Boru sonsuzluğu
Uşaqlıq borularının keçiriciliyinin pozulması sonsuzluğa səbəb olan amillərin arasında əsas yerlərdən birini tutur.
Uşaqlıq boruların funksiyaları çox mühümdür. Ovulyasiya olduqdan sonra
yetişmiş yumurta hüceyrəsi yumurtalığı tərk edir. Bu zaman yumurtalığa
yaxın yerləşən uşaqlıq borularının saçaqlı çıxıntıları - fibriyalar -
öz hərəkətləri ilə yumurta hüceyrəsini uşaqlıq borusuna qovur. Daha
sonra yumurta hüceyrəsi uşaqlıq borusunun daxili divarlarını örtən kiçik
kipriciklərin hərəkətləri ilə uşaqlıq borusunun ampulyar hissəsinə
çatdırılır. Burada spermatozoidlər olduqda mayalanma baş verir.
Spermatozoidin və yumurta hüceyrəsinin birləşməsindən əmələ gələn yeni
hüceyrə uşaqlıq borusunun vasitəsilə uşaqlıq boşluğuna çatdırılır.
Beləliklə, uşaqlıq borusu çox vacib "nəqliyyat" funksiyasını yerinə
yetirir. Əgər bu prosesdə cüzi də olsa pozulmalar baş verərsə, müxtəlif
və çox ağır fəsadlar inkişaf edə bilər. Belə ki, uşaqlıq borunun mənfəzi
tam və ya qismən bağlı olduqda mayalanmış yumurta hüceyrəsi uşaqlığa
çata bilmədiyinə görə borunun divarına implantasiya edir (birləşir) və
nəticədə çox təhlükəli bir hal - uşaqlıqdan kənar hamiləlik (boru
hamiləliyi) inkişaf edir. Digər tərəfdən uşaqlıq boruları tam bağlı
olduqda boru sonsuzluğu inkişaf edir.
Uşaqlıq borularının keçiriciliyinin pozulmasının ən yayılmış səbəbi
iltihabdır. Bu iltihabın səbəbi isə cinsi yolu ilə keçən infeksiyalar,
abortdan sonra baş vermiş infeksion ağırlaşmalardır. Bu iltihabi
prosesin nəticəsində kiçik çanaq boşluğunda bitişmələr (sinexiyalar)
əmələ gəlir. Bitişmələr borunun mənfəzini tam və ya qismən bağlaya
bilər, borunu daralda bilər, fibriyaların quruluşunu poza bilər və s.
Uşaqlıq borusu və yumurtalıq arasında olan bitişmələr ovulyasiyadan
sonra yumurtalıqdan çıxan yumurta hüceyrəsinin boruya düşməsinə mane
olur.
Uşaqlıq boruların keçiriciliyinin pozulmasına səbəb olan infeksiyalardan
biri xlamidiozdur. Təəssüf ki, bir çox hallarda xlamidioz özünü heç bir
əlamətlə büruzə vermir. Həkimlərin müşahidələrinə görə, borularında
problemlər olan qadınların yarısından çoxunda xlamidioz aşkar olunur.
Bitişmələr kiçik çanaq boşluğu orqanlarında aparılan cərrahiyə
əməliyyatlarından sonra əmələ gələ bilər (miomaların və kistaların xaric
edilməsi, keysəriyyə əməliyyatı və s.). Bəzi hallarda bitişmələr
appendiksin xaric edilməsindən sonra əmələ gəlir.
İltihabi proseslərdən əlavə uşaqlıq boruların keçiriciliyinin
pozulmasına qadında olan hormonal pozulmalar, xroniki streslər də səbəb
ola bilər.
Uşaqlıq borularının keçiriciliyinin pozulması adətən özünü heç bir
əlamətlə büruzə vermir və qadın sonsuzluqla bağlı olan müayinələrdən
keçdikdə aşkar olunur.
Uşaqlıq borularının keçiriciliyinin yoxlanması üçün xüsusi müayinələr -
histerosalpinqoqrafiya (HSQ), exosalpinqoqrafiya (ESQ) və laparoskopiya -
istifadə olunur.
Histerosalpinqoqrafiya zamanı uşaqlıq boyununun kanalından kontrast maye
yeridilir və rentgen şəkili çəkilir ki, bu şəkildə borularına mayenin
düşüb-düşməməsi aydın görünür. Bu prosedura menstrual dövrünün 1-ci
hissəsində həyata keçirilir. Müayinə kifayət qədər ağrılı olduğuna görə
proseduradan əvvəl qadına ağsızlaşdıran və spazmolitik preparatlar
yeridilir (bəzi hallarda hətta narkoz istifadə olunur).
Bəzi həkimlər belə hesab edirlər ki, bu prosedura hətta müalicəvi təsir
göstərir ki, borular mayenin təzyiqi altında yaxşı "yuyulur".
Onu da nəzərinizə çatdıraq ki, bəzi hallarda bu müayinə yanlış mənfi
nəticə göstərə bilər: kontrast maye keçirici olan borulara onların
sıxılmasına (spazm) görə düşmür.
Exohisterosalpinqoqrafiya zamanı rentgendən deyil, USM-dən istifadə
olunur. Uşaqlıq boruları keçirici olmadıqda, uşaqlıq enlənir, böyüyür.
Bu üsül HSQ ilə müqayisədə daha az informativ sayılır. Lakin bu müayinə
zamanı qadın şüalanmır və bu səbəbdən exohisterosalpinqoqrafiya bir neçə
dəfə təkrar oluna bilər.
Laparoskopiya zamanı qarın divarında kiçik kəsiklər aparılır. Bu
kəsiklərdən qarın boşluğuna kiçik cərrahiyə alətləri və videokamera
yeridilir. Qarın boşluğunda olan görüntülərinə həkimlər kompüterin
monitorunda izləyirlər.
Laparoskopiya zamanı uşaqlıq borularının keçiriciliyinin pozulmasından
əlavə digər sonsuzluğa səbəb olan amillərinin (polikistoz yumurtalıqlar,
endometrioz) diaqnostikası aparılır. Adətən müalicəvi-diaqnostik
laparoskopiya aparılır. Bu o deməkdir ki, əməliyyat zamanı aşkar olunmuş
pozulmalar dərhal aradan qaldırılır (bu mümkün olduqda) - endometrioz
ocaqları yandırılır, sinexiyalar açılır və s.
HSQ və ESQ zamanı uşaqlıq borularının keçiriciliyinin pozulması aşkar
olunduqda qadına müalicə təyin olunur. Bitişmələr olduqda adətən cərrahi
müalicə təyin olunur (laparoskopik əməliyyat). Bitişmələr boruların
ətrafında olduqda əməliyyat daha çox hallarda müsbət nəticə verir.
Bitişmələr borunun mənfəzində olduqda isə belə müsbət nəticə daha az
hallarda əldə edilir. Boruların keçiriciliyi tam pozulduqda (mənfəzi
bütün uzunluğu boyu bağlı olduqda) cərrahi əməliyyat effektli sayılmır.
Bəzi hallarda əməliyyat zamanı iltihablaşmış, enlənmiş, içərisində çoxlu
maye olan boru xaric edilir.
Əməliyyatdan sonra hamiləlik baş tutmursa (adətən bu əməliyyatdan sonra 6
ay ərzində baş verir), təkrar cərrahi müalicə adətən tətbiq olunmur. Bu
halda süni mayalanma üsullarından istifadə olunur.