Eşq və Sevgi

Şərhlər: 6
Baxılıb: 2 887
Səs ver:
(səs: 2)
Eşq kor bir ehtirasdır, görməməzlikdən qaynaqlanan bir bağlılıqdır. Sevgi isə bilincli bir hiss, aydın bir görmənin nəticəsidir. Adətən eşq instinktdən su içir, ona görə də instinktdən qaynaqlanmayan bütün başqa hisslər dəyərsizdir. Amma sevgi ruhun içindən doğur, ona görə də ruhun yüksələ bildiyi bütün yerlərə onunla birgə yüksəlir.

♡♡♡

Eşq bütün könüllərin fitrətində bir‐birinə bənzər biçimdə və rəngdə olub, müştərək görünüş daşıyar. Sevgi isə hər ruhda özünə xas özəllik daşıyar. Ruhun özündən rəng alar. Ruhlar isə instinktin əksinə olaraq hər biri bir rəngdə, surətdə, dadda və qoxuda olduğu üçün asanlıqla ruhların sayı qədər sevgi növü var deyə bilərik.

Eşq şəxsdən asılı olar. Dövrlərin və illərin dəyişikliyindən təsirlənər. Amma sevgi yaş, zaman və şəxsiliyin ötəsində yaşayar. Onun yüksək yuvasına günün, çağın əli yetişməz.
Eşq hər rəngdə, hər çeşiddə real olan gözəlliyi tələb edir. Şopenhaurin dediyi kimi: “Sevgilinizin yaşına bir iyirmi il də əlavə edin ki, onun duyğularınızda buraxdığı təsirin gerçəkliyinə əmin olasınız.”
Amma sevgi ruhun içinə elə bir ustalıqla dalar, ruhun gözəlliklərinə elə vurulub qeyb olar ki, gözəllik dediyimizi bambaşqa bir biçimdə görərsiniz.

♡♡♡

Eşq tufana, dalğaya, çoşqunluğa bağlıdır. Sevgi isə dinc, dözümlü, ağır, lakin aralıqlarla dolub daşan bir haldadır.
Eşq uzaqlıq və yaxınlığa görə dəyişir. Uzaqlıq uzun sürərsə o da azalar. Münasibət davam etsə bu dəfə də dəyərini itirər. Ancaq qorxu, ümüd, sarsıntı və əzab çəkməklə yanaşı "yaxınlaşmaq‐uzaqlaşmaq"la diri, güclü qala bilər. Amma sevgi bütün bunlardan xəbərsizdir. Onun başqa bir dünyası var.
Eşq birtərəfli ekstazdır. Sevgilinin kim olduğunu düşünməz. “Subyektiv olan daxili bir ehtiras”dır. Məhz buna görə də həmişə yanlışlığa yuvarlanır. Seçimdən təsirlənər. Ya da həmişə bitərəf qalır. Bir‐birinə heç bənzəməyən iki yad insanın gözlərində eşq qığılcımlanarsa bir‐birilərini görmədikləri üçündür. Yalnız ildırımın enişindən sonrakı işıqda bir‐birilərini görə bilərlər.
Amma sevgi aydınlıqda kök atar. İşığın kölgəsində yaşıllaşar, böyüyər. Elə bu üzdən də həmişə tanışlıqdan sonra yaranar. Doğrusu elə başlanğıcda da iki ruh bir‐birinin üzündə tanış cizgilərlə rastlaşar. “Biz” olmaq isə tanışlıqdan sonra baş tutar. İki ruh iki ayrı insan olmaz. Artıq bir‐birilərinin söz, davranış və ünsiyyət biçimindən yaxınlığın dadını, yaxınlığın qoxusunu, yaxınlığın istiliyini duyarlar. Bu duyğudan sonra anidən özlərini sevginin ucsuz‐bucaqsız səhrasında hiss edərlər.

♡♡♡

Eşq çılğınlıqdır. Çılğınlıq isə “anlayış” ilə “düşüncə”nin pozulmasından və köhnəlməsindən başqa bir şey deyil. Amma sevgi yüksəlişin ən üst qatında, beynin imkanlarını aşar, anlamağı və düşünməyi də yerdən üzüb ən yüksək pilləyə qaldırar.

Eşq sevgilidə ürəyi istədiyi gözəllikləri yaradar. Amma sevgi ürəyinin istədiyi gözəllikləri sevgilidə görər, tapar. Eşq çox bacarıqlı gözbağlayıcıdır. Amma sevgi sonsuz, saf və daxili bir həqiqətdir.
Eşq dənizin içində boğulmaqdır. Sevgi isə dənizin içində üzməkdir. Eşq görmək imkanını yox edər, sevgi isə göstərər, “bax” deyər.

Eşq kobuddur, şiddətlidir. Eyni zamanda dözümsüz və etibarsızdır. Sevgi isə həlimdir, yumşaqdır. Eyni zamanda dözümlü və etibarlıdır.
Eşq şübhələr içindədir. Amma sevgi başdan ayağa inanclıdır. Şübhəyə yer qoymaz. Eşqdən içdikcə aldanarıq, sevgidən içdikcə susayarıq.
Eşq qorunduqca köhnələr. Sevgi daima yenilənər.
Eşq sevənin içində var olan gücdür. Özünü sevgiliyə çəkər. Amma sevgi seviləndə var olan cazibədir. Sevəni sevilənə aparar. Eşq sevgiliyə sahiblənmə duyğusudur. Amma sevgi seviləndə yox olma susuzluğudur.

♡♡♡

Eşq öz təsiri altında saxlaya bilmək üçün sevgilinin xaraktersiz olmasını istəyər. Eşq insanın mənəm‐mənəmliyi ilə bazarlıq edən heyvani ruhun çəkiciliyidir. Özü öz yaramazlığının bilincində olduğu üçün də onu bir başqasında görərkən ona nifrət edər, kin bəsləyər. Amma sevgi seviləni sevgili olaraq, dəyərli olaraq istəyər. Bütün könüllərin də sevgi ilə bəslənməsini diləyər. Sevgi insanın ilahı ruhunun bir cazibəsidir. Özü öz fövqəladi gücünü bildiyi üçün onu bir başqasında görərkən onu da sevər. Özünə yaxın və doğma hiss edər.

Eşq rəqibi sevməz. Amma sevənlər “kəndin dəli sevdalılarını da özləri qədər sevərlər.” Qısqanclıq eşqin xüsusiyyətidir. Eşq sevgilini öz tikəsi olaraq görər. Bir başqası onu əlindən almasın deyə əzablar içində qıvranar. Başqası alarkən isə ikisinə də düşmən kəsilər. Sevgilidən nifrət edər.

Sevgi isə inancdır. İnanc bütöv bir ruhdur. Sərhədsiz sonsuzluqdur. Bu planetə xas deyildir.
Eşq təbiətin kəməndidir. Təbiətdən almış olduqlarını öz əlləri ilə geri verib ölümün aldıqlarını eşqin oyunları ilə əllərindən buraxsınlar deyə baş qaldıranları yaxalayar. Amma sevgi insanın öz yaratdığı, özünün çatdığı, özü seçdiyi bir nemətdir.
Eşq instinktin tələsində dustaq qalar. Sevgi isə istək və arzuların təzyiqindən qurtular. Eşq bədənin icraçısı. Sevgi isə ruhun elçisidir.

♡♡♡

Eşq dad axtarmaqdır. Sevgi isə sığınacaq axtarmaqdır. Eşq ac bir səfilin yemək yeməsidir. Amma sevgi “qərib bir ölkədə həmyerli tapmaq”dır.
Eşqin yer dəyişikliyi olur. Soyuyur, yandırır. Amma sevgi yerindən, sevdiyinin yanından tərpənməz. Soyumaz, qızğın deyil, yandırmaz, yandırıcı deyil.
Eşq özünə vurğundur. Eqoistdir, özü üçün istəyər. Sevgiliyə tapar, onu özü üçün tərifləyər. Sevgi isə seviləndən yanadır, sevgili üçün istəyər. Özünü də sevdiyi insan üçün sevər.
Özü yox olar.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 887
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri