Məhəbbət
elə bir hissdir ki, o, yaşından, cinsindən asılı olmayaraq hər
kəsin könül qapısını açır. Sizin aranızda da elələri var ki,
bu hiss artıq onun varlığına kövrəkcəsinə qədəm basmışdır. Sən
də gec-tez məhəbbəti xoş bir duyğu kimi salamlayacaqsan. Budur,
artıq nəsə səni narahat edir, gecələr yuxun qaçır, baxışlarını
tavana zilləyib fikrə gedirsən. Yadına həmin qız (oğlan) düşür.
Axı niyə onunla danışanda səsin titrəyir, üzbəüz gələndə özünü
itirir, görməyəndə darıxırsan?Hərdən oğrun-oğrun baxışırsınız,
qəflətən nəzərləriniz toqquşur, yanaqlarınız xəfifcə allanır.....
Bəlkə bu məhəbbətdir?
Əlbəttə,
sevirsən. Amma yadında saxla ki, məhəbbətinizin uğurlu olması
əsasən özünüzdən asılıdır. Hisslərinizin möhkəmliyindən, qarşılıqlı münasibətlərinizin xarakterindən asılıdır.
Yüksək
davranış mədəniyyətinə yiyələnmək, ünsiyyət prosesində müəyyən
əxlaq qaydalarına əməl etmək sevgililərin bir-birinə münasibətini
daha da yaxşılaşdırır. Qıza qarşı kobudluq oğlan üçün
bağışlanılmaz səhvdir. Oğlan başa düşməlidir ki, bu gün onunla
eyni parta arxasında oturan qız sabah ər evində bir anadır!
İlk
gənclik məhəbbətində hiss əsas rol oynayır, gənclər sevgilini
çox vaxt gözəl olduğu üçün seçib bəyənir. Yetkin məhəbbətdə
tərəflər çox vaxt ölçüb-biçir, götür-qoy edir.Bu dövrdə onların
seçicilik duyumu və tənqidi yanaşma qabiliyyəti, məntiqi
təfəkkürü formalaşır.
Sevənlər
bir-birinə qarşılıqlı tərbiyəvi təsir göstərirlər. Biri digərinə
öz nöqsanını düzəltməkdə, çətinlikləri aradan qaldırmaqda lazımi
məsləhət verir. Bir sözlə, oğlan və qız seçdiyi şəxsin xatirinə
özünü təkmilləşdirir. Buna görə də deyirlər ki, məhəbbət
insanı nəcibləşdirir, xeyirxah və səmimi edir.Lakin bəzən oğlan
və qız sevgilisinin haqlı iradlarından nəticə çıxartmır, öz
qüsurlarını aradan qaldırmaq istəmir.
Məhəbbətdə
mühüm cəhətlərdən biri öz hissini qorumağı bacarmaqdır. Oğlan
sevgilisi ilə küçədə, kinoteatrda, nəqliyyatda və digər yerlərdə
müəyyən həddi, normanı gözləməklə rəftar etməlidir. Yersiz
hərəkətlərə yol verilməməlidir. Bəzən parklarda, dənizkənarı
bulvarda hamının gözü qarşısında qızla oğlanın bir-biri ilə
qol-boyun olduğunun şahidi olursan.
Əlbəttə,
bir-birinə həqiqətən könül vermiş gənclər belə iş tutmaz, pak
və ülvi bir hissi təhqir etməzlər. Lazım gələn təqdirdə oğlan
qızın, qız oğlanın şərəf və ləyaqətini qorumalıdır. Həqiqi
məhəbbət əxlaqsızlıqla, əks cinsə hörmətsiz münasibətlə bir
araya sığmır. O, « gün keçrmək » zövqünə sığınan yalançı
məhəbbətdən əsaslı fərqlənir. Həqiqi məhəbbət əbədi, sönməz,
yalançı məhəbbət ötəri, aldadıcı və mənafegüdəndir. Belə
məhəbbətdə tərəflərdən biri digərini şüurlu aldadır, vədlər
verir, şirin sözlər söyləyir. Qız yalan vədlərə inanır, şirin
sözlərdən xoşlanır və səhv edir.
Gənclər
münasibətin mahiyyət etibarilə nə ilə nəticələnəcəyini
qabaqcadan təsəvvür etməyi bacarmalıdır. Fiziki yaxınlıq, xüsusilə
qızlar üçün ağır nəticələr törədə bilər. Qızlar nikah bağlanana
və gərdək qurulanadək öz ismətlərini qorumalıdır.Ər evinə
qızların pak və alnıaçıq getməsi, ailə həyatının pozulmaz
qanunu, gələcək ailə təməlinin mohkəmliyinin rəmzidir.