İki müxtəlif cinsin nümayəndəsi arasında nigah adlanan əlaqə sadəcə
olaraq, təbii heyvani əlaqə və hətta mülki müqavilə də deyildir. O, hər
şeydən əvvəl ər ilə arvadın ikisini bir şəxsə çevirərək, qarşılıqlı
sevgi və inam əsasında yaranan mənəvi ittifaqdır” (Hegel)
Həyatımız elə qurulub ki, dünya yaranandan bəri yer üzərində hər an
inkişaf gedir. Hər şey öz sürəti ilə axarına qapılaraq hansısa bir
istiqamətdə axır. Sürətini artırsa da və ya bəzən büdrəsə də yenə də
dayanmır, axır və dövr edir. Eləcə də bizlər.
Bir ayədə belə buyrulmuşdur:
"Allah sizə özünüzdən qadınlar var edər. Qadınlarınızdan da oğullar və
nəvələr var edər. Sizə təmiz şeylərdən ruzi verər. Elə isə batilə
inanırlar və Allahın nemətlərini inkar edirlərmi?” "İçrənizdəki
subayları, kölələrinizdən və cariyələrinizdən saleh olanları evləndirin.
Əgər yoxsuldularsa, Allah onları lütfü ilə zənginləşdirər. Allah lütfü
bol olandır, biləndir.”
Allah təala insanları yaratdı və onlara soylu, köklü, nəsilli bir yol
göstərdi. Hansı ki, bu yolda, hərə özünə bir gələcək seçdi. Amma, bu
yolda tək irəliləmək çox çətindir və məncə maraqsızdır. Qadınla kişinin
birlikdə olması, bu yolda yoldaş, bir-birinə dayaq olması, onlar üçün
daha maraqlı, rəngarəng həyat sürməyi təmin edir.
O qurduğun xəyalı, o düşündüyün gələcəyi birinin əlindən tutub, onun
istisini, sevgisini, səninlə daxilən və xaricən bərabərliyini hiss
edərək daha da canlandırıb, o yolda daha da gümrah irəliləyərək, yaşamaq
daha gözəldir, nəinki tək.
Ailə — məhz, budur o bərabərlik. Bir-birlərinə bağlı olan, bir-birləri
üçün ürəkləri həyəcanla, sevgi ilə çarpan gənclər eşqin nə olduğunu
yaxşı bilirlər. Bir-birlərinə qarşı bu dəyərli hissi yaşayanlar bir ömür
boyu bərabər addımlamaq istəyi ilə artıq quracaqları ailənin təməl
daşını qoyurlar. Gündüzləri bir yerdə salamlayıb, gecələri isə bir yerdə
yola salaraq bir həyatı bölüşür, sevgilərinin bəhrəsi olan övladlar
dünyaya gətirərək, yuvalarına daha da sevinc, məna qataraq onu
genişləndirir və ailə sahibi olurlar. Sonra isə, necə deyərlər, bir
yastıqda qocayaraq bu ailənin gözlərinin önündə daha da genişlənməsinin,
hər anıyla daha da mənalaşmasının şahidi olurlar.
Bu düşüncələrdən yola çıxaraq, mən deyərdim ki, ailə də bir Vətəndir. Bu
Vətənin sakinləri bir-birinə bağlılıqları ilə öz yuvalarında hey
püxtələşir, törəyir, yeni-yeni nəsillər yetişdirirlər.
Ailə bizim ən isti ocağımız, qurduğumuz ən böyük, bərk və sarsılmaz
evimizdir. Ən azından belə olmalıdır. Ailə bizim gələcəyimizdir, bizi
özündə yaşadan və bizim yaşatdığımızdır, hansı ki, hardan baxsan, hər
fəsli ilə həyatımızın rəngidir, mənasıdır.
İndi nə ataxaqanlıq, nə anaxaqanlıq dövrüdür. Sağlam düşünən insan
anlamalıdır ki, hər kəsin öz haqqı, hər əməlin, hər sözün öz yeri var.
Bir-birlərimizin haqqını tapdalamadıqca, bir-brimizə hörmət etdikcə və
bir-birimizi sevdikcə ailəmiz də möhkəm qalar, ailə qalamız da möhkəm
təməl üstündə qurular. Mənim ailəm – mənim qalam! (Silovan Ramişvili)
Həqiqətən də ailə bir qaladır. Qurub-yaratdığın, sonra da içinə sığınıb
yaşadığın. Onu qorumaq da sahibinə düşür. Ailənizin qədrini bilin, onun
dəyəri ölçülməzdir.
Hər birinizə öz yuvanızı qurmağı, sevgi içində xoşbəxt, mənalı ailə həyatı sürməyi diləyirəm.