Sonsuzluğun qarşısını almaq mümkündürmü?

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 1 524
Səs ver:
(səs: 0)
Təbii yollarla hamilə qala bilməmə problemi sonsuzluq adlandırılır. Bir insanın və ya cütlüyün sonsuzluqla bağlı şübhələnməsi üçün əvvəlcə o müəyyən bir müddətdə və sayda cinsi əlaqədə olmalıdır. 35 yaşdan aşağı cütlüklər təxminən 1 il, 35 yaşdan yuxarı olanlar isə 6 ay müntəzəm qorunmasız cinsi əlaqəyə girdikləri halda hamiləlik əldə oluna bilmirsə qadında, kişidə və ya hər ikisində nəsilartırmanı əngəlləyən bir problemin mövcudluğu ehtimal olunur. Burada göstərilən müddət ərzində az-az, məsələn, həftədə 1 dəfə və ya tez-tez, məsələn, hər gün cinsi əlaqədə girmə də uşaq sahibi ola bilməni çətinləşdirə bilər. Çünki az-az cinsi əlaqəyə girmə ovulyasiya zamanı ilə üst-üstə düşməyi çətinləşdirirsə, hər gün cinsi əlaqəyə girmə də kişinin spermatozoidlərinin keyfiyyətini, sayını və yetkinləşmə səviyyəsini aşağı salır. Bu səbəblərə görə də həftədə 2-3 dəfə müntəzəm olaraq müdafiəsiz cinsi əlaqəyə girmək hamiləlik üçün ən ideal düsturlardan biridir. Bu formada cinsi əlaqədə olmağa baxmayaraq hamiləliyin əldə edilə bilməməsi halında həkimə müraciət edən cütlüklərə tətbiq olunan müxtəlif müayinə, test və tədqiqlərlə sonsuzluğa səbəb olan amil əksər hallarda müəyyən edilə bilir. Lakin bəzi cütlüklərdə tibbi nöqteyi-nəzərdən bütün şərtlər yerinə yetirildiyi halda da hamiləlik əldə etmək mümkün olmur. Bu hal səbəbi bilinməyən (idiopatik) sonsuzluq adlanır. Aparılan müayinələr nəticəsində sonsuzluğa səbəb olan faktorlar tapıldıqda bu faktorlara yönəldilmiş müalicə işləri aparılır və çox yüksək faiz nisbətində hamiləlik əldə edilə bilir. Lakin sonsuzluğa gətirib çıxaran bəzi amillər haqda daha öncədən məlum olarsa və həyat tərzi buna uyğun dəyişdirilərsə sonsuzluğun qarşısını almaq mümkün ola bilər.

Bir çox sonsuzluq hallarında problemin həddindən artıq stresli həyat şəraitindən qaynaqlandığı müəyyən olunmuşdur
Qadın və kişinin nəsilartıma(reproduktiv) funksiyalarının tam gücü ilə işləyib işləməməsi əksər hallarda beyində hipofiz vəzindən ifraz olunan hormonların balansından asılıdır. Hormonal balans (tarazlıq) pozulduqda bədəndəki bütün mexanizmlərlə bərabər hamiləlik funksiyaları da zərər görür. Bu baxımdan hormonal balansı qorumaq üçün əvvəlcə stresdən, depressiyadan uzaq durmaq, fiziki və psixoloji baxımdan gümrah qalmaq lazımdır. Müasir böyük şəhərlərdə yaşayan cütlüklərdə sonsuzluq faizinin kənd ərazilərində yaşayanlardan daha yüksək olmasının səbəbi də əslində stresli həyat şəraitidir. Evdə, işdə, küçədə gərginlik, stres və çətinlik içində olan qadın və kişilərdə sonsuzluq hallarına tez-tez rast gəlinir.

Zərərli maddələrdən uzaq duraraq sonsuzluğun qarşısını almaq mümkündür
Həm fiziki, həm də ruhi baxımdan insanları asılı vəziyyətə salan və bədənin metabolizmini, balansını(tarazlığını) pozan siqaret, alkoqol və narkotiklər bir çox xəstəliklərlə yanaşı sonsuzluğa da səbəb olurlar. Xüsusilə nəsilartıma funksiyalarına, kişinin sperma hasilatına, qadının ovulyasiyasına göstərdiyi mənfi təsirlərə görə zərərli maddələr sonsuzluq səbəblərindən biri sayılır. Bu baxımdan söyləmək olar ki, siqaret, alkoqol və narkotiklərin istifadəsindən imtina sonsuzluğun qarşısının alınmasına kömək edəcəkdir.

Sağlam qidalanan insanlarda sonsuzluğun müşahidə olunma faizi daha aşağıdır
Anadan olandan ölümə qədər insanların bütün orqanlarının sağlam işləyib işləməyəcəyi problemi əslində müəyyən dərəcədə qidalanma şərtlərindən asılıdır. Lazım olandan daha az və ya çox yemək mütləq kiçik və ya böyük sağlamlıq probleminə səbəb ola bilər. Buna görə də yetərli və balanslı qidalanma bütün bədən və dolayısı ilə nəsilartıma funksiyaları üçün də həyati əhəmiyyət daşıyır. Kalsium, vitamin, mineral və zülal baxımından zəif qidalanan qadın və kişilərdə sonsuzluğun müşahidə olunma ehtimalının daha yüksək olduğu məlumdur. Bununla bərabər həddindən artıq yağlı, duzlu, hazır, paketlənmiş yeməklər və içkilər qəbul edən insanların da təbii yolla uşaq sahibi olmaqla bağlı çətinliklərlə üzləşdikləri təsbit edilmişdir. Xüsusilə də artıq çəkili və ya əldən düşmüş insanlarda tez-tez sonsuzluğa rast gəlinir.

Müntəzəm olaraq ginekoloji müayinədən keçmək sonsuzluğun qarşısını ala bilər
Xüsusilə qadından qaynaqlanan sonsuzluq problemlərinin çoxunun səbəbi, gecikdirilmiş, gec müəyyən edilmiş xəstəliklərdir. İldə bir dəfə məntəzəm olaraq adi ginekoloji müayinədən keçən qadınlarda əgər bir anomaliyaya rast gəlinərsə, problem inkişaf etməmiş erkən mərhələdə müdaxilə oluna və sonsuzluğun qarşısı alına bilər. Bir çox xəstəliklərin daha çox inkişaf etdikdən sonra simptom vermələrini nəzərə alsaq, onların hər hansı bir şikayətə gətirib çıxarmalarını gözləmək əvəzinə müntəzəm olaraq müayinədən keçmək daha məqsədəuyğundur.

Çox yaş keçmədən hamilə qalmaq lazımdır
Xüsusilə qadınlarda sonsuzluğun əsas səbəblərindən biri qadının yaşlı, 35-40 yaşdan yuxarı olmasıdır. Müəyyən toxum hüceyrəsi ehtiyatı ilə doğulan qadınların vaxt keçdikcə bu toxum hüceyrəsi ehtiyatları sürətlə azalır və xüsusilə 35 yaşdan sonra təbii yollarla hamilə qalmaları çətinləşir. Təhsil, iş, karyeranı seçərək uşaq sahibi olmağı təxirə salan müasir qadınlarda sonsuzluğun tez-tez rast gəlinməsinin səbəblərindən biri də yaşın yuxarı, nəsilartıma funksiyalarının zəifləmiş olmasıdır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 524
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri