki, dini öhdəçiliyi olmayanlar hətta evlənməmişdən qabaq uzun müddət tanış olsalar da, ailə qurduqdan sonra kiçik bir səbəbdən ayrılıq fikrinə düşürlər. Çünki hər iki tərəfin qəbul etdiyi sabit qanunlar yoxdur.

Əxlaq və şəxsiyyətlə bağlı keyfiyyətlər
Həyat yoldaşı seçimində mövcud olan əsas meyarlardan biri də qarşı tərəfin əxlaqlı olmasına əminlikdir. Kobud, qaba, sərt insanla müştərək yaşamağın xeyli problemi var. İslami rəvayətlərdə bildirilir ki, pis əxlaqlı həyat yoldaşı insanı vaxtından qabaq qocaldar.
İmam Rzanın (ə) yaxınlarından biri soruşur ki, əxlaqında nöqsan olan qohumlardan biri qızıma elçiliyə gəlib, nə edəcəyimi bilmirəm. İmam (ə) buyurdu: "Əgər xasiyyətinin pis olduğunu bilirsənsə, qızını ona ərə vermə."
Mərdimazarlıq, söyüşçüllük, acıdillilik, azğın və qeyri-münasib insanlarla dostluq, avaraçılıq, narkotik maddələrə aludəçilik kimi ictimai zərərli adətlər, tənbəllik, xoşagəlməz bir işlə məşğulluq insanı ailə həyatı üçün yararsız edən amillərdəndir. Bu sayaq sifətlərə malik insanlarla izdivac, adətən problemlərin başlanğıcı olur.
Ailə həyatı qurarkən diqqət yetiriləsi məsələlərdən biri də insanın əxlaqi baxımdan paklığı, nəcabətidir. İffət məsələlərinə biganə, örtüyünü gözləməyən qadınlar və ya azğın kişilər ailə həyatı üçün yararsızdır. Belə insanlarla izdivac, adətən, pis aqibətlə, peşmançılıqla nəticələnir.

Münasiblik və anlaşma
Ərlə arvad arasında rabitələrdə mühüm məsələ onların istəkləri arasındakı münasiblik, anlaşma, uyğunluqdur. İslami rəvayətlərdə qeyd olunur ki, ər və arvad bir-birinin oxşarı olmalıdır. Yəni onlar arasında oxşarlıq, münasiblik, uyğunluq olması zəruridir. Məlum məsələdir ki, ərlə arvad arasında nə qədər çox oxşarlıq olsa, onların müştərək həyatı da bir o qədər möhkəmlənər.
İzdivacda tərəflər arasındakı fərqlər imkan həddində azaldılmalıdır ki, anlama asan olsun. Belə ki, tərəflər düşüncə, mədəniyyət, ictimai mövqe, iqtisadi durum baxımından nə qədər münasib olsalar, bir o qədər yaxşıdır. Məsələn, yoxsul ailədən olan bir gənc varlı ailədən olan bir qızla evləndikdə, adətən problemlərlə üzləşir. Şəhərdə, fərqli mədəniyyətlərin mövcud olduğu mühitlərdə yaşayan fərdlər qarşılıqlı anlaşma yolunda xeyli çətinliklə rastlaşırlar. Əlbəttə ki, müştərək xüsusiyyətlər çox olduqda mövcud ziddiyyətlər aradan qalxır. Ailə quran tərəflərin bir-birini başa düşməsi üçün onların təhsili də nəzərə alınmalıdır. Ərlə arvad arasında yaş fərqi də böyük olmamalıdır.
Ailə quran gənclər zahiri baxımdan da bir-birlərini bəyənməlidirlər. Hər bir fərd özündə ailə qurduğu tərəfə qarşı bir cazibə hiss etməlidir. Ailə quranadək pak bir həyat sürmüş gənclər həyat yoldaşı seçimində bir o qədər də diqqətli olmurlar. Onlar adətən nəcabət, mənəviyyat amillərini önə çəkərək bildirirlər ki, qarşı tərəfin zahiri gözəlliyi onlar üçün əhəmiyyətli deyil. Amma təcrübədə məlum olur ki gözəllik amilini nəzərə almadan evlənənlər arasında münasibətlər sonradan soyuyur. Belə hallarda artıq tərəflərdən biri o birini cəzb etməməyə başlayır. Ər-arvad arasında yaranmış soyuqluğun səbəbi, haqqında danışılan amilin nəzərə alınmamasıdır. Müəllif bir çox bu sayaq izdivacları araşdırmış və onların xoşagəlməz sonluğunu müşahidə etmişdir. Buna görə də oğlan və qız evlənməmişdən qabaq bir-birlərini görməli və zahiri baxımdan bəyənməlidirlər. İslam dini həqiqətən evlənmək fikrində olanlara, qarşı tərəfi görmək icazəsi vermişdir. Əlbəttə ki, həyat yoldaşı seçimində gözəllik amilini həlledici saymaq, bu istiqamətdə ifrata varmaq da olmaz. Zövcə ilə müştərək həyatın davamını təmin edən təkcə onun gözəlliyi deyil. Bu sahədə qarşılıqlı anlaşma, ruhi kamilliklər, gözəl əxlaq əhəmiyyətli rol oynayır.

Qarşı tərəfi hansı yollarla tanımalı?
Bəs, insan ailə qurmaq istədiyi tərəfin xüsusiyyətlərini hansı yolla öyrənə bilər? Bəziləri təklif edirlər ki, bundan ötrü evlənməmişdən öncə qarşı tərəflə tanışlığa ehtiyac var. Belə ki, ailə qurmaq fikrində olan gənclər bir müddət ünsiyyətdə olub bir-birlərinin ruhiyyəsi və əxlaqi xüsusiyyətləri ilə tanış olmalıdırlar. Bu fikiri irəli sürən qadınla kişi arasında azad, ölçüsüz rabitə tərəfdarı olan zümrədir. Belə bir yanaşma həm dini meyarlara uyğun deyil, həm də uyğun ünsiyyətlərin xoşagəlməz ictimai sonluqları var. Bir-biri ilə ünsiyyətdə olan gənclər evlənmək məqsədi ilə görüşdüklərini bildirsələr də, əslində bu görüşlərdə qeyri-şəri yaxınlıq üçün şərait yaranır və tərəflər evlənməkdən çox, ləzzət almaq barədə düşünürlər. Belə rabitələr, adətən, qızlar üçün acı sonluqla bitir. Çoxsaylı təcrübələr və araşdırmalar göstərir ki, qarşı tərəfin xüsusiyyətlərinin öyrənilməsi məqsədilə yuxarıda qeyd olunan üsuldan istifadə etmək düzgün deyil. Evlənmədən əvvəl qarşı tərəflərin görüşmələri ilə müşayiət olunmuş izdivaclar başqa izdivaclardan daha çox təhlükəyə məruz qalır. Əgər oğlan və qız evlənən günədək heç bir ölçü gözləmədən ünsiyyətdə olmuşlarsa, evləndikdən sonra onların boşanma ehtimalı daha çoxdur. Bunu da qeyd edək ki, evlənmək üçün tanışlıq məqsədi ilə baş tutan görüşlər çox vaxt izdivacla nəticələnmir. Belə görüşlər tərəflərə, xüsusi ilə qızlara psixoloji və ictimai bir zərbə olur.

Ailə baxımından yanaşma
İnsanların tanınmasında mühüm amillərdən biri onlara ailə prizmasından yanaşmadır. Nəcib və sağlam ailədə tərbiyə almış insanların əxlaqi və mənəvi durumu dərin və prinsipial olur. Bu səbəbdən də onlara daha çox etimad göstərilə bilər. Əlbəttə ki, bəzən qeyri-münasib ailələrdə layiqli insanlar yetişir. Əksinə, bəzən ləyaqətli ailələrdən qeyri-saleh övladlar çıxır. Məqsədimiz budur ki, adətən, övladların əxlaqi xüsusiyyətləri onların ailə tərbiyəsindən qaynaqlanır. İnsan şəxsiyyətinin formalaşmasında ailənin mühüm rolu var. Hətta qidaların halal-haram olması insan ruhiyyəsində dərin iz qoyur. İslam təlimlərində bu məsələyə xeyli əhəmiyyət verilmişdir. Halal-haram bilməyən, ehtiyacını istənilən bir yolla təmin etməyə çalışan ailələrdə övladlar ruhi, mənəvi baxımdan zərbəyə məruz qalır və bu zərbələrin nəticəsini aradan qaldırmaq asan olmur.
Bir rəvayətdə Həzrət Peyğəmbərimizin (s) belə buyurduğu nəql olunur: "Tikanlı otdan çəkinin: Soruşdular: "Tikanlı ot nədir?" Həzrət buyurdu: "Pis ailədən çıxmış gözəl qadın."
Bu təbir kişilərə də aid edilə bilər. Bəzi kişilər zahirən gözəl, var-dövlətli, vəzifə sahibi olsalar da, onların pis ailədə tərbiyə almaları şübhə yaradır.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 6 940
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri