Polikistoz Haqqında Bilmədiyimiz 7 Fakt.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 40 665
Səs ver:
(səs: 5)

Son zamanlar xanımlar – xüsusən də gənc qızlar arasında daha çox rast gəlinən polikistoz xəstəliyi zərif cinsin nümayəndələrinin qarşisini ala bilmədikləri bəlaya çevrilib desək yanilmarıq. Ancaq mütəxəssislər xəstəliyə qarşı qismən də olsa mübarizə aparmağın mümkünlüyünü bildirirlər. Qadınlar arasında geniş yayılmış xəstəliklərdən birinə cərrah-ginekoloq Rəşad Sultan aydınlıq gətirir.

Yumurtalığın polikistozu nə deməkdir? Yumurtalıq kistasından fərqi nədir?
Yumurtalığın polikistozu hormonal dəyişikliklərlə əlaqədar bir xəstəlikdir və yumurtalığın kistası ilə əslində heç bir əlaqəsi yoxdur. Terminin kökündəki kista sözü əslində həqiqi kista deyil. Xəstəliyin bir təzahürü olan ovulyasiyanın baş verməməsi ilə əlaqədar follikulların yumurtalıq səthində toplanmasını əks etdirir. Belə ki, ayda bir dəfə yetişib partlamalı olan follikullar bu xəstəlikdə axıra qədər yetişmir və ultrasəs müayinəsində yumurtalıq səthində toplanmış çoxsaylı kistalar şəklində görünür ki, sindromun adı da burdan götürülmüşdür.

O zaman bu xəstəliyin səbəbləri və əmələ gəlmə mexanizmi barədə məlumat vermənizi xahiş edərdik.
Əvvəla onu deyim ki, polikistoz çox yayılmış bir xəstəlikdir. Qadınların 5%-i bu xəstəlikdən əziyyət çəkir. Çox tədqiqatlar aparılmasına baxmayaraq, xəstəliyin əmələ gəlmə mexanizmi dəqiq bilinmir. Amma bilinir ki, xəstəliyin mexanizmi yumurtalıqlardakı hormonal balansın pozulması, kişi cinsi hormonlarının həddindən artıq ifraz olunması ilə əlaqədardır. Bu pozğunluq həm normal follikul yetişmə prosesinin dayanmasına, həm də tüklənmə, və üzdə sızanaqlara gətirib çıxarır.

Yəqin ki xəstənin şikayətləri də bu mexanizmlərlə əlaqədar olur.
Bəli, polikistoz xəstələri bizə müxtəlif şikayətlərlə müraciət edirlər. Ən çox menstruasiya düzənsizliyi xəstələri narahat edir. Follikul yetişməsindəki pozğunluq menstruasiyaların gecikməli olmasına gətirib çıxarır. Digər bir müraciət səbəbi tüklənmədir. Kişi cinsi hormonlarındakı artış tüklənmənin əsas səbəbidir. Digər qrup xəstələr də, ailə qurub uşaq sahibi ola bilməyən cütlərdir. Belə ki, follikul yetişməyi pozulduğundan hamiləlik də baş vermir. Gördüyümüz kimi, eyni bir xəstəlikdə müxtəlif şikayətlər xəstəni həkimə müraciət etməyə sövq edir.

Xəstəliyin diaqnostikasında hansı testlərdən, köməkçi vasitələrdən istifadə edirsiniz? Hansı kriteriyalara əsaslanırsınız?
Diaqnostikada əsaslandığımız kriteriyalar: follikul yetişməsi və ovulyasiyanın pozulması, kişi cinsi hormonlarının yüksək olmasının laborator və ya klinik əlamətləri (məsələn, tüklənmə), ultrasəs müayinəsində yumurtalıqların polikistik görüntüsü, bu əlamətlərə səbəb ola biləcək digər xəstəliklərin istisnası. Sadaladığım kriteriyalara nəzər salanda, hansı köməkçi diaqnostik metodlardan istifadə etdiyimiz də məlum olur. Əlbəttə ki, ginekoloji müayinənin bir parçası olan ultrasəs, bundan başqa, laborator hormon analizləri son diaqnozu qoymaqda bizə kömək edir.

Xəstəliyin müalicəsi haqqında nə deyə bilərsiniz?
Yumurtalıqların polikistozu tamamilə müalicə oluna bilən bir xəstəlik deyil. Apardığımız müalicə xəstənin şikayətlərinə görə istiqamətləndirilir. Xəstə bizə menstruasiya pozğunluğu şikayəti ilə müraciət edibsə, müalicədə hormonal vasitələrdən istifadə edirik. Bu vasitələr təkcə menstruasiyaları nizama salmır, eyni zamanda xəstəliyin patogenetik mexanizmini qıraraq, müalicəvi təsir də göstərir. Tərkibinə kişi cinsi hormonlarının təsirinin qarşısını alan maddələr daxil edilmiş preparatlar da vardır ki, bunların sayəsində tüklənmə kimi əlamətləri də aradan qaldıra bilirik. Əgər xəstə hamilə qala bilmədiyi üçün müraciət edibsə, bu zaman müalicəmizin istiqaməti follikul yetişməsinə doğru olur. Bu məqsədlə ovulyasiyanı işə salan preparatlardan istifadə edirik.

Həkim, qeyd etdiyiniz kimi, müalicə şikayətlərə görə aparılır və xəstəliyin tam aradan qaldırılması mümkün deyil. Bəs bu xəstəlik gələcəkdə orqanizm üçün hansı fəsadlar törədə bilər?
Yumurtalıqların polikistozundan əziyyət çəkən xəstələrə diqqət yetirəndə, çoxunda piylənmənin olduğunu görə bilərik. Ona görə də bu xəstəlik metabolik sindrom dediyimiz problemin bir parçası hesab olunur. Bu xəstələr gələcəkdə piylənmə, şəkərli diabet və ürək-damar xəstəlikləri baxımından risk qrupuna daxildirlər. Buna görə də terapevtin nəzarəti altında olub, piylənməyə qarşı mübarizə aparmalıdırlar. Bədən çəkisinin azaldılması təkcə sadaladığım xəstəliklərin profilaktikasına xidmət etmir, eyni zamanda, polikistozun müalicəsində də işimizi xeyli asanlaşdırır. Belə ki, bədən çəkisinin 5% azaldılması ovulyasiyanın dərman istifadı etmədən bərpasına gətirib çıxarır ki, nəticədə menstruasiyalar nizamlanır, hamilə qala bilməyən qadınların isə uşaq sahibi olma ehtimalı artır. Polikisozlu xəstələr uşaqlıq xərçəngi baxımından da risk daşıyırlar ki, bu baxımdan da həm piylənmənin müalicəsi, həm də menstruasiyaların hormonal preparatlarla nizamlanması vacibdir.

Yeri gəlmişkən, hormonal müalicənin zərələri yoxdur?
Nədənsə, son zamanlar xəstələrdən də eyni sualı eşidirk. Əlbəttə ki, hər dərmanın arzuolunmaz təsirləri vardır. Amma biz dərmanları sağlam insanlara yox, müəyyən tibbi problemləri olan xəstələrə təyin edirik və o zaman dərman yazırıq ki, əldə edəcəyimiz fayda, gözlənilən zərərdən daha çox olsun. Yumurtalıqların polikistozu xəstəliyində də müalicənin məqsədlərindən danışdıq. Bu halda aparılacaq hormonal müalicədən qorxmaq, çəkinmək lazım deyil. Ümumiyyətlə, bu hormonlar normal qadın orqanizmində mövcud olan hormonlardır, və zərərli təsirləri yoxdur.
Son olaraq, onu deyim ki, yumurtalıqların polikistozu çox rast gəlinən bir sindrom olub, tam müalicəsi olmasa da, meydana çıxardığı problemlər həll edilə bilir və bu diaqnoz qoyulduqda həyatdan küsmək, çox narahat olmaq lazım deyil. Sadəcə, həkimin məsləhətlərinə və müalicəvi təyinatına riayət etmək, xüsusilə də, piylənmə və artıq bədən çəkisi ilə mübarizə aparmaq lazımdır.

Rəşad Sultan

(səs: 5)
Şərhlər: 1
Baxılıb: 40 665
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri