"35 ildir ki, evliyəm. Ancaq 15 ildir
ki, yoldaşım başqasını sevir və onunla qalır. Bir uşaqları da var. Biz
hələ də rəsmən boşanmamışıq. İki övladım var, onların xətrinə dözürəm.
Sadəcə uşaqlarım atasız olmasın deyə dost kimi evə gəlib-getməsinə razı
oluram. Amma heç bir yaxınlığımız yoxdur. Mən onun başqasını sevdiyini
özüm başa düşdüm. Bundan sonra evdə çox dava düşdü. Ancaq mən gördüm ki,
artıq gecdir. Daha ardınca getmədim. Əslində mənimçün çox ağırdır. Amma
belə fikirləşirəm ki, o, düz edib. Yəqin mən onu bir qadın kimi qane
etməmişəm və o, başqasını sevib. Ancaq mən cəmiyyət arasında çox olan
insanam, kişilərin nəyə qulluq elədiklərini də görürəm və onlara inamım
qalmayıb. Mənə elə gəlir ki, indiki dövrdə kişilik yox dərəcəsindədir”.
Haqlı olan kimdir?
Bu sözləri deyən Nailə xanımdır. Yəqin ki, onun taleyini yaşayan, onun
yerində olan qadınlara çoxlarımız rast gəlmişik. Təbii ki, burda kişi
qınaq obyekti olur və o, evlidirsə, sevməyə haqqı olmadığı düşünülür.
Bəs əslində kim haqlıdır? Ürəyinə hökm edə bilməyən kişi, həyat yoldaşı,
yoxsa sevgisinə görə onu qınayanlar? Axı sevgi elə bir qonaqdır ki,
"gəldim” deməz, heç qapını da döyməz, sadəcə gələr… Ancaq bu da
danılmazdır ki, artıq o aşiqin bir ailəsi, məsuliyyəti, öhdəlikləri var.
Çox halda isə hazırda sevmədiyi həyat yoldaşından olsa belə, övladı və
ya övladları… Digər tərəfdən, kişi həyat yoldaşı yanında ola-ola başqa
bir qadını düşünür, xəyalında özünü onunla canlandırır. Yaşadığı həyat
və yanında olan qadın artıq onun ürəyincə deyil və sadəcə onu sıxır. Ən
pisi də odur ki, yanındakı arzuolunmaz qadın onun ürəyini və beynini
"oxuyur”. Burda isə məsələ həqiqətən qəlizləşir və həm kişinin, həm
başqa birinə dəyişilən həyat yoldaşının, həm də sevilən qadının
düşüncəsi, seçimi çox şeyi həll edir. Fərdin fərqliliyi məsələyə də
fərqli görünüş, fərqli sonluq verə bilər. Ancaq söhbət ailə
münasibətlərindən gedirsə, kifayət qədər ciddi yanaşmaq lazım olduğu da
aydındır.
Ailə qurarkən vacib amillər
Sosial psixoloq Naib Niftəliyev bildirir ki, evlilik – ailə qurmaq,
ailəli olmaq çox ciddi, müqəddəs, hər kəsdən böyük məsuliyyət tələb edən
addımdır: "Bu baxımdan, hər bir insan ailə quracağı insan barədə
hərtərəfli götür-qoy etməli, onu tam sevdiyinə, ömrünün sonunadək tərəf
müqabili ilə birgə yaşayacağına əmin olduqdan sonra ailə qurmalı və öz
sevgisini ailəsində tapmalıdır. Başqa sözlə, ailədə qarşılıqlı anlaşma,
qarşılıqlı sevgi, qarşılıqlı hörmət, bütün bunların cəmində qarşılıqlı
sədaqət çox vacib şərtdir. Bu, heç də o demək deyil ki, insan hisslərini
boğmalı, duyğularını ailə müstəvisində qapatmalıdır. Əksinə, ciddi,
məsuliyyətli, sədaqətli insan hisslərini, duyğularını ifadə etməkdə daha
azaddır. Çünki o, nə istədiyini bilir, hisslərini, duyğularını,
sevgisini də düzgün yönləndirməyi bacarır.
Evli biri kənarda sevgi axtarırsa
Psixoloqun sözlərinə görə, sevgi hissinin çox müxtəlif təzahür
formaları var: "Bunlardan ən vacibi insanın digər insanlara olan hörmət,
sayğı və sevgisidir. Bu, o deməkdir ki, insan insana kimliyindən, qadın
və ya kişi olmasından, yaşından, böyük-kiçikliyindən asılı olmayaraq,
diqqət, ehtiram, qayğı ilə, normal insani münasibətlə yanaşmalıdır. Əgər
hər hansı bir kişi və ya xanım sevgisini ailəsindən kənarda axtarırsa,
ya onun ailəsində bir ziddiyyət, boşluq, ya da həmin şəxsin xarakterində
bir natamamlıq, bölünmə, ikiləşmə var. Bu mənada, nə kişinin, nə də
qadının öz həyat yoldaşına xəyanət edib kənarda sevgi axtarmağa qəti
haqqı yoxdur. Sözsüz ki, müəyyən səbəblərdən başqa çıxış yolu
qalmayıbsa, tərəflər ayrılıb yenidən ailə qura bilərlər. Buna heç kəs
pis baxmır və qanun da bunu qadağan etmir. Məsələn, İngiltərədə evlənən
hər iki nəfərdən biri on il ərzində boşanır. Türkiyədə isə, boşanma
səviyyəsi ildə 1 %-dən aşağıdır. Yəni, burada mənəvi-əxlaqi dəyərlərin
fərqliliyi, özünəməxsusluğu da öz sözünü deyir. Məsələyə milli,
dini-mədəni dəyərlər müstəvisində yanaşıldıqda bu, həm də etnopsixoloji
məsələdir. Başqa sözlə, bir türklə bir ingilisin, bir avropalı ilə bir
azərbaycanlının evlilik və sevgi məsələsinə münasibəti heç də eyni
deyil”.
Başqa qadın ailəni əvəz edə bilərmi?
Naib Niftəliyevin fikrincə, burada incə bir məqamı da nəzərə almaq
lazımdır: "Ailədən kənarda nə qədər böyük sevgi yaransa və yaşansa belə,
bu heç vaxt ailə sevgisini, ailə sədaqətini, isti ailə ocağını əvəz
eləmir. Hətta sevgisiz, yalnız hörmət, bəzən kənar təsirlər nəticəsində
qurulan ailələrdə belə boşanma, ayrılıq, xəyanətlər çox böyük
mənəvi-psixoloji böhrana səbəb olur. Doğrudur, heç bir insan tam kamil
və tam ideal şəxsiyyət deyil. Hər kəsin özünə görə, müəyyən çatışmayan
cəhətləri, az-çox mənfi xüsusiyyətləri, hardasa zəiflik göstərdiyi anlar
var. Bu səbəbdən, heç də hər kəs iradəsini işə salıb hisslərini
cilovlamağı, idarə etməyi bacarmır. İnsanların müəyyən qismi çox vaxt
ikili hisslərin əsirinə çevrilir. Bu təmayülün qüvvətlənməsində müasir
KİV-in, xüsusən, mənəvi-əxlaqi dəyərlər sistemindən getdikcə uzaqlaşan
televiziya kanallarının, internetin, digər informasiya və kommunikasiya
texnologiyalarının da mənfi rolu var (Sözsüz ki, bu ifadə işinə
vicdanla, məsuliyyətlə yanaşan media qurumlarına aid deyil”.
Ötəri hisslər və sonrakı peşmançılıq…
Müsahibimiz qeyd edir ki, indi müxtəlif saytlarda, sosial şəbəkələrdə
tanışlıq adi hal alıb: "Onların böyük bir qismi də elə ailəli xanımlar
və kişilərdir. Əlbəttə, hər bir insanın müəyyən bir seçim azadlığı var.
Lakin birinin haqqını tapdalamaqla digəri ilə xoşbəxtlik tapmaq, həyat
yoldaşına xəyanət edib, ailəni dağıdıb, başqa birisi ilə səadətə çatmaq
mümkün deyil. Belə münasibətlər çox zaman ötəri, keçici olur, sonradan
yaranan peşmançılıq, günahkarlıq hissi ilə isə nə əvvəlki normal, sağlam
ailə həyatına qayıtmaq, nə də yenidən öz həyatını qurmaq mümkün olur.
Biz insanların öz hisslərinin boğmasının tərəfdarı deyilik, hisslərin
dərk və idarə olunması ən doğru çıxış yoludur. Əlbəttə, insan yeri
gələndə, öz ürəyinə də hökm etməyi bacarmalıdır. Ona görə ki, biz şüura,
ağıla, dərrakəyə, idraka malik olduğumuz üçün yer üzündə ali bəşəri
varlıq sayılırıq. Hisslər aldadıcı ola, insanı yanlış yola – günaha,
xəyanətə sürükləyə bilər. Belə məqamlarda insan dərindən düşünməyi və
həyata açıq gözlə, sağlam baxışla baxmağı bacarmalıdır”.
Psixoloq bu halın qınağa səbəb olmasına da aydınlıq gətirdi: "Evli
olduğu halda, ailəsi müqabilində sevgisini seçən insanları
qınayıb-qınamamaq məsələsinə gəldikdə, bu, şəraitdən, vəziyyətdən
asılıdır. İstənilən halda belə münasibətlər həmişə ictimai qınaq
obyektidir. ABŞ-da, Avropa ölkələrinin əksəriyyətində evli insanın
nigahdankənar sevgi yaşamasına çox da yaxşı baxmırlar. Nümunə üçün
ABŞ-da baş verən məşhur Bill Klinton – Monika Levinski qalmaqalını
xatırlatmaq kifayətdir”.
Ailədəki gizli və ya aşkar böhran
Həmsöhbətimizin sözlərinə görə, ailəli insanda başqa birisinə qarşı
səmimi rəğbət, saf, təmənnasız sevgi oyana bilər: "Əgər bu hiss
şəxsiləşmirsə, düzgün yönləndirilib idarə olunursa, arada zəruri məsafə
saxlanılırsa, tam təbii, normaldır. Əgər bu hisslər artıq ailə
münasibətlərini kölgədə qoyub yaxınlıq duyğusuna, istəyə çevrilirsə,
demək, həmin şəxsin ailəsində bir natamamlıq, iradəsində müəyyən
zəiflik, xarakterində ifrat özünütəsdiq meyli, həyat yoldaşı ilə
münasibətlərində gizli və ya aşkar yaşanan bir böhran var. Bəzən
arzuladığı sevgisini ailəsində tapmayan insan onu özü də bilmədən
kənarda axtarır, başqalarının təsiri altında bunu "dəb, norma, adi hal”
kimi qəbul edir. Yəni belə bir sevginin yaranmasının və yaşanmasının
səbəbləri çox fərqli, müxtəlif ola bilər. İstənilən halda bu, həmin
şəxsin ailədaxili münasibətlərdə, eləcə də həyat yoldaşına münasibətdə
disharmoniya, rahatsızlıq yaşamasından xəbər verir”.
Həyat yoldaşı başqasını sevsə, qadın nə edər?
Göründüyü kimi, eyni məsələni necə qəbul etmək və ya necə həll etmək
şəxsin özündən asılıdır. Həyat yoldaşının başqa bir qadını sevməsini
normal başa düşən bir qadın da ola bilər və ya bu məqamda özünü alçalmış
hiss edərək, vəziyyətlə mübarizə aparmaq və rəqib qadına qalib gəlmək
yolunu seçən də ola bilər. Yaxud da zəif və ya aciz bir qadın sadəcə
depressiyaya düşər, intiharı belə seçə bilər.
Elə ailəli olan Ülviyyənin sözlərinə görə, həyat yoldaşına deyib: "Ola
bilər bir gün məndən bezərsən. Bəlkə, başqasını sevərsən. Bunu mənə özün
de. Səni məndən yaxşı heç kim başa düşməz.
Amma düşünəndə ki, birdən həqiqətən gəldi dedi ki, mən artıq başqasını
sevirəm… Fikirləşirəm ki, yəqin depresiyaya düşərəm, özümü alçalmış
hesab edərəm. Çünki məndən yaxşısını tapıb ki, aşiq olub. Bu bir qadın
üçün çox ağırdır, ona görə də, bəlkə də, dözməyib özümü belə öldürərəm”.
Aynur Namazova da evlidir. O düşünür ki, əgər həyat yoldaşı başqa
birini həqiqətən sevərsə, ona qarşı heç sevgisi qalmazsa, ayrılmaq
yolunu seçər: "Mən onu sevsəm belə, nə mənası olacaq ki? Onun digər bir
qadını sevə-sevə mənim yanımda olması işgəncədən başqa bir şey olmaz.
Ancaq onu da deyim ki, əgər ortada sevgi yox, sadəcə bir həvəs, ötəri
hisslər olarsa, buna görə əsla ailəmi dağıtmaram”.
Mətanət xanım isə indi sadəcə "uşaqlarının atası” adlandırdığı keçmiş
həyat yoldaşının əvvəl də münasibəti olan bir qadınla əlaqədə olduğunu
deyir: "Bu barədə biləndə ona dedim ki, əgər onu sevirdinsə, əlaqəni
davam edəcəkdinsə, niyə mənimlə evlənirdin? Elə onunla münasibətini
rəsmiləşdirərdin. Ancaq o dedi ki, onunla evlənə bilməz, çünki o qadın
öz bacısının ərindən uşaq dünyaya gətirib. Bu sözlərdən sonra o, mənim
gözümdə daha da dəyərini itirdi və ona nifrət etdim. Bununla da, ondan
ayrılmaq qərarına gəldim. İki oxşar insanları bir-biri ilə buraxmaq
lazımdır. Mən o vaxt mübarizə aparardım ki, o, buna layiq olsun”.
Sevib olursan "yuvadağıdan” varlıq…
Bu məqamda kişinin hissləri, sevgisinin nə dərəcədə təmiz, güclü
olduğu, bəlkə də, nəzərə alınmır və ya başa düşülmür. Qarşı tərəfdəki
qadın isə sadəcə qınanılır və onun haqqında "Ev yıxanın evi olmaz”
deyilir. O qadın sevsə belə, sadəcə kənardan bir "yuvadağıdan” varlıq
kimi qəbul edilir. Ancaq bir də evli kişini sevən qadının fikirlərini
öyərənək.
Jalə 3 ildir ki, evli bir oğlanla birlikdə olduğunu deyir: "Evli
insanın da sevmək haqqı var. Biz bir-birimizlə xoşbəxtiksə, bunu qınamaq
olmaz. O axtardığını həyat yoldaşında yox, məndə tapır. Elə mən də
onda. Münasibətimiz bizimçün maraqlıdır və heç kəsə pislik etmədən
yaşayırıq. Onun övladları da var, mən onun ailəsini dağıtmıram ki. ”Jalə
düşünür ki, bu hissləri, həyatı yaşamadan fikir bildirmək çox asandır.
Hər şeyi, "Mənim başıma belə bir şey gəlsə, nə edərəm?” deyə
qiymətləndirmək lazımdır.
Gənc qızların bu barədə fikirlərini öyrənəndə isə, onlar evli birini
sevə bilməyəcəklərini deyirlər. Həyat yoldaşının başqa bir qadını
sevdiyi halda isə, əksəriyyəti bunu qəbul edib, ondan ayrılacaqlarını
bildirdilər. Nuranə Abbaszadənin sözlərinə görə, bu, hər bir kəsin
özündən asılı olan bir davranış istəyir: "Ancaq mən heç də əksər
xanımların etdiyi kimi, onu bu sevgidən qaytarmağa çalışmazdım. Onun
acığına mən də həyatımı təzədən qurardım və xoşbəxt olmaq üçün hər şeyi
edərdim”. Ancaq nəzərə alaq ki, bu, subay bir xanımın fikridir.
Bəs kişilər nə düşünür: sevgi, yoxsa ailə?
Elnur ətrafdakıların dili ilə desək, bir qıza görə "ailəsini satan”
biridir. O sevərək ailə qurmayıb: "Əvvəllər düşünürdüm ki, ailə qurmaq
üçün heç də sevmək lazım deyil. Evləndirdilər, evləndim. Amma həqiqi
sevgini tapanda necə böyük səhv etdiyimi başa düşdüm. Geciydi onda da.
Məni fikrimdən çox daşındırmaq istədilər, amma ürəyimdəki, ağlımdakı,
yaşamağı arzuladığım başqa bir qadın idisə, bu ailəni davam etdirməyin
nə faydası vardı? Bu, sadəcə evlilik oyunu, özümüzü aldatmaq olardı. Ona
görə də, ayrılmalı oldum”.
Bir neçə ildir evli olan İlqar Kamil düşünür ki, sevgi təbii və
insanların istəyindən asılı olmayan bir hissdir: "Mən belə bir şey
yaşamamışam, amma hesab edirəm ki, onu kontrol etmək mümkündür. Evli bir
kişinin başqa bir qadına vurulması prosesi istənilmədən, ani olaraq baş
verə bilər. Bu, təbiidir. Lakin peyğəmbərimizin belə bir hədisi var:
"Hər kəs birinə aşiq olsa və bu eşqini (müəyyən səbəblərə görə) aşkar
edə bilməyib ölənədək tam iffətlə qəlbində daşısa, Allah onu şəhid hesab
edər”. Mənim də seçimim Allahın seçimi olar və sevgi yaşasam belə,
ailəmi üstün bilərəm”.
Hələ subay olan Fəxri İsmayılov evli olduğu halda belə bir sevgi
yaşasa, birmənalı şəkildə ailəsini seçəcəyini bildirdi: "Çünki bunu
yaşamış bir övlad kimi ailə dağılanda onun acılarının nə olduğunu çox
yaxşı bilirəm. Ancaq burda başqa məqamlar da var. Mən ailəmin təkidi ilə
evləndirilib, sonra öz sevgimi tapsam, bəlkə də onu seçərdim. Ailə
sevgi əsasında qurulubsa, gələcəkdə kimisə sevsə belə, ailəni üstün
tutur. Həmçinin, ailə tərbiyəsindən də çox şey asılıdır”.
Ümumilikdə isə, insanlar evli kişi və ya qadının başqa birini sevməsini
xəyanət və utanılacaq bir hərəkət kimi qiymətləndirirlər. Yəni ailə
münasibətlərində sevgi olmasa belə, hörmət və ailə dəyərləri xatirinə
onu qoruyub-saxlamaq lazım olduğunu bildirirlər.
"Məhəbbət 3 il yaşayır”
Çoxları
isə düşünür ki, oğlan sevib ailə qurubsa, o, daha sonra heç vaxt
başqasını sevə bilməz. Çünki sevgi daima yaşayır. Bəs həqiqətən sevgi
əbədi yaşayırmı? Bəşəriyyət yarandığı dövrdən insanları maraqlandıran və
cavabsız suallarından biri də budur.
Bu
haqda çoxlu fikirlər irəli sürülüb, araşdırmalar aparılıb, hətta
fransız yazıçısı F.Beqbeder bu haqda kitab da yazıb. Beqbederə görə,
"Məhəbbət 3 il yaşayır”. Kitabda bu göstərilir. Əsərin qəhrəmanı Mark
Marronye düşünür ki, bu, təbiətin qanunudur. Ancaq onun fikrincə, arvadı
ilə boşanmasının bu təbiət qanuna heç bir aidiyyatı yoxdur. Sadəcə yeni
məhəbbət başqa heç nəyə yer saxlamadan onu bütünlüklə əsir edir. Ancaq
Mark öz nəzəriyyəsinə inanır və qorxu içində həmin tarixi günün
gəlməsini gözləyir.
Müəllif bildirir: "Məhəbbətin ömrü üç ildir. Əvvəl ehtiras, sonra incəlik və nəhayət sıxıntı ili.
Birinci il deyirlər: "Getsən, özümü öldürəcəm.”
İkinci il deyirlər: "Getsən, özümü pis hiss edəcəm, ancaq yaşayacam.”
Üçüncü il deyirlər: "Getsən, bunu şampan şərabı ilə qeyd edəcəm.”
Onun fikrincə, uzunboy əsmər biri olub, ağlamaq da olar. Bunun üçün məhəbbətin üç il yaşadığını kəşf etmək kifayətdir.
4 il sonra sevgi cinsi bağlılıqla əvəzlənir
Bəs elm adamları bu haqda nə düşünür? Meksika Universitetinin
alimlərinin apardıqları araşdırmalara görə, sevgi dörd ildən çox çəkmir.
Eşq beyindəki bəzi kimyəvi hüceyrələrin aktiv hala gəlməsi ilə
başlayır. Ən kor, qarşılıqsız sevgi belə kimyəvi hüceyrə ehtiyatları
bitdikdə sona yetir. Həmin hüceyrələrin müddəti isə cəmi 4 ildir. Yəni 4
ildən sonra sevgi yerini cinsi və ruhi bağlılıqlara verir.
Beləliklə, sevgi heç də əbədi deyil. Qurulan ailələr isə istər sevgi
əsasında olsun, istərsə də əksinə, bir gün dağıla bilir. Bəzən buna
səbəb isə, bəşəriyyətin səcdəsində olduğu müqəddəs sevgi hissi olur…
Ancaq bu məqamda o sevgi hər baxışda bir cür görünür. Çünki onu yaşatmaq
üçün bir yuva yıxılır və geridə yerinə yetirilməyən öhdəliklər, sahib
çıxılmayan qadın və övladlar qalır. Ziddiyyət bir daha özünü göstərir:
bir tərəfdə xoşbəxtliyini tapan kişi, digər tərəfdə tərk edilmiş bir
qadın…