Bəlkə də, hər kəs bəzi məqamlarda sevdiyi insanın ona xəyanət etməsindən şübhələnir. Amma sevgini itirmək qorxusu, aldanılmaq qorxusuna üstün gəldiyi üçün bunu etiraf edə bilmir. Nəticədə özü özünü aldatmağa, ətrafda baş verənlərə göz yummağa başlayır. Uydurduğu yalanlara inanmaq mümkün olmadıqda isə artıq gec olur.
Psixoloq Dəyanət Rzayevin dediyi sözlərə görə, qadın və kişi elə xəyanət edə bilər ki, bunu heç kim bilməz: "Amma bəzi əlamətlər onların vəfasız olduğunu üzə çıxarır. Bu əlamətləri anlamaq üçün, ilk növbədə, nəzərə almaq lazımdır ki, qadında sevgi və istək hissləri psixoloji, kişilərdə isə fizioloji amillərlə bağlıdır. Yəni kişi qadına uzun müddət soyuq münasibət göstərirsə, bu, onun xəyanətinin göstəricisi ola bilər.
Qadın kişiyə soyuq münasibət göstərirsə, bu, heç də onun xəyanət etməsi demək deyil. Belə ki, qadını kişidən aralarında baş verən konfliktlər və ya diqqətsiz qalması uzaqlaşdırır. Nəticədə qadında sevgi yavaş-yavaş ölür və qadın kişiyə soyuq münasibət bəsləyir. Düzdür, istisna hallarda bu cür davranış qadının xəyanətkar olduğuna işarə edir. Əfsuslar olsun ki, bizim kişilər qadın yaxın buraxmadıqda ondan şübhələnir və həyatında kiminsə olduğunu düşünməyə başlayırlar. Kiminsə sözünə inanaraq, həyat yoldaşının xəyanət etdiyini düşünən kişilər də var. Çox vaxt da bu cür söz-söhbətlərin axırı yaxşı qurtarmır. Məsələn, kimsə qadının əxlaqı haqqında pis danışır. Kişi də qadını öldürür. Bununla bağlı kifayət qədər hadisələr haqqında kriminal xəbərlərdə də verilir”.