Qaynana ilə birgə və ya ayrı yaşamalı?

Müəllif: Barbaris
Şərhlər: 4
Baxılıb: 3 920
Səs ver:
(səs: 1)
Əvvəllər gəlinlər qayınanaların üstünlüyünü qəbul etsələr, birgə yaşamağı, qayınananın qulluğunda durmağı özlərinə borc bilsələr də, getdikcə bu adət itir və gənclər daha çox ayrı yaşamağa, müstəqil olmağa üstünlük verirlər.

24 yaşlı Murad Sultanovun sözlərinə görə, ailə qurmaq istəyən gənclərin əsas problemləri onların harada yaşamasıdır: "Müasir qızların əksəriyyəti qayınana ilə birgə bir evdə yaşamaq istəmir. Bir otaq da olsa belə, ayrıca ev tələb edirlər. Çox vaxt oğlanların buna imkanı olmur və evliliyə hazırlığın ilkin mərhələsində artıq cütlüklər bu səbəbdən ayrılırlar. Bəzi hallarda da oğlanın ayrı ev almaq imkanı olsa da, ailəsi bunu qəbul etmir. Bu şərtlə də qız ya razılaşır, ya da başqasını axtarır. Bir sözlə, ev probleminə görə gənclərin əksəriyyəti evlənmək istəmir".

22 yaşlı Sona Vəliyeva isə bildirir ki, yalnız qızlar deyil, oğlanlar da ailə qurduqdan sonra ayrı evdə yaşamaq istəyirlər: "Ona görə ki, onların artıq öz ailələri olacaq və valideynin nəzarətindən qurtulmaq istəyirlər. Xüsusilə də, qayınanalar gəlinin işlərinə qarışır və cütlüyə rahat yaşamağa imkan vermirlər. Bir çox ailələr də məhz ailədaxili münasibətlərə valideynlərin qarışmasına görə dağılır".

Psixoloq Elnurə Bağırovanın sözlərinə görə, müasir gənclər həyatlarına nəinki qayınana-qayınatanın müdaxiləsini qəbul etmək istəmirlər, onlar heç öz valideynlərinin belə həyatlarına qarışmasına mənfi reaksiya verirlər: "Düzdür, indiki gənclərin psixologiyasını, qərb həyatına meylliliyini nəzərə alaraq, mümkün qədər ayrı evdə yaşamaqlarını məsləhət görərdim. Amma birgə yaşamağın da öz müsbət cəhətləri var. Belə ki, yeni qurulan ailəyə həm mənəvi, həm də maddi köməyə ehtiyac var. Onlardan yaşlı adamlar müəyyən məsələlərlə bağlı məsləhət verə və onlara kömək edə bilərlər. Əslində heç bir normal valideyn övladının ailəsinin dağılmasını istəməz və əgər ailədə mehribanlıq olsa, həm gənclər, həm də yaşlı nəsil harmoniyada yaşaya bilər".

Birgə yaşamaq əksər hallarda maddi cəhətdən sərfəli olur. Gedib kirayədə qalmaqdansa, valideynlərlə bir yerdə yaşamaq daha rahatdır. Bu zaman gənclər valideynlərinə arxalanaraq yeni mənzil üçün pul da yığa bilərlər. Psixoloq qeyd edib ki, bu səbəbdən də ev problemini bəhanə gətirib ayrılmağa dəyməz: "Münasibətlərin qaydaya salınması üçün həmişə ortaq məxrəc tapmaq olar. Xüsusilə də uşağın dünyaya gəlməsini gözləyən ailəyə valideyn dəstəyi əvəzsiz olur. Ailədə normal münasibətlər varsa, bu dövrdə qayınana gəlininə ev işlərində də kömək edər, onun qayğısına qalar".

Müsahibimiz izah edir ki, ailədə qayın, baldızların olması çox vaxt gəlinlər tərəfindən mənfi qarşılanır: "Amma buna başqa tərəfdən də baxmaq olar. Siz onlarla ünsiyyət qura və bununla da ünsiyyətə olan mənəvi ehtiyacınızı ödəyə bilərsiz. Ünsiyyətin az olması insanın psixikasına mənfi təsir göstərir. Bir çox hallarda bütün günü evdə tək oturan qadın əri işdən yorğun gələndə ondan diqqət və ünsiyyət gözləyir. Bunu ala bilməyəndə isə konfliktlər başlayır. Birgə yaşayanda isə daha şən olur".

Psixoloq hesab edir ki, birgə yaşamağın müsbət cəhətləri olsa da, mənfi cəhətləri daha çoxdur. Adi məişət məsələlərində belə problemlər ortaya çıxır. Ailə böyük olduqca da bu problemlər artır: "Gəlin hər gün stresdə yaşayır. Mübahisələr olanda ər də stressə düşür və özünü çıxılmaz vəziyyətdə hiss edir. Xırda şeylərdə belə problemlər yaranır".

Yeni qurulan ailənin öz sərhədləri var. Valideynlər isə müdaxilə edərək o sərhədləri dağıdır. Öz aralarında ər və arvad məişət məsələlərini həll edir, ər hətta arvadına ev işlərində kömək də edə bilər. Birgə yaşayanda isə məişət problemlərini digər ailə üzvlərinə nəzərən həll etməli olurlar. Güc də çox vaxt gəlinin üstünə düşür: "Uşaqların tərbiyəsinə belə nənə və babanın müdaxiləsi heç də həmişə yaxşı nəticələnmir. Gəlin uşağa deyir "olmaz", qayınana deyir "olar". Bir sözlə, hər şeyə müdaxilə narazılıqların yaranmasına səbəb olur".

Dediyinə görə, gənc ailə hər şeyi - otaqlarda mebellərin düzlüşündən tutmuş bu gün hansı yeməyi bişirəcəyinə qədər- öz istədiyi kimi etmək istəyir. Bağırova bildirib ki, valideynlərlə isə bu mümkün olmur. İstər-istəməz onlar da öz fikirlərini deyərək özlərinin vacibliyini sübut etmək istəyirlər. Onların dediyi alınmayanda isə küsür və ya mübahisə edirlər. Hətta mədəniyyətli, çox etik davranan valideynlər belə övladlarının həyatına müdaxilə etmədən dayana bilmirlər. Onlar bunu elə etməyə çalışırlar ki, heç kimin xətrinə dəyməsin. Mədəniyyət və etik davranışdan uzaq olanlar isə kobudcasına gənc ailənin həyatına müdaxilə edir və aradan pərdəni götürürlər.

Psixoloqun dediyinə görə, birgə yaşamaq gənclərə özünü yetkin insan kimi hiss etməyə mane olur: "Belə ki, daim yanında ana və ata olanda insan özünü böyük kimi hiss edə bilmir. Ona görə ki, əksər hallarda, xüsusilə də ana övladına uşaq kimi yanaşır. Nadir hallarda olur ki, valideynlər övladlarının artıq yetkin insan olduğunu və onlardan asılı olmadığını asanlıqla qəbul edir. Həm də birgə yaşayan zaman gənclər valideynlərinə arxalanır və özlərini tam müstəqil aparmırlar. Bu onlarda məsuliyyətsizliyi artırır. Hər bir kiçik problemə görə gənc öz valideyninin yanına qaçır və tədricən özü müstəqil olmaq, ayrı yaşamaq, problemləri özü həll etmək istəmir", - deyə həmsöhbətimizin bildirdiyinə görə, hər halda, nə qədər çətin olsa da, gənclər özləri də nə vaxtsa valideynlərinin yerində olacaqlar: "Bunu düşünərək düzgün davranmağa çalışmalıdırlar".
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 920
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri