Bitməyən gəlin-qaynana “müharibəsi”

Şərhlər: 1
Baxılıb: 3492
Səs ver:
(səs: 2)
Ölkəmizdə son bir neçə ilin statistikası boşanma sayının hər il artdığını göstərir. Xüsusən yeni ailə quranlar arasında ciddi problemlərin olması nəzərə çarpır. Araşdırmalar göstərir ki, adətən ailə həyatının ilk 5-7 ilində boşanmalar daha çox olur. Məsələn, 26 yaşlı Sara Həsənova 7 ildir ki, ailə həyatı qurub. 3 övladı olan Saranın həyat yoldaşı ailəsini saxlamaq məqsədilə Rusiyaya işləməyə gedib. Qayınanası ilə birlikdə yaşayan Sara ailədə qayınanası, qayınatası və yoldaşının qohumlarının təzyiqlərinə və təhqirlərinə məruz qaldığını bildirir. Hətta 7 aylıq hamilə olduğu zaman baldızı onu döyüb.

Ailəsini dağıtmaq istəməyən Sara hər dəfə susub. “Mənimlə evdə elə davaranırlar ki, sanki gəlin deyiləm, sanki küçədən gəlmiş yad bir adamam. Evə heç kim baxmır. Qayınatam evə bazarlıq edəndə günlərlə danışır. Hətta bir dəfə yemək yeyəndə gəlib başımın üstündə durdu ki, “dur get pul tap, işıq pulunu ödəmək lazımdır”. Artıq onların davranışlarından və təzyiqlərindən yorulmuşam. Qayınanam evdə mənimlə danışmır. Əslində, biz evlənəndə qayınanam da məni istəmişdi. Bilmirəm nə oldu. Yoldaşım da xaricdədir. Mən hər günü söyülürəm, təhqir olunuram. Qərar vermişəm, ayrılacağam!” — deyə bildirir.

Mütəxəssislərə görə, boşanmaların əsas səbəblərindən biri də valideynlərin gənc ailələrə müdaxiləsidir. Psixoloq Fərəh Quliyevanın sözlərinə görə, valideynlərin ailələrə müdaxiləsi gənclərin bir-birinə münasibətlərindən asılı olan bir haldır: “İnsanın bioloji, fiziki yaşı olduğu kimi, eyni zamanda psixoloji yaşı da var. Və bu yaş onun gələcək həyatı üçün böyük rol oynayır. Məsələn, cütlüklərdə bəyin şablon yaş həddi olmamalıdır. Bəzi ailələrdə oğlanın 25-26 yaşı olan kimi ailə qurması barədə düşünürlər. Bəy ailə həyatı qurmamışdan öncə yaş həddi ilə yanaşı, ailə quracağı xanımla bir-birini yaxından tanımalıdır. Onların adaptasiya dövrü olmalıdır ki, bir-biri ilə dil tapa bilsinlər. Onlar güzəştə getməyi bacarmalı, bir-birini başa düşməyə çalışmalıdırlar. Ailə çox önəmlidir”.

Psixoloq belə hesab edir ki, böyüklər ailəni qoruyub saxlamaq üçün övladlarının ailələrinə açıq müdaxilə edirlər: “Amma yaxşı olardı ki, valideynlər hər kəsin içində deyil, onlarla ikilikdə söhbət edərək, yanlarında olduqlarını bildirsinlər. Ki, “yanınızdayıq, bunu belə edin, bunu elə edin”. Böyüklər əslində övladlarına belə müdaxilə etməlidirlər. Amma təəsüf ki, bəzən qayınanalar oğlunu gəlinə qısqanırlar. Düşünür ki, “gəlin oğlumla yaxşı münasibətdə olacaq, oğlumun mənə qarşı olan diqqətini, qayğısını əlimdən alacaq və oğlum mənimlə soyuq davranacaq”. Bu düşüncə qayınananın oğlunun ailəsinə mənfi cəhətdən müdaxilə etməsinə səbəb olur. Gəlinlə münasibətlər korlanır. Gəlin də korlanmış münasibətlərdən yorulub, həyat yoldaşı ilə mübahisələr edir”.

“Gənclər bu kimi problemlərin qarşısını almaq üçün ailə qurmamışdan əvvəl əks tərəfin valideynləri ilə yaxşı münasibət yaratmalı, onları yaxından tanımalıdır. Böyüklər də çalışmalıdırlar ki, gənc ailələrə mənfi müdaxilə etməsinlər. “Mən oğluma belə baxmışam, sən bacarmırsan, mən belə edirdim, sən edə bilmirsən”, yaxud “Sənin yoldaşın bunu bacarmır, mən o yaşda başqa cür idim” kimi ifadələr səslənməməlidir. Eyni zamanda, qız anası da qızının ailəsinə müdaxilə etməməlidir. Yəni ailədə olan problemləri alovlandırmaq lazım deyil” — F. Quliyeva tövsiyə edir.

Onun sözlərinə görə, bəzən qız anaları qızlarına “kaş ki, başqa adamla ailə qurardın, kaş ki, o səninlə daha yaxşı davranardı” kimi deyimlərlə onları ailədən soyudurlar: “İstənilən halda, valideynlər ailə münasibətlərində diqqətli olmalıdırlar. Çalışmalıdırlar ki, “bunu etmə, bu, sənin yoldaşına yaxşı təsir etməz”, “bunu etmə, mən sənin yaşında belə deyildim” deməsinlər. Çünki böyüklər gənclərin arasında olan münasibətləri yaxından bilmirlər. Bu da sonunda ailələrin dağılmasına gətirib çıxarır”.

Sosial-psixoloq Nail Cəlilin sözlərinə görə də, gəlin-qayınana münasibətləri, böyüklərin gənc ailələrin həyatına müdaxiləsi cəmiyyətdə hər zaman aktual olan mövzularından biridir: “Böyüklərin, valideynlərin gənc ailələri idarə etməyə, yönəltməyə çalışması çox zaman birmənalı qarşılanmır. Yəni, bunu həm müsbət, həm də mənfi dəyərləndirənlər var. Söhbət ondan gedir ki, böyüklər, yaşlılar bu zaman yeni ailələrə, övladlarına öz həyat təcrübəsini ötürməyə, onları yeni həyata hazırlamağa çalışırlar. Qayınanaların gəlinlərinə qarşı həssaslığı, onları öz çərçivələrinə, qadağalarına uyğunlaşdırmaq istəyi isə bir çox incə səbəblərlə bağlıdır. Amma indi qayınanalar da müasirdir, çox qarışmağı, müdaxilə etməyi xoşlamırlar. Əksinə, gəlinlər bir qədər ərköyün, böyükləri eşitməyən, sözəbaxmayan olublar. Qərarlarında, rəftarlarında, geyimlərində daha çox sərbəstdirlər”.

Müsahibimiz hesab edir ki, böyüklərin açıq, kobud müdaxiləsi adətən təhsil səviyyəsinin, dünya görüşünün çox aşağı, məhdud olduğu ailələrdə baş verir: “Belə ailələrdə övladlar valideynlərdən həm maddi, həm də mənəvi cəhətdən asılı olurlar. Əslində, öz işini, biznesini quran, maddi cəhətdən sərbəst ayaq üstə dura bilən gənclər və ya gənc ailələr belə müdaxilələrin qarşısını ala, ailəni kənar, yersiz təsirlərdən qoruya bilirlər. Bununla belə, bəzən bu kimi təsirlər, müdaxilələr boşanmalara, ailələrin qısa zamanda dağılmasına yol açır. Burada gənclərin də ailə həyatına psixoloji hazırlığından çox şey asılıdır. Bəzən elə olur ki, çox adi, sadə məsələlər problemə, ailə qalmaqalına çevrilir”.

Cəlil qeyd edir ki, bəzən həm oğlanın, həm də qızın valideynləri yersiz tərəfkeşlik, müdaxilə etməklə, xırda bəhanələrlə dava-dalaş salmaqla gənc ailəni dağıdırlar, övladlarının gələcəyinə, həyatına böyük zərbə vururlar: “Əslində, müdaxilə etmək yox, istiqamətləndirmək, kömək etmək vacibdir. Bəllidir ki, indi Azərbaycanda yeni ailələrin maddi durumu çox da yaxşı deyil. Mənzil-məişət problemləri, kommunal çətinliklər də yetərincə böyükdür. Belə vəziyyət həm gənc ailələrin, həm də onların vaildeynlərinin sosial-psixoloji durumuna yetərincə mənfi təsir edir. Valideynlər, böyüklər bu halda övladlarının mənəvi cəhətdən sağlam dünyagörüşlü olamsına diqqət yetirməlidirlər, onlara çətinliklərdən mübariz, qalib çıxmağı, güclü olmağı, ailəsinə sahib çıxmağı öyrətməlidirlər, yersiz müdaxildən isə birmənalı şəkildə çəkinməlidirlər”.
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 3492
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 4786
Xəbər sayı: 155
_Mrs_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
22 sentyabr 2020 23:54
1
İt yatıb at kölgəsində,elə bilir öz kölgəsidirwink

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri